Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:40

Mətləb Muxtarov. Yeni şeirlər


Mətləb Muxtarov


Yeni şeirlər


Babamın öldüyü gün

Babamın öldüyü gün idi.
Yağış yağırdı…
arzularıma kimi islanmışdım…
hamı kimi babam da
həyatın qazdığı səngərdə şəhid olmuşdu.

Babamın öldüyü gün idi.
Yağış yağırdı…
keçmişimə kimi islanmışdım…
Siqaret çəkdiyimi təkcə babam bilirdi,
o da ölmüşdü.
Siqaret qutusu cibimdə gizlənməkdən bezmişdi.

Babamın öldüyü gün idi.
Yağış yağırdı…
inancıma kimi islanmışdım.
Hamı ağlayırdı,
nənəm ağlayırdı,
anam ağlayırdı,
qardaşım ağlayırdı,
hətta əmim də ağlayırdı,
amma mən ağlamırdım,
çünki yağış mənim yerimə ağlamışdı…


Kitablarda itən uşaqlıq

Oxuduğum kitabların vərəqlərində itirdim
uşaqlıqda söydüyüm söyüşləri.
İndi hər şeyi xatırlayıb xoşbəxt olmağa çalışıram
keçmişlə yaşayan qocalar kimi.
Mən Qarabağı arzulayan sərxoş görmüşəm
ağzından Ağdam çaxırının iyi gəlirdi.
Mən öz babasını görməyən nəvə görmüşəm,
amma bir heykəli özünə baba bilirdi.
Elə bilirdi ki,
dünya oyuncaqların ətrafında fırlanır.
Elə bilirdi ki, yelləncəklər ancaq ürək bulandırır.
Bilmirdi ki,dünyanın başı fırlanır.
Bilmirdi ki,dünyanın ürəyi bulanır
və insanları cəsəd kimi qəbirlərə qusur.
Qocaldıqca ölüm insanı danışdırır.
Yeni doğulan körpələrsə ağlayır… susur.


Sərxoş xatirələr

Sevgilim, salam
Səni xatırlayıram.
Dostlarla içki masasında oturmuşuq.
Bəlkə də heç vaxt doğulmayan
Usama Bin-Ladenin ad gününü qeyd edirik.

Sevgilim, bir daha salam.
Bağışla, bir az sərxoşam.
Mən içkiyə məğlub olmuş nəslin övladıyam,
içki isə həyat deməkdir, sevgilim.
Mən quyruq kimi uzanan çörək növbələri görmüşəm.
Mən uşaqlığımın dibinə işəyərək böyümüşəm
və havada yox olan sidik dumanına baxıb,
arzu tutmuşam ürəyimdə.
O qədər nağıl kitabı oxumuşam ki,
İndi bütün həqiqətləri nağıl bilirəm.
Məsələn: səni sevdiyimi,
səndən ayrıldığımı,
nə vaxtsa sənin əlindən tutub,
bu şəhəri gəzdiyimi nağıl bilirəm.

Sevgilim, bir daha salam.
Məndən uzaq dursunlar deyə
bütün xatirələrə yalvarıram.
Səni nə üçün xatırladığımı da bilmirəm.
Əslində Usama Bin-Ladenin deyil,
ayrılığımızın müstəqilliyinin ildönümünü
qeyd edirəm.
Deyəsən səni hələ də sevirəm.
XS
SM
MD
LG