Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:09

Bloqqer Əli Novruzov: «Türkmənistandan baxanda, Azərbaycan azadlıq adasıdır»


Əli Novruzov
Əli Novruzov
-
«Türkmənistanda internetin imkanlarına baxanda, Azərbaycan cənnəti xatırladır».

Bunu bu il iyulun əvvəlində Türkmənistana səfər edən bloqqer Əli Novruzov AzadlıqRadiosuna müsahibəsində deyir.

Onun səfərinin məqsədi ATƏT-in hər il keçirdiyi Orta Asiya mediası konfransında iştirak etmək olub. Konfransın mövzusu isə «Ənənəvi mediadan online jurnalistikaya, sosial mediaya keçid» imiş. Tədbirə Orta Asiya ölkələri iştirakçı, Azərbaycan, Ermənistan və Əfqanıstanın təmsilçiləri isə müşahidəçi kimi qatılıb.

Əli Novruzov eşitdiklərini və müşahidələrini AzadlıqRadiosu ilə bölüşür:

- Orta Asiyada sosial media necə inkişaf edib? İnternet azadlığı varmı?

– Belə başa düşdüm ki, regionda böyük fərq var. Bir tərəfdən, onlayn media Qırğızıstanda siyasi azadlıq, Qazaxıstanda infrastruktur baxımından güclü inkişaf edib. Düzdür, Qazaxıstanda saytlar arada bir bloklanır. Amma bu ölkələrin mətbuatında güclü müxalifətin izi hiss olunur, xüsusilə də internet jurnalistikasında. Digər tərəfdə isə, Özbəkistan və Türkmənistan var. İkincisində ümumiyyətlə sosial media yoxdur. «Facebook», «Twitter», «Youtube» blokda idi. Çox çətinliklə girə bilirdik, o da ona görə ki, bu saytlara müəyyən giriş yollarını bilirdik, adi istifadəçi bunu bacarmaz. Tacikistanda isə vəziyyət ortadır, ora nə Türkmənistandır, nə də Qırğızıstan. Fərqli inkişaf yolları keçən ölkələrdir.
Foto: Arxiv
Foto: Arxiv
Özbəkistan təmsilçisini dinləyəndə, onun yalanlarından dəhşətə gəldim.

– Özbəkistanda sosial şəbəkələr yoxdur?

– Bu ölkənin təmsilçisi danışanda, bir anlıq elə bildim ki, ora Norveçdir, İsveçdir. Əndican hadisələri barədə məlumatım olmasaydı, yəqin ki, çaşıb-qalardım ki, bura hansı ölkədir? O nümayəndə danışdı ki, Özbəkistanda media azadlığı yüksək səviyyədədir, jurnalistlərin maddi imkanları əladır, internet azadlığı var. Amma alternativ fikir eşitmədik.

– Bəs Türkmənistan nümayəndələri öz ölkələrində bu sahə barədə nə dedilər?

– Türkmənistan nümayəndəsi açıq-aydın dedi ki, sovet jurnalistikası nə qədər güclü olsa da, dövlətçiliyin inkişafı tələblərinə cavab vermir. Dedi ki, yeni, milli jurnalistika məktəbi yaratmaq istəyirlər. Bunun üçün də ATƏT-lə birgə media ilə bağlı yeni qanun üzərində işləyirlər.

– «Facebook», «Twitter» kimi sosial şəbəkələrin blok olunmasını nə ilə izah etdilər?

Türkmənistanda internet-klub
Türkmənistanda internet-klub
– Çıxışçı Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi idi. Mən ondan soruşdum ki, bu sosial şəbəkələri hansı əsaslarla bağlamısız? Cavab verdi ki, nümayəndə heyətində «Türkmənistan Telekom»un rəhbəri də olub. Bu sualları ancaq o, cavablandıra bilər. O isə bu gün konfransda iştirak etmir. Yəni, belə bir cavabla sualdan yayındı.

– Sosial media sahəsində bu ölkələrdəki vəziyyəti Azərbaycanla müqayisə etsəniz, hansı mənzərə alınar?

– «Facebook»da profilimə zarafatla yazmışdım ki, bu konfransda iki azadlıq mayakı var. Biri Azərbaycan, o biri Ermənistan. Amma zarafat bir yana, Qazaxıstanla Qırğızıstanda onlayn media var, sərbəstdir, Özbəkistanda repressiyalar var. Türkmənistanda repressiya yoxdur, çünki orda sosial şəbəkə yoxdur, daha doğrusu internet yox kimidir. Çünki sürəti çox zəifdir. Azərbaycan bu ölkələrlə müqayisədə azadlıq adası, cənnətdir. Amma məncə, biz Avropa Şurasına üzv ölkə kimi Azərbaycanı digər üzv ölkələrlə müqayisədə etməliyik, Türkmənistanla yox.
XS
SM
MD
LG