Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:52

Təbrizdə artıq 2-3 adamın bir yerdə durmasına izn verilmir...


Foto: Arxiv
Foto: Arxiv
Mayın 21-də İranın azərbaycanlılar yaşayan bir neçə şəhərində - Təbriz, Urmiya, Miyana və Mərənddə etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları hökumətdən tələb ediblər ki, Urmu gölünün qurumasına çarə qılsın.

«URMİYADA ƏN AZI 100 ADAM SAXLANIB»

Aksiyaçılardan saxlananlar var. Ən çox saxlananın Urmiyada olduğu deyilir. Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Yaşar Hakkakpur danışıb:

- Şahidlərdən aldığımız məlumata görə, həbs olunanları bir neçə avtobusa doldurublar. Bu aksiyada Urmiyada azı 100 adam saxlanıb. Ayrıca Təbrizdə də etirazlar olub. Düzdür, İran rəsmiləri şəhəri nəzarət altına alıblar. Orda bir neçə fəal saxlanıb. Əkbər Məhaciri, onun bir yoldaşı və bir qədər əvvəl azərbaycanşünas xanım Türgü tutulmuşdu. Keçən günlərdə «Şəms Təbriz» qəzetinin redaktoru Əli Hamid İman da tutulmuşdu. Azərbaycanlıların azad mitinq haqqı İranda verilmir.

İrandakı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Assosiasiyasının rəsmisi Vahid Qaradağlı isə deyir ki, həbs olunanlar arasında Əfsanə Toğhir, hüquq müdafiəçisi Əkbər Muhacir, Həsən Mirzəxani və Məhəmməd İskəndərzadə də var.

BBC-nin məlumatına görə, İran rəsmiləri hadisələr zamanı 60 adam saxlandığını bildirirlər.

Yaşar Hakkakpur deyir ki, İran güc strukturları aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, dəyənəkdən və rezin güllələrdən istifadə edib.



«MİLLƏTİ VURURDULAR»

Urmiya sakini Hüseyn isə (ad şərtidir – Ş.B) mayın 21-də baş verənləri belə nəql edir:

- Urmiyada elan olunmamış hökumət nizamı qurulmuşdu. Milləti vururdular, onlarla adam tutuldu.

Hüseyn danışır ki, etirazçıların sayı yüzlərlə olub. Amma aksiyanı dağıdan polislərin də sayı elə bir o qədər olub. Hüseyn Təbrizdə çoxsaylı həbslərin aparıldığını da deyir.

Təbrizdə gecə saat 10:30-dək 40 metr məhəlləsində evlərə basqınlar ediblər. Camaatın qapılarını sındırıb çıxarıblar.
Tabrizdə aksiya, 21 may 2012
Tabrizdə aksiya, 21 may 2012
Təbrizdə jurnalist Əhmədianın tutulduğu xəbəri gəlib, Novruz Qadiri, Mustafa Əvəzpur tutulub.

SON 6 İLDƏ EDİLƏN ETİRAZLAR

Yaşar Hakkakpur deyir ki, bu aksiyalar son 6 ildə hər il mayın 22-də keçirilir. Onlar hər il dövlətin milli-irqi ayrı-seçkiliyinə etiraz edirlər. Son 2 ildə isə onlar həm də Urmu gölünün qurumasını gündəmə gətirirlər. Amma getdikcə bu çətinləşir:

- Urmu gölü də dövlətin siyasəti nəticəsində qurudulur. Buna qarşı etirazlar düzənləndi. Marağada, Mərənddə, Təbrizdə, Urmiyada, Xoyda bildiriş yayılmışdı, millətdən xahiş olunmuşdu ki, eşiyə çıxsınlar, etirazlarını nümayiş etdirsinlər. Ancaq ötən günlərdə etirazları yatırtmaq üçün özəl polisi, çevik qüvvəti şəhərlərə tökmüşdülər. Şəhər mərkəzlərində 2-3 nəfərdən artıq adamın bir yerdə durmasına izn vermirdilər.

Hüseyn də deyir ki, Urmu gölünün qurudulmasını hökumət özü istəyir.
Urmu gölü
Urmu gölü

- İstəyir ki, 14 milyon türkü burdan köçürdə. Buna görə millət etirazını bildirir.

Etiraz aksiyalarının mayın 24-də də davam edəcəyi gözlənir.

BBC yazır ki, İran parlamenti Urmu gölünün təcili xilası ilə bağlı qanun layihəsini ötən ay qəbul etməyib. Həmin layihədə Arazdan gölə su vurulması təklif olunurdu.

Ekoloqlar isə deyirlər ki, yaxın 2-3 ildə ölçü götürülməsə, göl quruya bilər. Bu da gölün yerində milyardlarla ton duz yığınına və bu göl yaxınlığında yaşayan azərbaycanlıların köçürülməsinə səbəb olacaq.
XS
SM
MD
LG