Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:48

Avropa Komissiyası: «2011-ci il antikorrupsiya kampaniyasının təsiri kiçik oldu» [Davamı]


İQTİSADİ VƏ SOSİAL İSLAHATLAR

– Azərbaycanın neft iqtisadiyyatının böhran ərəfəsində yaratdığı sürətli inkişafdan sonra 2011-ci ildə real ÜDM demək olar ki, dayanıb (+0.1%). Hökumət xərcləmələrinin artması və beynəlxalq ərzaq qiymətlərinin yüksək həddi 2011-ci ildə inflyasiyanı 8.1%-ə qaldırıb. 2010-cu ildə inflyasiya 5.7% olub.
– İqtisadi tempin azalmasına baxmayaraq, Azərbaycan Fəaliyyət Planının müvafiq öhdəliklərinə əməl etmək yönündə irəliləyiş edib – makroiqtisadi sabitlik saxlanıb, yoxsulluq azalıb, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər görülüb.
– Ancaq qeyri-neft iqtisadiyyatında güclü artımın səbəbi özəl sektorun öz hesabına inkişafı deyil, neftdən maliyyələşən ictimai xərcləmələr hesabına baş verib. Özəl sektorun inkişafına təkan vermək üçün gələcəkdə qətiyyətli struktur islahatları lazımdır, bu, iqtisadi idarəçiliyin təkmilləşdirilməsi və rəqabətliliyin yaradılması hesabına edilə bilər.
– Qeydiyyata alınmış işsizlik işçi qüvvəsinin 1%-i səviyyəsində göstərilir, ancaq real işsizlik səviyyəsi yüksəkdir (5.5% həddində göstərilir). İyunda Azərbaycan Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramının icrasına dair Fəaliyyət Planını (2011-2015) qəbul edib.

TİCARƏTLƏ BAĞLI MƏSƏLƏLƏR, BAZAR VƏ TƏNZİMLƏYİCİ İSLAHATLAR

– 2010-cu illə müqayisədə AB-nin Azərbaycandan idxalı 52.2% artıb, AB-nin Azərbaycana ixracı isə 22% artıb. Ancaq Azərbaycanın ixracının şaxələndirilməsi sahəsində heç bir irəliləyiş olmayıb. AB-nin Azərbaycanda idxalının 99.5%-ni yanacaq və sənaye məhsulları təşkil edib.
– Azərbaycan ÜTT-yə üzvlük istiqamətində çox məhdud irəliləyiş qazanıb. Bu üzvlük DHAT danışıqlarının başlanması üçün birinci ilkin şərtdir.
– Azərbaycan 2011-ci ildə AB-nin ümumiləşdirilmiş preferensiyalar sistemi (GSP) çərçivəsində GSP+dan yararlanmağa davam edib, ancaq əsas əmək standartlarına dair konvensiyalara əməl etmək üçün əlavə addımlar atmalıdır. Həmin konvensiyalar imtiyazlı münasibətin və GSP+ dan istifadə həddini artırmağın əsasını təşkil edir.
– Azərbaycan məhsulların azad dövriyyəsi və texniki qaydalar üzrə bəzi irəliləyiş qazanıb, xüsusilə də enerji və ərzaq məhsulları üzrə beynəlxalq standartların qəbulu üzrə. Biznes mühiti, özəl fəaliyyətə başlamaq hüquqi və şirkətlər qanunu sahələrində yaxşılaşma olmayıb.

ƏDLİYYƏ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK ƏMƏKDAŞLIĞI

– Azərbaycanın hələ də bitkin Vahid Sərhəd İdarəçiliyi Strategiyası yoxdur. Azərbaycan və FRONTEX arasında İşçi Razılaşmanın bağlanması üzrə danışıqlar davam edib.
– AB-nin Miqrasiya Missiyası iyunda Azərbaycana səfər edib, miqrasiya məsələlərinə dair hərtərəfli fikir mübadiləsi aparılıb. Viza qaydalarının sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqlar 2012-ci ilin martında başlanıb.
İnsan alveri ilə mübarizə sahəsində irəliləyiş qeydə alınıb. Bu iş 2009-2013-cü illər üzrə Milli Fəaliyyət Planı çərçivəsində aparılıb. Çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində Azərbaycan iyulda Egmont qrupuna daxil olub. Birinci AB-Azərbaycan Narkotik Vasitələr üzrə Dialoq sentyabrda baş tutub.

NƏQLİYYAT, ENERJİ, İNFORMASİYA CƏMİYYƏTİ, TƏHQİQAT VƏ İNKİŞAF

Nəqliyyat: Azərbaycan yol infrastrukturunun yaxşılaşdırılması və dəmiryollarının bərpasına diqqət yönəltməyə davam edib. Beynəlxalq Dəmiryol Daşımaları üzrə Hökumətlərarası Təşkilat Konvensiyasına qoşulmaq üçün ilk addımlarını atıb.
Strateji enerji tərəfdaşlığı üzrə Anlaşma Memorandumuna uyğun olaraq, Azərbaycan və AB əməkdaşlığı gücləndirib, xüsusilə də strateji Cənubi Qaz Dəhlizinin inkişafı istiqamətində. Avropa Komissiyasının prezidenti Barroso və Azərbaycan prezidenti Əliyev bu dəhlizin yaradılması üçün Birgə Bəyannamə imzalayıblar. Azərbaycan Mədən Sənayesi Şəffaflıq Təşəbbüsünə dair öhdəliyini də təsdiqləyib.
İqlim dəyişikliyi: Azərbaycan İkinci Milli Kommunikasiyanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına təqdim edib.
Ətraf mühit: Xəzər Dənizində Ətraf Mühitin Qorunması üzrə Çərçivə Konvensiyasının digər tərəfləri ilə birlikdə Azərbaycan Konvensiyanın neft çirklənməsi insidentləri ilə mübarizəyə hazırlıq, reaksiya və əməkdaşlığa dair Protokolunu imzalayıb.
Təhqiqat və innovasiya: Azərbaycan 7-ci Çərçivə Proqramında iştirakını artırmaqda davam edib, ancaq müraciət edənlərin sayı az olaraq qalır (13 layihə).

İNSANLAR ARASINDA MÜNASiBƏTLƏR, TƏHSİL VƏ SƏHİYYƏ

Təhsil: 2021-ci ilədək yeni təhsil inkişafı strategiyası hazırlamaq üçün iyulda komissiya yaradılıb. Ali təhsil sahəsində islahatlar AB-Azərbaycan əməkdaşlığından yararlanıb.
Mədəniyyət: Azərbaycan 2011-ci ilin ortalarında Azərbaycan Gəncliyinə dair 2011-2015-ci illər üzrə Dövlət Proqramı qəbul edib. Gənclər təşkilatlarına Fəaliyyətdə olan Gənclik proqramı çərçivəsində mübadilə imkanları yaradılıb.
Səhiyyə: Azərbaycan bu sektorda islahatlar aparıb, səhiyyə müəssisələrini yenidən qurub, bərpa edib, psixoloji sağlamlığa dair milli strategiya qəbul edib.

Avropa Qonşuluq Siyasəti AB və Azərbaycan arasında münasibətləri tənzimləyir. 2009-cu ildən bəri AB Şərq Tərəfdaşlığını həyata keçirir. Bu proqram Avropa Qonşuluq Siyasətinin Şərq genişlənməsini nəzərdə tutur, məqsəd altı Şərq qonşu dövləti ilə əlaqələri davamlı olaraq inkişaf etdirməkdir.
XS
SM
MD
LG