Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:43

Hacıbala Abutalıbov: «Keçən il 26, bu il 116 ton gül gətirmişik»


Arxiv fotosu
Arxiv fotosu

Mayın 10-da Gül bayramı keçirilən parkda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da iştirak edirdi. Öz nəvəsi ilə gəlmişdi. Jurnaslitlərlə həvəslə danışırdı. Ətrafdakı bayram hazırlıqlarını göstərib fərəhlə sözə başladı:

- Hər yan yaşıllaşacaq, Bakıda güllər insanların sayından çox olacaq. Ona görə edirik ki, qoy xaricdən gələn qonaqlar bilsinlər – burda yaxşıya yaxşı kimi baxırlar, pisdə də yaxşı axtarırlar. Çünki Azərbaycanımızda yaşayanlar yalnız mələkdir. Bu mələklər diyarına xoş gəlmisiniz, qonaqlar! Gəlin, gəzin, görün belə gözəl Bakımız necə gözəldir.


- Hacıbala müəllim, builki Gül bayramı ötən ildə keçiriləndən nə ilə fərqlənir?

- Mənə elə gəlir ki, siz bunu özünüz görməli idiniz. Keçən il 26 ton müxtəlif ölkələrdən gətirilmiş gül gəlmişdi. Keçən il yalnız bizim dizaynerlər işləmişdi. Bu il 116 ton Almaniya, Fransa, İtaliya, Hollandiya, Braziliya və başqa ölkələrdən gətiriləndir. Həm də həmin ölkələrin dizaynerləri də burda iştirak edib. Və beləliklə, dizaynerlərimiz elə etdi ki... Heydər Əliyevmizə məhəbbət yaratdıq ki, bu cür gözəl Gül bayramını, gül kompozisiyasını yarada bilsinlər. Bax, budur fərq.

İkinci fərqi budur ki, keçənilkinə nisbətən builki - böyük bir qayığın üzərində Heydər Əliyevimiz hərəkət edir. Parusdur.. (Yelkən - V.Ə.) Heydər Əliyevmizin güldən bəzədilmiş portreti keçən ilə nisbətən 3 dəfə böyükdür. Həm də bizə baxıb gülür...və əmin olun, mən deyirəm, Heydər Əliyevmizin ruhu bu saat yanımızdadır, sevinir. Bu isə mənim üçün ən böyük şərəfdir!


- Parkdakı kompozisiyalar neçə müddətdə hazırlanıb?

- 1 aydır ki, hazırlayırıq. Amma keçən il sentyabrın 1-dən bu gözəl bayrama hazırlaşırıq. Gələn il isə Heydər Əliyevmizin 90 illiyidir. Gül bayramı təkcə bu parkda olmayacaq. Həmçinin Heydər Əliyevmizin sarayının arxasında bu parkdan 3 dəfə böyük park salınacaq. Gələn ilin mayın 10-da o park da açılacaq və Gül bayramı bundan daha da möhtəşəm olacaq. 90 illiyimizə elə bu gündən hazırlaşırıq. Əmin olun, Azərbaycan xalqı nə qədər xoşbəxt olacaqsa, Heydər Əliyevmizin ruhu bir o qədər də şad olacaq. Gəlin hər birimiz Heydər Əliyevmizin məhəbbətini ürəyimizdə yaşadaq. Elə yaşadaq ki, o dünyaya gedəndə Heydər Əliyevmiz bizi qəbul edə bilsin.

- Heydər Əliyevin 90 illiyinə qədər hazır olacaqmı Qış Bulvarı?

- Yox, Qış Bulvarı yoxdur. Gözəl musiqili fontanlar olan dünyanın ən gözəl bir parkı açılacaq.

- Bəs sənədlərdə adı "Qış Bulvarı" kimi təqdim olunur?

- Sənəd, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamıdır. Orda isə yazılıb: "gözəl istirahət parkı".

- Amma Sizin imzanızla olan sərəncam var ki, orda həmin ərazi "Qış Bulvarı" kimi təqdim edilib. Ola bilər ki, dəyişilib adı?

- Yox. Gözəl istirahət bağ-park kompleksi olacaq. Aşağısında isə ikimərtəbəli, gözəl avtodayanacaq olacaq. Ora 4500 maşın yerləşəcək.

- Söküntülər davam edir, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələrinin arasındakı ərazi də həmin parka aid olacaq?

- Əlbətdə! Bu park, böyük bir parkdır. Bu park 7,5 hektar ərazini tutur. Əmin olun, bir neçə il keçəcək, bu birmərtəbəli, demək olar ki çox acınacaqlı evlər hamısı söküləcək. Insanlarımıza hər kvadrat metrinə 1500 manat və ya təmir olunmuş mənzillər təqdim olunacaq. Əmin ola bilərsiz.

- 1500 manatdan narazı olan insanlar da var...

- Sözsüz ki, 1500 manatdan narazı olan insanlara onların yaşadığı mənzillərin üzərinə 20 faiz əlavə sahə gəlməklə, yeni, təmir edilmiş mənzil verə bilərik.

- Mənzillər harda verilir?

- Bakı şəhərində..

- Hansı binalarda?

- Yeni mənzillər. Bu saat yeni mənzillər tikilir. Baxın, hər tərəfdə yeni mənzillərimiz var. Amma biri deyir ki, dəniz kənarında olmalıdır, biri deyir ki Heydər Əliyevmizin parkının yanında olmalıdır. Bir şeyi başa düşmək lazımdır, Bakının hər bir nöqtəsi mənə əzizdir, bakılılarımıza əzizdir.

- Siz mənzilləri harda təklif edirsiz?

- Biz hər yerdə təklif edirik. Bax, Yasamalda, Səbaildə, Xətaidə, Nizami rayonunda təklif edirik. Yəni var, amma bilirsiz də, çox verəndə, daha çox istəyirik.

- Sakinlərin dediklərinə görə, mənzillər daha çox “AZİNKO”nun tikdiyi binalarda verilir..

- Yox, elə deyil...mən yenə deyirəm, çoxu burda yeni binalarda mənzil almaq istəmirlər. Deyirlər ki, pulu verin bizə, elə qonşu küçədə, məsələn, Vidadi küçəsi, kvadrat metri 700 manat olan ev var, onu alaq. Veririk, əlavə pul veririk. Burda problemimiz yoxdur. Amma 1500 manat təmiz verilir – bura notarius, vergi pulu, Əmlak Komitəsindən 1 nömrəli arayışın alınması daxil deyil. O pullar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmiz verilir.

- Sakinlər deyir ki, onlara məhz “AZİNKO”nun tikdiyi binalarda mənzil verilir. “AZİNKO” necə oldu ki seçildi, Hacıbala müəllim?

- Tək “AZİNKO”nun binasından verilmir. Sahibkarlar (yeni binaların - V.Ə.) – kim ki BŞİH-ə müraciət edib, ən çox kvadrat metri 700 manatdan olan binaları götürürük. Ora vergini gəlirik, bir də təmir pulunu. Biz 1500 manatı təmiz ödəyirik.

- Necə seçirsiz sahibkarları?

- Biz seçmirik, insanların özü seçir. Biz deyirik 5 dənə yerdə var, gedin seçin. Harda istəyirsiz, hansı cür təmir etmək istəyirsiz, ya təmir pulunu verək, özünüz edin.

- İnsanlar deyir ki, “AZİNKO”nun tikdiyi binalara məcburi köçürülüblər.

- Mən deyim, olar? Bir nəfər, əsasən, sizlərdən (kimi nəzərdə tutduğunu dəqiqləşdirmir - V.Ə.) çox canfəşanlıq edir. Xüsusən də Zamin Bankın ərazisində yerləşən 3 sakin. Onlara mən dedim, gəlin sizə öz mənzilinizdən iki dəfə çox mənzil verim. Dedilər, istəmirəm, pul verin. Pul verdik. Dedilər indi bizə mənzil axtarın. Üçotaqlı mənzilə verdiyimiz pula həmin Zamin Bankın yanındakı doqquzmərtəbəlidə bir dördotaqlı və bir dənə də üçotaqlı mənzil aldı.

Bilin, 1 üçotaqlı mənzilin yerinə 1 dördotaqlı, 1 dənə də üçotaqlı (mənzil - V.Ə.) alıb. Və deyir ki, əlavə bir dənə də üçotaq lazımdır. Belə olmazdı ki...

- Bəs niyə narazı olanlara bu cür güzəşt olunur? Olmazmı ki bazar qiymətlərinə uyğun hamısı razı salınsın?

- 99 faizi narazı deyil. Amma təəssüf ki, narazı olan var. Yenə də deyirəm, biz bazar qiymətinə uyğun pulu veririk. Dövlətin qiymətqoyma komissiyası var. Əmlak Komitəsi, Maliyyə Nazirliyi bu ərazidə hər kvadrat sahəyə 1500 manat qiymət müəyyən edib. Biz də həmin o qiymətə uyğun pulu veririk. Biz əlavə özümüzdən qiymət müəyyənləşdirmirik.

- Füzuli və Şəmsi Bədəlbəyli küçələrindən köçürülənlər, habelə GEN MMC, MURAY MMC və sair tikinti şirkətlərindən narazı vətəndaşlar dəfələrlə BŞİH-nin qarşısında aksiya keçiriblər. Onlara cavabınız nə olub?

- Sizə dediyim cavabı vermişəm. Mən dedim, xanım, sizin sualınız başqa yerdən gəlir. İcazə verin, siz saraydan deyirsiz. Amma indi danışırsız “Muray”dan. “Muray”dan bir nəfər də şikayətçi yoxdur. Hamısına mənzil verilib.

- Bəs GEN MMC?

- Mən dedim. GEN MMC, bir daha deyirəm, onların əlində BŞİH-nin sərəncamı yoxdur. Onları adi bir vətəndaş, oğru aldadıb. Burda dövlətin heç bir günahı yoxdur. Heç bir zaman pulu sərəncamı olmayan insana verməzlər. Buna əmin olun. Bir daha deyirəm, tam təmir olunmuş, dövlət komissiyası tərəfindən qəbul olunmuş, binalardan mənzil ala bilərlər. Əgər bina, hətta sərəncamı varsa, tikintiyə icazəsi varsa belə, dövlət komissiyasından qəbul olunmayıbsa, o binadan mənzil almaq, cinayətdir. Buna əmin ola bilərsiz.

XS
SM
MD
LG