Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:44

94 yaşlı Azərbaycan ordusu


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təntənəli mərasim, 25 iyun 2012
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təntənəli mərasim, 25 iyun 2012
-
«Özüm Qarabağ zonasındanam. Torpağımı itirmiş bir adamam. Hərbi xidmətə getməyi özümə borc bilirəm. Eşitdiyimə görə, daxili qoşunlarda, eləcə də sərhəd qoşunlarında vəziyyət yaxşıdır. Amma milli orduda əsgərlə davranış, onun təminatı və sair haqqında çox da yaxşı fikirlər eşitməmişəm. Yəni, Avropa ilə müqayisə aparmaq olmaz».

Bu, iyul ayında hərbi xidmətə gedəcək Nicat Məmmədlinin dedikləri idi. Deyir amma özü hələ ki, Azərbaycan ordusunun vəziyyəti haqqında dəqiq təsəvvürə malik deyil, bunu hərbi xidmət zamanı biləcək.

HƏRBİ XƏRCLƏR 20 DƏFƏDƏN ÇOX ARTIB

İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələrinin yaradılmasının 94 ili tamam olub. 1918-ci ilin bu günü Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əliağa Şıxlinskinin komandanlığı altında əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin tarix indi ölkədə Ordu Günü kimi qeyd olunur.

İyunun 25-də prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Deyib ki, Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir, ordu xərcləri bundan sonra da artacaq:

«Azərbaycan Ordusu artıq nəinki bölgədə, dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib… Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır. Hazırda bu xərclər 3.6 milyard dollar səviyyəsindədir».

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, hakim YAP-dan olan deputat Elman Məmmədov deyir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin oktyabrından ordu quruculuğu başlanıb. Ancaq o zaman ordunun sadəcə adı var idi. İndiki ordu isə, Elman Məmmədovun fikrincə, həm əsgəri, həm də maddi-texniki təminatı baxımından qürur duyulacaq səviyyədədir:
Elman Məmmədov
Elman Məmmədov

ORDU YÜKSƏK SƏVİYYƏDƏDİR

«Bu gün Ordu Gününü mən cəbhə bölgəsində əsgərlərimizlə birlikdə qeyd etdim. Onların döyüş ruhundan, vətənpərvərlik duyğusundan qürur hissi keçirdim. Bugünkü Azərbaycan ordusu həm maddi, həm hərbi təminatına, silah-sursat, əsgərin yeməyindən tutmuş əyin-başına, bütün hazırlıqlarınadək hər şeyi ilə yüksək səviyyədə təmin olunmuş bir ordudur. Mən inanıram ki, bugünkü ordu torpaqlarımızı işğaldan azad etmək gücündə olan bir ordudur».

Elman Məmmədov istisna etmir ki, orduda da müəyyən çatışmazlıqlar var. Deyir ordu da cəmiyyətin bir hissəsidir. Söhbət adi qurumdan yox, on minlərlə şəxsi heyəti olan silahlı qüvvələrdən gedir. Əlbəttə ki, müəyyən söz-söhbətlər də ola bilər. Qüsurlar da istisna deyil. Amma ümumilikdə, Azərbaycan ordusunun bugünkü hərbi səviyyəsi qarşısına qoyulan hədəfə çatmaq üçün hər cəhətdən yüksək səviyyədədir.

KADR DƏYİŞİKLİYİ OLMALIDIR

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov isə deyir ki, ordunun ərzaq, geyim, silah-sursat və hərbi texnika baxımından yüksək səviyyədə təmin olunması hələ onun bütövlükdə vəziyyətinin yaxşı olması anlamına gəlmir. Sözün həqiqi mənasında ordunu yüksək səviyyəyə gətirmək üçün demokratik prinsiplərə əsaslanan yeni hüquqi baza yaradılmalıdır. Həmin hüquqi bazaya əsaslanaraq orduda demokratik islahatlar aparılmalıdır:

«Bu islahatlara uyğun da orduda kadr dəyişikliyi aparılmalıdır. Hazırda Azərbaycan ordusunda kadr dəyişikliyi Müdafiə Nazirliyinə yaxınlıq, yerliçilik və digər bu kimi münasibətlər əsasında həyata keçirilir. Ona görə də, orduda bir bədbəxt hadisə baş verəndə günahkarı aşağılarda axtarırlar. Kimisə tutub salırlar içəri.
Ələkbər Məmmədov
Ələkbər Məmmədov
Amma buna məsuliyyət daşıyan hansısa komandir heyəti, ordu rəhbərliyi, nazirə qədər hər kəs məsuliyyətdən kənarda qalır. Bu cür yanaşmanın nəticəsidir ki, hər il orduda bədbəxt hadisə, xəstəlik və sair neqativ hallardan 80-90 nəfərədək itkilər olur».

HƏRBÇİLƏRİN MƏİŞƏT PROBLEMLƏRİ NECƏ HƏLL OLUNUR

Prezident İlham Əliyev çıxışında deyib ki, orduya diqqət təkcə onun büdcəsinin artırılması və təminatının yüksək səviyyədə olması kimi amillərlə məhdudlaşmır:

«Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. Keçən il hərbçilərin əmək haqları 25 faiz artırılıb. Bir neçə gün əvvəl 312 mənzildən ibarət iki yaşayış binası hərbçilərin sərəncamına verilib. Hazırda hərbçilər üçün yüzlərlə yeni mənzil tikilir».

Ələkbər Məmmədov isə deyir ki, zabitlərin indiki vəziyyəti onların əməkhaqqının qənaətbəxş olduğunu söyləməyə imkan vermir:
«Mənzillərin paylanmasında da ayrı-seçkilik var. Ola bilsin ki, təbliğat üçün həqiqətən də haqqı olan bəzi hərbçilərə evlər verilir. Amma ümumilikdə bu bölgü heç də hərbçilərin tələbatına cavab verən formada həyata keçirilmir».
XS
SM
MD
LG