Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:42

MTN-in anti-terror əməliyyatları nə üçün artıb?


Arxiv foto
Arxiv foto
Milli Təhlükəsizlik Nazirliyinin mayın 16-da Bakıda keçirdiyi əməliyyat nəticəsində 1 nəfər öldürülüb. Nazirlik onun terrorçu olduğunu iddia edir. Əməliyyat gecə saat 11 radələrində metronun «Qara Qarayev» stansiyası yaxınlığındakı beşmərtəbəli binaların birində keçirib.

Ərazidə yaşayan sakinlərin dediyinə görə, əməliyyat zamanı silahlı toqquşma baş verib. Güc strukturları ərazini bir neçə saat mühasirədə saxlayıb.

MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir, antiterror əməliyyatları davam etdirilir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl da deyir ki, Azərbaycan istər milli, istərsə də dini zəmində beynəlxalq terrorizmin hədəfində olan ölkədir:

«BU ƏMƏLİYYATLAR ÇOX HAY-KÜYLÜ HƏYATA KEÇİRİLİR»

«Ölkə bu və digər şəkildə hədəfdədir. Həqiqətən Azərbaycanda dini qruplaşmalar var və bu qruplaşmaların radikal terrorçu hərəkətlər etməsi zaman-zaman görünüb, sübut olunub. Bəziləri zərərsizləşdirilib, bəziləri yox. Sadəcə olaraq son vaxtlar burda xoşagəlməz tendensiya var. Bu əməliyyatlar çox hay-küylü həyata keçirilir. Əməliyyatlar binalarda keçirilirsə, müxtəlif metodlar var ki, bu sakitliklə keçirilsin.
İlham İsmayıl
İlham İsmayıl
Həmin adamların zərərsizləşdirilməsi üçün müxtəlif metodlar var, nəinki əməliyyatın ölümlə nəticələnməsi. Artıq bundan əvvəl Gəncədə də ölüm olmuşdu».

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, bu əməliyyatların arxasında müəyyən siyasi məqsədlər də dayanır:

«BAXIN, BİZDƏ İSLAM TƏHLÜKƏSİ VAR»

«İndi Azərbaycan öz daxili siyasətinə görə intensiv şəkildə tənqid olunur. Bütün bunlar Qərbə nümayiş etdirməkdir ki, baxın, bizdə İslam təhlükəsi var. Siz isə bizi insan haqları, demokratik dəyərlərlə bağlı sıxırsınız. Ümumiyyətlə, Azərbaycanda terror təhlükəsi ilə bağlı bütün bu tipli əməliyyatların arxasında həmişə olmasa da, bir çox hallarda məhz siyasi məqsədlər dayanır».

Bəs Bakı sakinləri keçirilən əməliyyatlar haqqında nə düşünür.

«OD OLMAYAN YERDƏN TÜSTÜ ÇIXMAZ»

Ceyhun Mehdiyev: «Təxribat xarakterli hərəkətlər edən müəyyən qruplar var. Əlbəttə, hüquq-mühafizə orqanları bunun qarşısını
Foto: Arxiv
Foto: Arxiv
almalıdır və alınır».

Rail Rəhimov: «Son vaxtlar bu cür əməliyyatlar haqda tez-tez eşidirik. Deyirlər ölənlər var. Müsəlman dini altında belə oyunlar gedirsə, demək, bu oyunlara kənardan bir təkan verənlər var».

Malik Əliyev: «Od olmayan yerdən tüstü çıxmaz. Yoxsa niyə məni, onu yox, onları tuturlar».

Tərlan Zeynalov: «Bu, qıcıqlandırmaya gətirib çıxara bilər. Güdmək, düşünmək ki, ondan mənə təhlükə gələ bilər, bu, yaxşı bir şey deyil. Adamları dininə görə təqib etmək olmaz. O da var ki, əlində qranat olan adama qarşı mübarizə aparılmalıdır».

Əjdər Salmanov: «Bunlar quraşdırma oyundur. Kiminsə evinə girirlər, silah-sursat tapırlar. Məncə, ölkədə terror təhlükəsi yoxdur».

Milli təhlükəsizlik qüvvələri bir müddət əvvəl Gəncədə, Zaqatalada və ölkənin daha bir neçə rayonunda oxşar əməliyyatlar keçirmişdi. Gəncədə keçirilən əməliyyat zamanı bir qrup şəxslə MTN əməkdaşları arasında silahlı qarşıdurma olmuşdu. Hadisə vaxtı bir zabit və bir silahlı şəxs həlak olmuşdu.
XS
SM
MD
LG