Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

İran-Azərbaycan münasibətlərindəki gərginlik nəyi dəyişə bilər?


Mahmud Ahmadinejad və İlham Əliyev, 2009
Mahmud Ahmadinejad və İlham Əliyev, 2009
12 gündür barələrində heç bir rəsmi məlumat verilməyən azərbaycanlı şairlər Şəhriyar del Gerani və Fərid Hüseynlə bağlı məsələ artıq siyasi dairələrdə İran-Azərbaycan münasibətlərinin nəticəsi kimi dəyərləndirilir.

DÖVLƏTİN İŞƏ QARIŞMASI

Gənclərin İranda həbsi barədə heç bir rəsmi açıqlama olmasa da, Şəhriyarın atası Mail Hacızadə ümid edir ki, oğlu yaxın günlərdə evə dönəcək. Deyir, artıq məsələyə dövlət qarışıb və bu, onu bir az arxayınlaşdırıb:

«Çox darıxıram oğlumdan ötrü. Amma inanclı adam olmağım bir az kömək edir. Məsələ ilə dövlət məşğul olduğu üçün yəqin ki, uşaqlar tezliklə evə dönərlər».

Mail Hacızadə məsələyə dövlətin qarışdığını və oğlunun tezliklə evə qayıdacağını televizordan eşitdiyini bildirir. Yəni, ona hər hansı dövlət qurumu tərəfindən rəsmi heç bir açıqlama verilməyib.

İranın Bakıdakı səfirinin köməkçisi Babək Mustafazadə isə AzadlıqRadiosuna bildirib ki, bu məsələ ilə Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi məşğul olur. Konkret məlumatları da yəqin ki, onlar bilər:

«O HADİSƏ İRANDA BAŞ VERİB»

«O hadisə İranda baş verib. Ona görə bizdə bir məlumat yoxdur. Mətbuat katibimizin də dediyi kimi, rəsmi məlumat olsa, bu barədə onu rəsmən elan edəcəyik».

Səfirin köməkçisi hadisənin nə səbəbdən baş verdiyi barədə də heç nə bilmir.

Azərbaycanın İrandakı baş konsulluğunun məsələyə aydınlıq gətirilməsi üçün bu ölkənin müvafiq qurumlarına müraciət etdiyini deyən XİN mətbuat katibi Elman Abdullayev isə Tehrandan hələ də cavab almadıqlarını bildirir.

«Hələ ki, bir cavab yoxdur. İrandakı baş konsulluqdan cavab gözləyirik».

İki Azərbaycan vətəndaşının 12 gündür İranda həbsdə saxlanılması və bu barədə rəsmi müraciətə belə cavab verilməməsi, bəzi ekspertlərin fikrincə, son hadisələrin fonunda heç də təsadüfə oxşamır.

SON BİR HƏFTƏNİN İNSİDENTLƏRİ
İran səfirliyi qarşısında etiraz aksiyası, 11 may 2012
İran səfirliyi qarşısında etiraz aksiyası, 11 may 2012

Mayın 8-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib. İranlı gənclərin, eləcə də hicab tərəfdarı olan qadınların da fəal iştirak etdiyi aksiyada «Eurovision 2012» mahnı müsabiqəsinin Bakıda keçirilməsi pislənib, Azərbaycan hakimiyyətinə qarşı şüarlar səslənib.

Bu hadisədən az sonra Qafqaz Müsəlmanları İdarəsi həmin aksiyanı və ümumiyyətlə İrandan Azərbaycana yönələn təhdidləri pisləyən bəyanat yayıb.

Mayın 11-də isə BDU-nun tələbələri olduqlarını bildirən yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək «İrana ar olsun!», «İslam belə olmur!», «İranda 35 milyon azərbaycanlının hüquqları pozulur!» və s. şüarlar səsləndiriblər. Onlar əllərində «Şuşanı ermənilərə İran hakimiyyəti satıb», «Homoseksual İran mollarına Azərbaycanda yer yoxdur» kimi şüarlar yazılmış plakatlar tutublar.

Bundan sonra Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov aksiyanı təqdir edib. Gənclərin etirazını haqlı sayıb.

Artıq İrandan yayılan yeni xəbərlərə görə, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yeni etiraz aksiyası keçiriləcək.

Bəzi siyasi ekspertlər hesab edirlər ki, bütün bunlar İran-Azərbaycan münasibətlərinin gərginləşməsi prosesinin intensiv davamıdır.

AZƏRBAYCANI TƏXRİBATA ÇƏKMƏK

«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, şairlərin qonşu ölkədə həbsi İranın Azərbaycanla münasibətləri gərginləşdirmək cəhdlərinin tərkib hissəsidir.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
İndiki vəziyyətində qonşularla münasibətləri qorumalı olan İran, Elxan Şahinoğlunun fikrincə, yenə də Türkiyə ilə Azərbaycanı təxribata çəkməkdə davam edir:

«Təbrizdəki mitinq, «Eurovision» əleyhinə kampaniya, iki şairimizin həbs olunması Azərbaycanı təxribata çəkməkdir. Artıq Azərbaycan hakimiyyəti də İrana adekvat cavab verməyə başlayıb. Əvvəlkilərdən fərqli olaraq İran səfirliyi qarşısında keçirilən budəfəki aksiya zamanı polis nəqliyyatın yolunu kəsərək aksiyaya yardım etdi. Artıq bu, həmin o aksiyaya hakimiyyətin dəstəyi idi. Azərbaycan hakimiyyəti artıq geri çəkilmir və İran hakimiyyətinin başa düşdüyü dildə ona cavab verir. Düşünürəm ki, İran geri çəkilməsə, münasibətlər daha da pisləşəcək».

Elxan Şahinoğlu düşünür ki, İran bu hərəkətlərindən yaxşı heç nə qazanmayacaq.
Onun fikrincə, belə davam etsə, hadisələr Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun proqnozunun əksinə inkişaf edəcək. Yəni, Azərbaycan Qərblə, Avropa Birliyi ilə və İsraillə daha sıx əməkdaşlıq edəcək. Və rəsmi Bakını buna Tehran məcbur etmiş olacaq.

Novruz Məmmədov bu günlər Bloomberg agentliyinə deyib ki, «Azərbaycan xüsusən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha çox dəstək almazsa, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və «yeni blok»a daxil ola bilər».
XS
SM
MD
LG