Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:02

Nazir: Olimpiadaya hazırlığa 15 milyona yaxın vəsait ayrılıb


Azad Rəhimov
Azad Rəhimov
30-cu yay Olimpiya oyunlarına hazırlaşmaq üçün Azərbaycanın dövlət büdcəsindən 15 milyon manata yaxın vəsait ayrılıb. AnsPress-in məlumatına görə, bunu iyulun 3-də Olimpiadada iştirak edəcək azərbaycanlı idmançıların yolasalma mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Ötən Pekin olimpiadasında isə bu məbləğ təxminən 3 milyon manat olmuşdu.

Azad Rəhimov deyib ki, iyulun 24-də iştirakçıların bir qrupu Londonda keçiriləcək Olimpiya oyunlarına yola salınacaq. Bir gün sonra isə Olimpiya kəndində Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək.

Nazirin sözlərinə görə, London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq 5 yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq.

«Pekində Azərbaycanı 1 hakim təmsil edirdisə, Londona 5 hakimimiz yollanacaq. Bundan başqa idmançılarımızla yanaşı 6 həkim, 29 məşqçi də komandamızın heyətində Londona gedəcəklər».

Londonda Azərbaycanı təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya Oyunlarının iştirakçıları olacaqlar.

İLHAM ƏLİYEV: HƏR BIR FEDERASİYANIN İDMANÇILARI UĞURLU NƏTİCƏ VERMƏLİDİR

İlham Əliyev
İlham Əliyev
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirak edən prezidenti İlham Əliyev isə olimpiya iştirakçılarına uğurlar arzulayıb. O, deyib ki, ölkədə 34 olimpiya kompleksi tikilib, 8-nin inşası davam edir: «Əminəm ki, hər bir rayonda olimpiya kompleksi tikiləcək. Bu siyasəti 12 il əvvəl başlamışıq. Çox şadam ki, ölkədə idmanın inkişaf dinamikası yüksəkdir».

Daha sonra dövlət başçısı idmançılardan böyük əksəriyyətinin olimpiadada ilk dəfə iştirak etdiyini nəzərə çatdırıb: «Bu, ardıcıl inkişafdan xəbər verir. Azərbaycan idmançıları hər bir başqa ölkənin idmançısı üçün ciddi rəqib sayılır. İdman ölkəsi adını qazanmaq heç də asan məsələ deyil. Bəzi ölkələrdə idman qurumları arasında ciddi ziddiyyətlər var, bizdə isə bu qurumlar vahid komanda şəklində fəaliyyət göstərir. İldən-ilə uğurlarımız artır. Bəzi başqa ölkələrdən fərqli olaraq, biz olimpiya və qeyri-olimpiya növləri arasında fərq qoymuruq. Federasiya rəhbərləri öz vəzifələrini uğurla yerinə yetirirlər. Hər bir federasiyanın idmançıları uğurlu nəticə verməlidir və bunun üçün çalışırlar».

QALİBLƏRİN MÜKAFATI AÇIQLANMADI

Lent.az-ın məlumatına görə, prezident London Yay Olimpiya oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha çox idmançının olduğuna diqqət çəkib və ümid edib ki, ölkəyə gələn medalların sayı da çox olacaq. Amma İlham Əliyev bu dəfə medal qazanan idmançını hansı mükafat gözlədiyini açıqlamayıb.

B.Britaniya - London Olimpiadasında iştirak edən ölkələrin bayraqları nümayiş olunur, 15 iyun
B.Britaniya - London Olimpiadasında iştirak edən ölkələrin bayraqları nümayiş olunur, 15 iyun
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, adətən mükafat barədə prezident özü məlumat verir. Ona görə də bu barədə açıqlama verə bilməyəcəklər.

2008-ci ildə keçirilmiş Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.

Qızıl medal qazanan idmançılara Milli Olimpiya Komitəsi 200 min manat, Azərbaycan dövləti isə 400 min manat mükafat verib.

İkinci yeri tutan idmançıya 200 min manat, üçüncü yeri tutana isə 100 min manat verilib.

Məşqçilər də yüksək məbləğdə pulla mükafatlandırılıblar. 2004-cü ildə Afina Olimpiya Oyunlarında birinci yeri qazanan idmançılara isə 50 min dollar dövlət, 50 min dollar Milli Olimpiya Komitəsi mükafat vermişdi.
XS
SM
MD
LG