Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:34

Əli Həsənov qəzet redaktorları ilə mətbuatın problemlərini müzakirə edib


Mətbuat Şurasında görüş, 30 iyun 2012. Foto: APA
Mətbuat Şurasında görüş, 30 iyun 2012. Foto: APA
İyunun 30-da qəzet redaktorları Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovla mətbuatın problemlərini müzakirə ediblər.

Mətbuat Şurasında keçirilən qapalı görüşdə qəzet yayımı, reklam bazarı və mətbuatı narahat edən digər məsələlər müzakirə olunub.

«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, görüşdə üzləşdikləri problemləri bir-bir sadalayıb:

«Mən müstəqil qəzetlərin məmurların iddiaları əsasında ağır məhkəmə cərimələri altında olduğunu diqqətə çatdırdım. Bildirdim ki, 90-cı illərdə «Azadlıq» qəzetinin 100-dən artıq reklam tərəfdaşı olduğu halda 1998-ci ildə senzuranın ləğvindən sonra reklam şirkətlərinin qapıları üzümüzə bağlanıb. Qeyd etdim ki, ölkədə həqiqətən də iqtisadi-siyasi plüralizm olsaydı, belə problemlərlə üzləşməzdik. Amma tənqidi mövqedə durduğumuza görə bizə reklam verilmir».

Görüşdə qəzetlərin rayonlarda satışıyla bağlı problemlər olduğu da diqqətə çatdırılıb.

APA-nın məlumatına görə, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov dövlət qəzetlərinin də yayım və reklamla bağlı problemlərlə üzləşdiyini deyib.

Redaktorlar reklam qanunvericiliyinə yenidən baxılması, sosial reklamların verilməsi və bir sıra təkliflər səsləndiriblər.

Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə dövlətin media və söz azadlığına verdiyi dəstəyin bundan sonra da davam edəcəyini deyib. O, yayımla bağlı problemlərin aradan qaldırılması üçün ayrıca görüş keçirəcəyini bildirib. Dövlətin reklam bazarında məhdudiyyətlər yaratması fikri ilə razılaşmayan Ə.Həsənov qeyd edib ki, reklamçıları görülən işə inandırmaq lazımdır.

Görüş redaktorların Mətbuat Şurasına bir müddət əvvəl etdiyi müraciətdən sonra baş tutub.
XS
SM
MD
LG