Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Hökumət informasiyanı pulla satacaq


Foto: Arxiv
Foto: Arxiv
-
Dövlət qurumları bəzi informasiyaları pulla satacaq. Neçəyə? Bax, bu, hələlik bəlli deyil. Nazirlər Kabinetindən bu suala cavab ala bilmədik. Dəfələrlə zəng etsək də, qurumun mətbuat xidmətinin başçısı Akif Əlinin otaqda olmadığını dedilər.

Zəng vurduq ayrı-ayrı nazirliklərin mətbuat xidmətlərinə. Vergilər, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin mətbuat xidmətinin rəhbərləri Mehdi Mirsəlimov, Mais Piriyev, Müşfiq Əmirov dedilər ki, nəinki qiymətdən, heç sərəncamdan xəbərləri yoxdur. Düzdür, Mais Piriyev məzuniyyətdə olduğunu əsas gətirdi. Yeri gəlmişkən, bir çox nazirliklərin sözçülərinə zəng çatmadı. Deyəsən, onlar da istirahətdədirlər. Bu dəfə zəng vurduq Daxili İşlər Nazirliyinə. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov suala sualla cavab verdi:

«İnformasiyalar satılacaq?.. Elə məlumatım yoxdur. Onu siz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən soruşun».

PULLU İNFORMASİYALARIN SİYAHISI

İndilik satılacaq informasiyaların siyahısını Nazirlər Kabineti belə müəyyənləşdirib:

- sorğuçuya informasiya verilib və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmadıqda;

- informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda;

- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;

- sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə.

Nazirlər Kabineti bu addımı bu ilin aprelində «İnformasiya əldə etmək haqqında» qanuna dəyişikliklərlə izah edir. Hökumət bununla bağlı bəzi sənədlər imzalayıb.
Rəşad Məcid
Rəşad Məcid

Bəs gündəlik işi informasiya toplamaq olan kütləvi informasiya vasitələri bu haqda nə düşünürlər? Bəzi informasiyaların pullu olması işlərini asanlaşdıracaq, yoxsa bu, onlara yeni maneələr yaradacaq?

«MƏQSƏD İNFORMASİYANI GİZLƏTMƏK YOX, ONA ÇƏKİLƏN ZƏHMƏTƏ GÖRƏ HAQQ ALMAQDIR»

«525-ci qəzet»in redaktoru Rəşad Məcid:

«Ola bilsin, məqsəd informasiyanı gizlətmək yox, informasiyanı hazırlamağa çəkiləcək zəhmətə, görüləcək işə görə haqq almaqdır. İndi KİV elə geniş anlayışa çevrilib ki, xüsusən də yeni internet saytları yaranandan sonra həm dövlət qurumlarından, həm ayrı-ayrı insanlardan həqiqətən çox məlumat alınır, münasibət öyrənilir, müsahibə götürülür. Bu zaman dövlət qurumlarına da yük düşür, ayrı-ayrı adamlara da. Buna görə də, həddən artıq vaxt məhdudluğu yaranır. Bu baxımdan normaldır, qeyri-adi bir şey görmürəm. Yəqin ki, hansısa ölkələrin təcrübəsindən götürülüb».

«MƏQSƏD JURNALİST ARAŞDIRMALARINI ƏNGƏLLƏMƏKDİR»

Ancaq əksər media mənsubları və ekspertlər Rəşad Məcid kimi düşünmürlər, əksinə, narahatdırlar. Məsələn, «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli deyir ki, hökumətin məqsədi informasiyanı satmaq yox, gizlətməkdir. Onun fikrincə, xüsusən də son zamanlar vüsət alan jurnalist araşdırmalarının qarşısını almaq, onları əngəlləməkdir:

«Hakimiyyətin yüksək eşelonunda təmsil olunan məmurların biznes strukturları ilə bağlı geniş yayılmış araşdırmaların qarşısını almaq istəyirlər. Məlumat veriləndə konkretləşir ki, hansı şirkət kimə məxsusdur, nədir? Özlərini elə aparırlar ki, guya, ictimai rəylə razılaşmırlar. Amma bu araşdırmaların ictimai rəyə böyük təsiri var və bundan sığortalanmağa çalışırlar».
Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«BU MƏSƏLƏNİN QANUNİLİYİ SUAL ALTINDADIR»

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, məlumatın pulla satılması təzə məsələ deyil. Hələ 2005-ci ildə «İnformasiya əldə etmək haqqında» qanun qəbul olunanda, nəzərdə tutulmuşdu ki, Nazirlər Kabineti pullu informasiyaların növləri və miqdarına dair təkliflərini hazırlasın. Amma hüquqşünas deyir ki, Azərbaycanda təcrübə əksini göstərir - qanun nə qədər xoş niyyətli olsa da, onun tətbiqində problem yaranır. Ələsgər Məmmədli deyir ki, bu sənəd informasiya verməmək üçün bəhanəyə çevrilə bilər:

«İkincisi, bu məsələnin qanuniliyi, onun Konstitusiyaya uyğun olub-olmaması da mübahisəlidir. Konstitusiyanın 50-ci maddəsində hər kəsin məlumat azadlığı təminat altındadır. Hər kəs istədiyi məlumatı qanuni yolla əldə edə bilər. «Qanuni yolla əldə etmə» ifadəsi ictimai informasiyaların pulsuz əldə olunmasını nəzərdə tutur. Ümumiyyətlə, qanunvericilikdə göstərilib ki, ictimai əhəmiyyət daşıyan məlumat pulla satıla bilməz. Deməli, Nazirlər Kabineti ictimai əhəmiyyət daşımayan informasiyaların pullu təqdim olunma qaydalarını təqdim edə bilər».

Ələsgər Məmmədli hesab edir ki, media qurumları üçün məlumat pullu ola bilməz. O, bunu onların məqsədinin ictimaiyyəti məlumatlandırmaq olması ilə izah edir. Ələsgər Məmmədli deyir ki, hökumət qiymətləri müəyyənləşdirəndə bu məqamı nəzərə almalıdır.

BƏS QİYMƏT NEÇƏYƏ OLACAQ?

Qayıdaq, qiymət məsələsinə. «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli də deyir ki, informasiyanın satılması yenilik deyil.
Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli
O, 1990-cı illərdə bəzi qəzetlərin dövlət qurumlarından bəzi informasiyaları pulla aldıqlarını bildirir. Əlbəttə ki, qeyri-rəsmi şəkildə. Bunun üçün dövlət qurumundakı mənbəyə konkret məbləğ ödənirmiş. Rövşən Hacıbəyli deyir ki, indisə informasiyanın məbləğini müəyyən etmək elə də asan olmayacaq.

Ələsgər Məmmədli isə məsələyə belə aydınlıq gətirir:

«Qanunda deyilir ki, pullu informasiyaların təqdim edilməsində məqsəd dövlətin gəlir əldə etməsi deyil. Dövlətin informasiyanın təqdim olunma xərclərini təmin etməkdir. Bu baxımdan, qiymət informasiyanın maya dəyərindən artıq olmamalıdır. Məsələn, bir informasiya CD daşıyıcısında veriləcəksə, elə həmin CD-nin qiyməti – 70 qəpik ödənilməlidir. Yüksək qiymətdən söhbət gedə bilməz».
XS
SM
MD
LG