Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Rüstəm İbrahimbəyov: «Mənə görə bizim təşkilatdan intiqam alırlar»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Azərbaycan Kinematoqrafçılar İttifaqının iyunun 25-də bəyanat verəcəyi gözlənir.

Bunu AzadlıqRadiosuna ittifaq rəhbəri Rüstəm İbrahimbəyov bildirib. Onun dediyinə görə, həmin bəyanatda son hadisələrlə bağlı mövqelərini aydın şəkildə ifadə edəcəklər. Eyni zamanda həmin gün ittifaq katibliyi bir çox məsələlərlə yanaşı, yeni qurumun yaranmasını da müzakirə edəcək.

İyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təsis olunub. Onun sədri Şəfiqə Məmmədova seçilib. İndi bəzi müstəqil ekspertlər bu qurumun Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilata alternativ kimi yaradıldığını düşünürlər.

Rüstəm İbrahimbəyovun isə baş verənlərə reaksiyası belədir:

- Birinci reaksiyam? Əvvəlcə təəccübləndim. Sonra fikirləşdim ki, belə bir təşkilatın yaranmağında yüksək rütbəli məmurların iştirakı təsadüfidirmi? Nəyə görəsə bu yığıncaqda Baş nazirin müavini, iki nazir və nazir müavinləri iştirak edib. Deməli, bu qurumu yaratmaqda hökumətin böyük marağı var. Amma məqsədlərini başa düşə bilmirəm. Niyə bu adamlar birdən-birə bu tədbirə gəlirlər və özü də az qala gizli şəkildə tədbiri keçirirlər? Bizim görkəmli kino işçilərimiz də həmin tədbirdə iştirak etmək istəyiblər. Amma onları buraxmayıblar. Deyiblər ki, sizin adınız siyahıda yoxdur. Zalı televiziya işçiləri ilə doldurublar, kino işçilərisə tədbirdə çox az olub. Ancaq təşkilatçılar olub. Bu, hökumətin keçirdiyi əməliyyata bənzəyir.

- Həm Sizin qurumda, həm də digər qurumda təmsil olunanları ittifaqdan çıxara bilərsizmi?

- Xeyr! Bizim nizamnaməyə görə, ittifaqın hər bir üzvü sərbəstdir, təzə təşkilatlar yarada, təzə təşkilatlarda təmsil oluna bilərlər. Ona görə heç kimi çıxarmaq fikrində deyilik. Bizim də heç bir etirazımız yoxdur. Görək bunlar nə edəcəklər? Hökumət nə dərəcədə onlara yardım edəcək? 3 ildir ki, bizim bütün işlərimizi pozurlar. Hökumətin kinoya marağı yoxdur.

- Sizcə, az qala eyni adda yeni qurum niyə yaradılır?

- Nəyə görə yaradılır, deyə bilmərəm. Adını da bizim ada lap oxşar qoyublar. Bu da məqsədsiz deyil. Bu xam adam üçün elə həmin addır. Biz Kinematoqrafçılar İttifaqıyıq. Onlar da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Amma hökumət onlara kömək etsə, bunlar təzə festival keçirsələr, cavanlara keyfiyyətli təhsil üçün imkan yaratsalar, birinci mən sağ ol deyərəm. Vaxt lazımdır, görək nə bacarırlar, nə olacaq.

- Rüstəm müəllim, bəs yeni quruma hökumət maliyyə ayırsa, bu o deməkdirmi, hökumətin sifarişi ilə yaradılır?

- O deməkdir ki, siyasi məqsədlə yaradılır. Necə ola bilər ki, bir kino təşkilatına bir qəpik də verməsinlər, o birinə versinlər? Bununla özlərini biabır edəcəklər. Məlum olacaq ki, mənim hərəkətlərimə, mövqeyimə görə bizim təşkilatdan intiqam alırlar.

- Bununla kino xadimlərinin arasına nifaq düşmürmü, Rüstəm müəllim?

- Çalışırlar. Mən onların fikirlərini də oxudum. Vaqif Mustafayevdən başqa hamısı özünü təmkinli aparıb və bizim ünvanımıza tənqidi söz deməyiblər. Vaqif Mustafayevlə bağlı məsələ aydındır. Vaxtilə biz onu ittifaqımızdan uzaqlaşdırmışıq. Səbəb də sənət etikasını pozması olub. Bu, ona görə bizdən inciyib və imkan tapan kimi ünvanımıza bu cür sözlər deyir. O, ittifaqın işinə də bələd deyil. Deyir ki, biz cavanlara təhsil verməliyik. 2 ildir bizim ittifaq 40 nəfər gəncə 5 peşə üzrə savad verib. Onlardan 18-i diplom alıb və indi fəal işləyir. O deyəndə ki, kino ittifaqı bu işləri görməlidir, başa düşmür ki, biz bunları görürük? Aydın şeydir də.

- Bəs Şəfiqə Məmmədovanın yeni quruma rəhbərlik etməsinə necə baxırsınız? Bu sizin üçün nə qədər gözlənilən idi?. O, Sizin ittifaqda katibdir həm də.

- Mən gözləmirdim. Heç birindən gözləmirdim. Görünür, təzyiq ediblər. İndi deyəcəklər, yox, özümüz bu addımı atmışıq. Amma heç gözləmirdim. Bizim ittifaqın katibidir, çox işimizdə iştirak edir. Ona görə başa düşmək olmur.

- Amma təəccübləndiriblər Sizi...

- Hə, təəccübləndiriblər. Çünki mənasız işdir və kinonun maraqlarına xidmət etməyən bir hərəkətdir.
XS
SM
MD
LG