Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:00

Şairlərlə əlaqədar İrana 3-cü nota verilib


İran bayrağı
İran bayrağı
İran səfirliyinin mayın 29-da yaydığı məlumata görə, Azərbaycan bu ölkənin yüksək rütbəli şəxsinin ölkəyə daxil olmasına icazə verməyib. Özü də həmin şəxs İranın Ali dini lideri Ali Khamenei'nin nümayəndəsi Farid Asrin olub. Səfirlik təəssüflə bildirir ki, onu qeyri-diplomatik davranışla birbaşa Heydər Əliyev Hava Limanından geri qaytarıblar.

Elə həmin gün Azərbaycan İranda yoxa çıxmış iki azərbaycanlı şairlə bağlı bu ölkəyə ikinci nota verib. Rəsmi Bakı Tehrandan şairlərin harada olmasına aydınlıq gətirilməsini istəyib.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mayın 30-da keçirdiyi mətbuat konfransında deyib ki, İran ali dini liderinin nümayəndəsinin geri qaytarılması barədə deyilənləri təkzib etmir. Amma bununla belə yalnız onu bildirir ki, geri qaytarılma prosesi Azərbaycan qanunlarına uyğun şəkildə həyata keçirilib:

«İran vətəndaşının-yəni nümayəndənin hava limanından geri qaytarılması məsələsinə dair qısaca onu bildirirəm ki, bu proses Azərbaycanın qanunvericiliyi çərçivəsində həyata keçirilib. Həmin şəxs qanunvericilikdə təsbit edilmiş müddəalara uyğun olaraq geri qaytarılıb».

Gənc şairlərlə bağlı verilmiş notaya gəlincə, XİN sözçüsü bildirir ki, bu məsələ ilə əlaqədar İran tərəfə artıq 3-cü nota da verilib. Yəni, Azərbaycan XİN mayın 30-da İranın Bakıdakı səfirliyinə daha bir nota təqdim edib. Elman Abdullayev deyir ki, notanın cavablandırılmaması konsulluq münasibətləri haqqında Vyana konvensiyasının müddəalarına uyğun deyil. Bu cür hallar iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər. Ona gərə də nota cavablandırılmalıdır. Azərbaycan İrandan cavab gözləyir və ümid edir ki, yaxın müddətdə belə bir cavab olacaq.

«İRAN ÖZÜ TƏXRİBATA GEDİR»

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, artıq Azərbaycan İranla yumşaq danışmağın heç bir mənası olmadığı qənaətindədir. Çünki bu illər ərzində nə qədər mülayim davransa da, İrandan təhdidlərin azalmadığını görür. Onun fikrincə, Azərbaycanla İran arasında mövcud olan bu gərginlik sərhəddə silahlı qarşıdurma həddinə qədər gedib çıxa bilər. Bunun səbəbkarı da İran olacaq.

Elxan Şahinoğlu düşünür ki, Farid Asrin'in Azərbaycana buraxılmamasının da günahkarı məhz İrandır. Əks halda, Azərbaycanla münasibətlərin gərgin olduğu belə bir dövrdə sayğısızlıq edib məsləhətləşmədən Bakıya nümayəndə göndərməzdi.

Politoloq deyir ki, İran bu hərəkəti ilə Azərbaycanı təxribata çəkir:

«İran özü təxribata gedir. Bilirlər ki, indiki gərgin şəraitdə Azərbaycan hakimiyyəti adekvat addımlar ata bilər. Sanki özləri də maraqlıdır ki, dini liderin təmsilçisi Azərbaycana buraxılmasın. Yəni, özləri həm süni gərginlik yaradır, həm də Azərbaycan hakimiyyətini bu təxribatlara cəlb etmək istəyirlər ki, adekvat addımlar atsın. Faktiki bu gərginlik İrandan idarə olunur. Bəzən deyirlər ki, İranda 2-3 güc mərkəzi var. Dini lider və ətrafı, prezident və onun ətrafı, SEPAH və s. Ola bilər ki, İrandaxili məsələlərdə onlar fərqli siyasət ortaya qoyurlar. Amma hadisələrin gedişi göstərir ki, Azərbaycana münasibətdə bu qüvvələrin hamısı birləşib».

TƏBRİZDƏKİ KONSULLUĞA MƏLUMATI VƏTƏNDAŞ ÇATDIRIB
Mahmoud Ahmadinejad və İlham Əliyev
Mahmoud Ahmadinejad və İlham Əliyev

Xeyli vaxtdır İranda yoxa çıxmış gənc şairlər iki gün əvvəl evlərinə telefon açıb valideynləri ilə danışıblar. Özü də gənclərin yaxınlarına dediklərinə görə, onlara bu imkanı işi aparan müstəntiq yaradıb. Şairlərdən Şəhriyar del Geraninin atası Mail Hacızadənin dediyinə görə, oğlundan xəbər çıxması barədə məlumatı da Təbrizdəki Azərbaycan konsulluğuna o, çatdırıb. Halbuki, 26 gün idi Azərbaycan XİN İrandan şairlərin aqibəti barədə rəsmi heç bir cavab ala bilmirdi.

PREZİDENTİN SƏFƏRİ REAL GÖRÜNMÜR

Elxan Şahinoğlu deyir ki, bu faktın özü, yəni İranın Azərbaycanın rəsmi müraciətinə cavab verməyib, gənclərin harada olması barədə valideyni məlumatlandırması da sayğısızlıq nümayişindən başqa bir şey deyil.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri düşünür ki, hadisələr belə davam etsə, avqust ayında prezident İlham Əliyevin İrana səfəri real görünmür. Çünki hər iki ölkədən bir-birinə qarşı atılan addımlar bilavasitə prezidentlərin razılığı ilə baş verir. Gərginliyin yüksələn xətt üzrə inkişafı məhz Mahmoud Ahmadinejadİlham Əliyevin nəzarəti altında davam etdiyi üçün İrana səfər ehtimalı azalır.
XS
SM
MD
LG