Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:59

Salam Sarvan: "Vətən sevgisinin MTN sayağı təbliğinin əleyhinəyəm"


Salam Sarvan: «İçkiyə münasibətim yaxşıdır»
Gözlə

No media source currently available

0:00 0:54:37 0:00
Direct-ə keçid

Salam Sarvan: «İçkiyə münasibətim yaxşıdır»

"Vera Pavlovanın pıçıltıları daha effektlidir, nəinki onun Azərbaycandakı "podruqa"larının bağırtıları”.

"Azərbaycana nifrət etdiyim məqamlar olub"

"Kanadanı çoxdan seçmişəm"

“Azərbaycan haqda yazılmış şeirlərin hamısı zəifdir. Himnimizin mətnindən tutmuş Səməd Vurğunun “Azərbaycan” şeirinə kimi hamısı bədii estetik, keyfiyyət baxımından zəifdir”.

“İçkiyə münasibətim yaxşıdı"

"Mən ziyalı deyiləm"



“Penklub”da şair Salam Sarvan qonağımızdır. PROQRAMI DİNLƏ


- Salam bəy, necəsiz?

- Sağ olun, yaxşıyam.

- Bir ara görünmürdüz, harasa çəkilmişdiz. Səbəb nəydi, depressiya?

- Bu, əvvəla mənim yazı məhsuldarlığımla bağlıydı. Mən çox yaza, tez-tez yaza bilmirəm. 20 ildir ki, yaradıcılıqla məşğulam. Cəmi 200 şeir yazmışam. Bunlar da müxtəlif vaxtlarda yazılıb. 25 yaş civarında ilk kitabım çıxdı və onun içərisində 40 şeirim vardı. 5 ildən sonra ikinci kitabım çıxdı, orda 100-ə qədər şeir vardı. 5 ildən sonra daha bir kitab çıxdı. Bu, təsadüfdür, amma mənim kitablarımın çıxmağı 5 ildən bir olub. Yəqin dediyiniz susqunluq da həmin aralıq vaxta düşüb.

“FACİƏ BİR AZƏRBAYCANLININ ÖZÜNÜ BELORUSDA QƏRİB HİSS ETMƏSİ DEYİL, FACİƏ ÖZÜNÜ VƏTƏNDƏ QƏRİB HİSS ETMƏKDİR”

- Keçək sizin son yazılarınıza, ironik düşüncələr adlandırırsız onları. Yazırsız: “Pobeq iz Şouşenko” filminin qəhrəmanı bütün türmə həyatını “bayıra” lağım atmaq kimi çətin bir işə həsr eləmişdi.

O, bütün türmə həyatını şahmatı öyrənmək kimi “mənasız” bir məşğuliyyətlə keçirmişdi ki, azadlığa çıxanda çempion olsun.

Bunların hər birinin arxasında eyni dərəcədə zəhmət, məşəqqət, sarsıntı dayanır. Sual isə çox sadə: azadlıq özü onun uğrunda bu boyda məhrumiyyətlərə və riskə dəyərmi?” Dəyməzmi?

Salam Sarvan
Salam Sarvan

- Bu, azadlıq haqda yazıçı düşüncələridir. Yazıçı düşüncəsi filosof düşüncəsindən, ekspert düşüncəsindən fərqlidir. “Aldanma ki şair sözü əlbəttə yalandır”. Bu mənada yazıçının ədəbi oyunları, priyomları, manevrləridir. Mən vətəndaş kimi azadlıq haqda o cür düşünmürəm. O yazıçı kimi mənim azadlığa baxışımdır. Bir idmançı ömrü boyu məşq edir ki, olimpiya yarışında finiş xəttinə birinci çatsın. O xətti keçəndən sonra nə olur? Həmin idmançının əvvəlki həyatı davam edir. Yəni əvvəlki həyatına qayıtmaq üçün bir ömür boyu məşq etməyə ehtiyac vardımı? İstənilən hadisəyə yazıçının münasibəti estetik yanaşma olur. Həmin filmin qəhrəmanı bütün həyatı boyu lağım atır ki, azadlığa çıxsın. Bu lağımı da kameradan atır və nəzarətçilər divardakı deşiyi görməsin deyə ora gözəl qadın şəkli asır. Spartak üsyanı mənim üçün nədə maraqlıdır? Heç də ona görə yox ki, azadlıq üçün qan tökdü, azadlığı epizodik də olsa daddı. Mənim üçün maraqlıdır ki, o üsyanın iştirakçıları sonda simmetrik olaraq divara mismarlandılar. Bu simmetriyanın estetikası məni daha çox maraqlandırır.

- Vətəndaş olaraq azadlıq haqda nə düşünürsüz?

- İnsan azadlığa məhkumdur. XXI əsrdə bir insanın və ya bir xalqın azadlıq uğrunda mübarizəsi çox gülməlidir. Yəni bu məsələ çoxdan həll edilməliydi. İnsan dünyaya azad gəlməliydi. Adəm Yer üzünə azad gəlməliydi. Məsələnin başqa tərəfi də var, həyatda, cəmiyyətdə azadlıq mənə absurd görünür. Fərdi azadlıq heç zaman həllini tapmayacaq. Nisbi azadlıqları isə qəbul edirəm. Tutaq ki, bir cəmiyyətin başqa cəmiyyətə münasibətdə azad olmasını, yəni insan haqları, demokratiya baxımından. Avropa ölkələri modeli və Şərq ölkələri modeli var. Ancaq yenə də yazıçı kimi baxanda Avropa ölkələrində də azad olmayan insanlar var. Azad olmayan Şərq ölkələrində də xeyli azad insan var.

- Siz hansı cərgədəsiz?

- Mən özümü azad sayıram.

- 1998-ci ildə sizdən müsahibə götürürdüm. Dediz ki, neynirəm o azadlığı ki, mən o ölkədə azad gəzə bilmirəm. İndi azad gəzə bilirsiz?

- Müəyyən komplekslər var. İndi mən özümü rahat hiss eləmirəm öz vətənimdə... Tənhalıq məsləsi indi geniş yayılıb. Facebookda oturan adamam, gənclər özlərinin tənha obrazlarını yaradırlar. Onlara elə gəlir ki, tənhalıq insanın poetik ovqatıdır, romantik halıdır. Bəzən “tənhayam” deyib fəxr edənlər var. Əslində tənhalıq daha çox sosial-ictimai bir hadisədir. Sosial tənhalıq nədir, insan həbsxanadan çıxıb, amma qohumları qəbul etmir, işə düzələ bilmir. Və ya insan istedadlıdır, mühit ona istedadını gerçəkləşdirməyə imkan vermir. Tənhalığın ən dəhşətli halı mədəni tənhalıqdır. İmmiqrantlar bunu daha çox hiss edirlər. Tutaq ki, bir çinli Azərbaycanda işləyir. Öz mədəniyyətindən, mentatlitetindən qopub, fərqli auraya düşüb, özünü tənha sayır. Faciə bir çinlinin özünü Azərbaycanda və ya bir azərbaycanlının özünü Belorusda mədəni tənha hiss etməsi deyil. Faciə odur ki, insan vətənində özünü tənha hiss edir. Adam düşünür ki, mən axı bu mentalitetin daşıyıcıs deyildim, mən niyə burda yaşamalıydım?

- Bir şeirinizdəki kimi:

Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.


- Həmin hissin yəqin ki, səmimi ifadələrindən biri də odur. Rahat yaşamaq olmur.
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
Düşünürsən ki, mən axı bu dəyərlər sisteminin adamı deyiləm. Ona görə də vətəndə özünü qərib hiss edirsən.

“KANADADA YAŞAMAQ İSTƏRDİM”

- Siz hansı ölkədə yaşamaq istərdiz?

- Kanadada. Bu ölkəni çoxdan seçmişəm.

- Olmusuzmu orda?

- Qətiyyən.

- Bəs niyə Kanada? Çoxları Skandinaviya ölkələrinə üstünlük verərdi.

- Bu, bəsit bir şeylə bağlıdır. Mən qar sevənəm. Kanadanı qar ölkəsi kimi təsəvvür edirəm.

- Skandinaviya ölkələrində də qar olur.

- Bilirsiz, mən niyə Kanadanı sevirəm? Kanada geosiyasi oyunlarda iştirakdan çəkindi. İmperiya təfəkkürünü özündən uzaqlaşdırdı. Hətta Kanadaya birləşmək istəyən ölkələr vardı, bundan da imtina etdi ki, ona artıq ərazi, artıq torpaq lazım deyil. Buna görə də son 15 ildə insan həyatının keyfiyyətinə görə Kanada birinci olub. Bunu BMT rəqəmləri deyir. Üstəgəl də qar. Ona görə də məmnuniyyətlə Kanadada yaşayardım.

- Yəni özünüzü Kanada mentalitetinə yaxın sayırsız və o ölkədə daha azad gəzərdiz... Şeir yaza bilərdizmi Kanadada?

- (pauza) Təbii yazardım.

- O zaman fərqli olardı şeirləriniz?

- Bilmirəm. Yəqin fərqli olardı.

- Yəqin qardan yazardız...

- Qar burda da yağır. Bu qış 10-15 gün qar yağdı. Azərbaycan qar ölkəsi deyil. Ona görə Azərbaycana hətta 6 ay da qar yağsa, qar Azərbaycana yaraşmır. Amma Kanadaya yaraşır.

- Bəzən deyirlər ki, sarsıntılar, məşəqqətlər, problemlər olmayanda yaradıcı adamlar yaza bilmir. Ona görə deyirdim ki, yəqin qardan yazardız, təbiətdən, havadan, sudan...

- O səhv düşüncədir, istedad olmayanda adam yaza bilmir.

- İstəsəz Kanadaya gedə bilərdiz yəqin.

- Çətindir getmək. Müəyyən risk tələb edir.

- Mətbuatın yazdığına görə, Azərbaycandan Kanadaya gedənlərin sayı artıb. Siyasi sığınacaq alanlar var, mühacirət edənlər var...

- Mən proseduru bilmirəm. Amma inanmıram ki, kimsə axşam arzulayıb səhər Kanadaya gedə bilər. Getmək olar, bir həftə, 10 günlük. Turist kimi. Siz axı soruşduz: “Harada yaşamaq istərdiz?”

- İş elə gətirib ki, Azərbaycanda yaşayırsız. Burda Kanada mühitini yaratmaq, Avropa dəyərlərini yaşatmaq üçün bir vətəndaş, bir şair olaraq sizin missiyanız nədir? Bunun üçün hansısa mübarizə aparırsızmı, hansısa iş görürsüzmü? Yoxsa bu, sizin işiniz deyil? Sadəcə, şeirlərinizi yazmaqla kifayətlənirsiz?

- Mən yazı adamıyam. Yazmaqdan başqa əlimdən iş gəlmir. Avropa dəyərləri deyəndə bəzi adamlar qıcıqlanır. Gəlin, Avropa sözünü işlətməyək. İnsanın təbii haqları deyilən anlayış var. İnsanın təbii hüquqlarının təmin olunduğu cəmiyyət istənilən ölkədə yaradıla bilər, eynən də Azərbaycanda. Mən bütün yazılarımda bu xəttin tərəfdarı olmuşam. Bacardığım qədər təbliğ etməyə çalışmışam.

“MƏN ZİYALI DEYİLƏM”

- Azərbaycanda son zamanlar Ziyalılar Forumu yaradılıb və vaxtaşırı tədbirlər keçirir. Cəmiyyətdəki ictimai-siyasi problemlərə etirazlarını bildirirlər. Onların fikirlərini bölüşürsüzmü?

- Mən Azərbaycanda yaranmış, qanunla fəaliyyət göstərən istənilən təşkilatın
tərəfdarıyam. Ziyalıların yaratdığı təşkilatlar isə nə qədər çox olsa, daha yaxşıdır. Amma mən özümü ziyalı saymıram. Mən üstümə ziyalıdan umulacaq çox böyük məsuliyyətin, çox böyük yükün qoyulmasının tərəfdarı deyiləm. Mən qaçıram bundan, ziyalı adından qaçıram, mənim ziyalılığa iddiam yoxdur. Mən şeir yazıram. Düşüncələrimi, hisslərimi də o şeirlərdə yazıram.

- Bəs vətəndaş olaraq missiyanız nədir?

- Vətəndaş kimi əsgəri xidmətdə olmuşam, seçkilər günündə səsvermə məntəqəsinə gedirəm, səs verirəm.

- Bu səslər oğurlanırsa, onun uğrunda mübarizə aparmaq lazımdırmı?

- Əlbəttə lazımdır.

- Aparırsızmı?

- Nə cür, onun mexanizmi mənə aydın deyil. Vətəndaş olaraq mən özümü aktiv insan hesab etmirəm. Əgər mənim səsim oğurlanırsa, etirazımı yazılarımda bildirirəm.

“AZƏRBAYCAN HAQDA YAXŞI ŞEİR YAZMAQ MÜMKÜN DEYİL”

- Sizdən dinləyicimiz soruşur ki, Azərbaycan haqda sevdiyiniz şeir hansıdır? Və maraqlanırlar ki, Azərbaycanı kimə, nəyə bənzədirsiz?

- Azərbaycanı heç nəyə oxşada bilmirəm, Azərbaycan çox unikaldır, orijinaldır. İstər insanlarıyla, istər mental quruluşuyla, istər geosiyasi mövqeyilə, istər təbii sərvətiylə. Çox unikaldır. Ancaq Azərbaycanın bu unikallığı məni narahat edir. Mən istərdim ki, Azərbaycan hansı cəhətləriyləsə nəyəsə, kiməsə oxşasın və hansısa ölkələrəsə, ən azından Kanadaya oxşasın. Qaldı Azərbaycan haqda ən yaxşı şeirə. Azərbaycan haqda yaxşı şeir yazmaq mümkün deyil. Azərbaycan haqda yazılan bütün şeirlər zəifdir, bədii-estetik yükünə görə zəifdir. Himnimizin mətnindən tutmuş Səməd Vurğunun “Azərbaycan” şeirinə kimi hamısı bədii estetik, keyfiyyət baxımından zəifdir. Eyni zamanda Qarabağ haqda yazılan şeirlər pafosdur, şablondur.

- Niyə belə alınır, Salam bəy?

- Vətənbaz olmaq lazım deyil ədəbiyyatda... Bu ola bilsin şüuraltı baş verir, bizim şairlər vətən haqda düşünən kimi, ya kamera görən kimi, ya da qələm alıb yazan kimi şablonlar çulğayır onları, pafos çulğayır. Pafosdan, şablondan qaça bilmirlər. Stalin 30-cu illərdə Azərbaycan ziyalılarının çoxunu xalq düşməni kimi öldürtdü. Stalin səhv edib. Azərbaycanda xalqının düşməni olan yazıçılar olmayıb. Əksinə bizim yazıçılar öz xalqını həddən artıq çox seviblər, bəzilərində bu sevgi freydist olub. Mən çox istərdim ki, Azərbaycanda Şopenhauer kimi, Puşkin kimi öz xalqının düşmənləri olan yazıçılar olsun. Şopenhauer deyirdi ki, mən təpədən dırnağadək alman xalqına nifrət edirəm. Puşkin deyirdi ki, mən rus xalqını sevmirəm, ancaq mənim bu fikrimlə başqa xalqların nümayəndəsi razılaşanda əsəbiləşirəm.

“MƏN VƏTƏN SEVGİSİNİN MTN SAYAĞI TƏBLİĞİNİN ƏLEYHİNƏYƏM”

- Azərbaycan haqda şeir, sizcə, necə yazılmalıydı?

- Çox gerçək. Məsələn, mən yazmışdım ki, mən bu ana torpağı öz üst-başımda yalnız toz-torpaq kimi gördüm. Vəssalam. Çox qısa. Və ya bayaq oxuduğunuz şeir kimi: “Deyirəm qürbətdənəm”.

- Siz necə, Şopenhauer kimi Azərbaycana nifrət edə bilirsizmi?

- Nifrət elədiyim məqamlar olub. Ötəri hisslərdir. Müxtəlif ovqatlarda, müxtəlif müşahidələr nəticəsində. Tutaq ki, metroya minəndə, hansısa cəmiyyət hadisəsində, bir həmvətənlə görüşün nəticəsində, ciddi siyasi hadisədən gələn qənaətin nəticəsində... Mən vətən sevgisinin bu cür MTN sayağı təbliğinin əleyhinəyəm. Düşünmürəm ki, Abbas Səhhət vari söyüş qoymaq lazımdır ki, vətəni sevməyən belə-belə olsun, “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə nə olmaz, nə olmaz...” Düşünmürəm ki, uşağımıza orta məktəbdə deməlisən: “Sən vətəni sevməlisən, sənin vətənə borcun var”. Uşağın üstünə borc qoyurlar, hələ üstəlik tavan da qoyurlar ki, vətənə borcunu vaxtında qaytarmasan bu cür olacaq. MTN sayaq xalq düşməni, vətən xaini axtarmaq, bu cürə vətən sevgisi aşılamaq düz deyil. Mən istəməzdim vətən cəmiyyəti qurmağa cəhd edək, istərdim ki, vətəndaş cəmiyyəti quraq.

“MƏN VERA PAVLOVANI XARİCDƏ OTURUB EROTİK ŞEİRLƏR YAZAN ŞAİRƏMİZLƏ MÜQAYİSƏ ETMİRƏM"

- Salam bəy, “şeir ölür” deyənlər haqlıdırlarmı?

- Şeir insan emosiyaları ilə, Allahla bağlı olduğuna görə, heç vaxt ölməyəcək. Nə qədər insan var, onun emosiyası var, nə qədər Allah var, şeir də olacaq. Getdikcə nəsr kütləviləşir, şeir elitarlaşır.

- Gənclərin şeirlərini oxuyursuzmu?

- İndiki şeirlər bir-birinə çox oxşayırlar. Mən bəzi şairləri tanıyıram. Görürəm ki, həyatda hiss və düşüncələrinə görə tamam fərqlidirlər. Amma yazıda... Səbəbini onda görürəm ki, şeir şablonlarına çox aludə olublar. Sovet dövründə şablonlar hamını necə çulğamışdısa, qadın şairlər də sevgililərinə “gülüm, ceyranım” deyirdilər.

- İndiki şairələrsə daha çox cəsarətləriylə seçilirlər deyəsən...

- Bir var insan kimi istedadlı olasan, bir də var bədii mətn yazmaq istedadı. Bunlar fərqli şeylərdir. Bəzən yanlış qərarlar veririk. Bir nəfər cəsarətli fikir deyibsə, onu istedadlı
hesab edib ədəbiyyata aid edə bilmərik. Vera Pavlova adlı rus şairəsi var. Bir şeirində yazırdı ki, mən liftin divarında 3 hərfli sözü 4 dəfə oxudum. O özünün qadın hisslərini çılpaqlıqdan uzaq, belə ustalıqla yaza bilmişdi. Mən Vera Pavlovanı xaricdə oturub erotik şeirlər yazan şairəmizlə müqayisə etmirəm... Nədənsə bizim kişi yazarlar yazılarındakı intim məqamlarda buxara papaqda görünürlər, qadınlarımız da çadrada. Tipik Şərq komplekslərindən azad ola bilmirlər. O baxımdan düşünürəm ki, qadın azadlığı çarçısı missiyasında Vera Pavlovanın pıçıltıları daha effektlidir, nəinki onun Azərbaycandakı "podruqa"larının bağırtıları.

SALAM SARVAN NOBEL MÜKAFATINI 4 AZƏRBAYCANLI ŞAİR ARASINDA NECƏ BÖLÜŞDÜRDÜ

- Sizə şans verilsəydi, Nobel mükafatını kimə təqdim edərdiz? Şair Vaqif Səmədoğluna, Vaqif Bayatlıya, Ramiz Rövşənə, yoxsa Salam Sarvana? Bu da dinləyici sualıdır.

- Elə bir imkan olsa mükafatı həmin 4 nəfər arasında bölərdim. Ona görə ki, Vaqif Bayatlı Azərbaycan poeziyasına eşq gətirdi, Ramiz Rövşən yeni mərhələ yaratdı, Vaqif Səmədoğlu Azərbaycanın bağıran, qışqıran aurasına şeirləriylə pıçıltı gətirdi.

- Bəs Salam Sarvan nə gətirib?

- Salam Sarvan da nəsə gətirib. İnsafən o Nobel mükafatından ona da pay düşür.

“İÇKİYƏ MÜNAİSBƏTİM YAXŞIDIR”

- Hansı kompleksləriniz var ki, hələ də dəf edə bilmirsiz?

- Var. Amma bu dəqiqə onları sıralaya bilməyəcəm. Nə gizlədim, bir insan kimi özümdən xoşum gəlmir. Bilmirəm. Çatışmayan cəhətlərim çoxdur. Özümü sevmirəm.

- İçkiyə münasibətiniz necədir?

- İçkiyə münasibətim çox yaxşıdır. İçənlərə də münasibətim normaldır. Ancaq nəsə şairlərin adı çıxıb içməkdə. Azərbaycan xalqı səhərdən axşamadək yeyib içməklə məşğuldur. Saat 5-dən sonra restoranlara, kafelərə girmək mümkün deyil. Şair həftədə bir dəfə içir. Mən öz adımdan danışıram. İşləyirəm. İş həftəsiylə içki isə düz gəlmir. Ancaq şənbə günü içirəm, arada toy-düyün, hansısa qaçılmaz tədbirləri isə demirəm.

- Sizinlə bağlı bir söz-söhbət də dolaşır ki, dostlarınız sizə mobil telefon almaqdan yorulublar. Guya belə məclislərdə telefonlarınızı vaxtaşırı itirirsiz.

- Dörd dəfə itirmişəm telefonumu. Amma heç bir dostum da mənə telefon almayıb. Bir dəfə avtobusda, bir dəfə dalaşanda, belə...

- Bu söhbəti bəlkə şeirlə bitirək?

- Məmnuniyyətlə.

Sancıldı köksünə oxun itisi –
hayıf pozdu köynəyinin ütüsün…
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?...

Həkiməm xalatım kəfən, qəm iynəm,
qorxut uşağını Salam əmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə?

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?


- Bir şeirinizdəsə yazmışdız: “Öləsən, bir düşmən sevindirəsən”. Ölməyin, Salam
Sarvan. Yaşayın və yaradın. Sağ olun ki, gəldiz.


- Mən də sizə təşəkkür edirəm.
XS
SM
MD
LG