Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:38

Din, və ya dövlət aborta qarışmalıdırmı?


İnsan rüşeymi
İnsan rüşeymi
-

"DÖVLƏT İNSANIN YATAĞINA GİRMƏMƏLİDİR"

“İslam və demokratiya” verilişinin qonağı olan Hüquqşünas Xalisə Şahverdi hesab edir ki, dövlət insanın yatağına girə bilməz, abortun olub-olmamağına ailə özü qərar verməlidir. Və abort qadağasını təbliğ edənlər bunu yanlış olaraq dinlə əlaqələndirirlər:

“Qadınlar hamilə ikən çox həssas olur. Əgər abortla bağlı qərar veribsə, deməli, psixooji və fiziki əzabları göz önünə alıb. Bu, qadının müstəsna hüququdur. Abortun qadağan edilməsi qadın hüquqlarını pozan böyük qərar olardı. Əgər dövlət vətəndaşların sayını çoxaltmaq istəyirsə, bunun başqa yolları var. Sadəcə, insanların sosial durumunu yaxşılaşdırmaq lazımdır”.


ABORTA QADAĞA ANA ÖLÜNÜN SAYINI ÇOXALDIR?

Hüquqşünas bildirir ki, ÜST-nin hesabatına görə, abort qadağan edilən ölkələrdə ana ölümünün səviyyəsi çox yüksəkdir. Bu, bir ildə 68 min qadının ölümünə səbəb olur. Odur ki, Xalisə Şahverdi ailələrin maarifləndirmə işlərinin aparılmasının tərəfdarıdır:

“Qoruyucu vasitələr təbliğ edilməlidir. Məsələn, 10 il bu vasitələri regionlarda pulsuz paylasınlar, insanlar öyrəşsin. Onda daha heç kim abortu seçməz”.


"İSLAMA GÖRƏ, NİGAHİN MƏQSƏDİ NƏSLİ ARTIRMAQDIR"

İlahiyyatçı şərqşünas Rəşidə Kazımi isə deyir ki, İslama görə evliliyin əsas qayəsi nəsli davam etdirməkdən ibarətdir və Peyğəmbər insanlara çoxalmağı əmr edib:

“Ana bətnində başı, dırnaqları və tükləri tamamilə təşəkkül tapan dölə müdaxilə etmək haramdır. Qurani-Kərimdə buyrulur ki, yoxsulluq qorxusu ilə uşaqları öldürməyin, bu, böyük günahdır. Digər surədə isə qeyd olunur ki, Yer üzərində heç bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin”.

Ilhiyyatçi bildiri ki, İslam uşaq sahibi olmaq istəməyən ailələrə qorunmağa, dölün ana bətninə düşməsinin qarşısı almağa icazə verir:

“Ancaq uşaq sahibi olub-olmamağı yalnız qadının haqqı kimi tanımaq olmaz. Çünki qadın təkbaşına uşaq dünyaya gətirə bilməz, burada onun həyat yoldaşının da haqqını nəzərə almaq lazımdır. Ər və arvad birlikdə qərar verməlidir”.


İSLAM NƏ VAXT BORTA İCAZƏ VERİR?

Rəşidə Kazıminin sözlərinə görə, yalnız ananın həyatına risk olarsa, yaxud südəmər uşağı olan qadın yenidən hamilə qalarsa və onun körpəsinə süd anası tutmağa imkanı olmazsa, onda belə hallarda aborta icazə verilir. Oğlan və ya qız olduğuna görə abort etdirmək İslam tərəfindən bəyənilmir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, bu gün abortun qadağan edilməsi bəzi fəsadlara gətirib çıxara bilər:

“Rüşvətxorluq artar, dolaşıq işlər olar. Bu gün biz bəzi imkanlı ailələri qınaq obyektinə çevirməliyik ki, imkanları var, 4 it saxlayırlar, amma bir uşaqları var. Bizdə daha çox imkansız ailələrdə uşaq çox olur”.

H.Rəcəbli deyir ki, Çində abort ona görə qadağan edilib ki, orada oğlan uşaqlarının sayı artır. Azərbaycanda isə oğlan və qız uşaqlarının sayı arasında nisbət normaldır.
XS
SM
MD
LG