Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Avropa Parlamenti Bakını ifadə azadlığını məhdudlaşdırmağa dərhal son qoymağa çağırır


Arxiv foto: Müxalifət fəallarının Bakıda keçirdikləri etiraz aksiyalarından biri.
Arxiv foto: Müxalifət fəallarının Bakıda keçirdikləri etiraz aksiyalarından biri.
-

Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib.

Mayın 24-də qəbul olunmuş qətnamədə Azərbaycan hökuməti ifadə və birləşmə azadlığının məhdudlaşdırılması üçün tətbiq etdiyi bütün addımları dərhal dayandırmağa çağırılır. “Dinc etiraz aksiyalarına imkan verilməlidir” – deyə qeyd olunan sənəddə həmçinin jurnalist İdrak Abbasovun döyülməsi, başqa bir jurnalist Xədicə İsmayılovaya qarşı “şantaj və təhdid kampaniyası” pislənir.

Avropa Parlamenti hazırda həbsdə saxlanan 6 jurnalistin dərhal azadlığa buraxılmasına da çağırır.

Eurovision-2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsinə toxunan sənəddə bu yarışmaya görə insanların evlərindən zorla çıxarılmaları, onların mülkiyyət hüquqlarının pozulmasından da narahat olduğunu bildirir.

Sənəddə həmçinin radikal islamçı qrupların Eurovision-2012 mahnı yarışı iştirakçıları və tamaşaçılara qarşı səsləndirdikləri təhdidləri də pislənir.

Mayın 24-də ABŞ Dövlət Departamenti, Amnesty İnternational da ölkədə insan haqlarının vəziyyətinə görə Azərbaycan hakimiyyətini tənqid edən hesabatlar yayıblar.

Bakıda isə rəsmilər belə tənqidləri rədd edirlər. Prezident Administrasiyasında İctimai-Siyasi şöbənin müdiri Əli Həsənov Eurovision-2012 mahnı yarışının Bakıda keçirildiyi günlərdə belə tənqidlərin çoxalmasını Azərbaycanın beynəlxlaq nüfuzunu ləkələmək cəhdi kimi qiymətləndirib.
XS
SM
MD
LG