Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:01

Əlil necə paraşütçü oldu? - Fotolar


Kamal Məmmədov (ağ) helikopterdən tullanarkən
Kamal Məmmədov (ağ) helikopterdən tullanarkən
-

33 yaşlı Kamal Məmmədov 7 il əvvəl avtomobil qəzası keçirib. 7 il əvvəl iyulun 28-də həkimlər ona gəzə bilməyəcəklərini deyiblər. O, dörd ay evə qapanıb. Ancaq valideynlərinin, bacısının və dostlarının köməyi, özünün iradəsi ilə həyata daha çox bağlanıb.

Əvvəlcə başqa ölkələrdə əlillərin məşğul olduğu əlil arabası rəqslərində iştirak edib. Belarusda keçirilən əlil arabasında idman rəqsi üzrə Açıq Çempionatın bürünc mükafatçısı olub. Sonra isə paraşütdən tullanmaq qərarına gəlib:

«MƏN DİGƏR ÖLKƏLƏRDƏ YAŞAYAN FİZİKİ QÜSURLU İNSANLARIN HƏYATI İLƏ ÇOX MARAQLANIRDIM...»

«Mən digər ölkələrdə yaşayan fiziki qüsurlu insanların həyatı ilə çox maraqlanırdım. Onlar necə yaşayırlar, hara gedirlər, nə ilə məşğul olurlar. Bir dəfə belə şey rastıma çıxdı – Belarus, Rusiya, Ukraynadan hər birindən bir təmsilçi paraşütlə tullanıb. Azərbaycanın adına rast gəlmədim. İstədim ilk azərbaycanlı kimi gedim mən də tullanım. Bayraq ilə, dünyaya bizim azərbaycanlı gənclərin də fəal olduğunu göstərmək istədiyim üçün tullandım».

Kamal Məmmədov iyulun 28-də Minskdə 3500 metr hündürlükdən paraşütlə atılıb. Özü də iyulun 28-də. 7 il əvvəl ona gəzə bilməyəcəyi xəbəri verilən gündə:

7 İL ƏVVƏL GƏZƏ BİLMƏZDİ, 7 İL SONRA UÇDU...

Kamal Məmmədov
Kamal Məmmədov
«7 il bundan əvvəl gözlərimi açanda bildim ki, mən artıq gəzə bilməyəcəyəm. 7 ildən sonra isə mən hətta uça bildim. Uçuş müddəti paraşüt açılana kimi 40 saniyə çəkir, 220 kilometr saatda sürətlə üzüaşağı enirsən. Paraşüt açılandan sonra isə paraşütü necə idarə edirsənsə, 5 dəqiqəyə də düşə bilərsən, 10 dəqiqəyə də. Bizim enişimiz tam olaraq 7 dəqiqə çəkdi. Mənə sual verəndə ki, nə hissləri yaşadınız, deyirəm ki, onu sözlə başa sala bilmərəm. Gərək bunu adam özü yaşasın. Çox həyəcanlı idim. Bir də arzulayırdım ki, hər şey salamat qurtarsın. Öz canımdan qorxub salamat demirdim. Ona görə ki, bu günün tarixə yazılmasını istəyirdim».

«BİZİM ÜÇÜN ƏN ÇƏTİNİ ENİŞ MƏQAMI İDİ»

Bundan əvvəl isə Kamal Məmmədov heç vaxt paraşütlə tullanmayıbmış. Həmin gün hazırlaşmağı isə 15 dəqiqə çəkib:

«Mənə əllərin duruşunun necə olmasını izah edirdilər. Ayaqlar işləmədiyinə görə, bizim üçün ən çətini eniş məqamı idi. Yerə enməmişdən 10 saniyə əvvəl ayaqları imkan tapıb sinənə sıxışdırmalısan ki, instruktor rahatlıqla paraşütü yerə endirsin».

«AÇIQ DEYİRƏM, İNDİKİ HƏYATIM DAHA MARAQLIDIR...»

Kamal Məmmədov Moskvada ali təhsini qiyabi davam etdirir. Gələn ay əlil arabası rəqslərində qitələrarası müsabiqədə iştirak edəcək. Arzusu Bakıda əlil arabası rəqslərindən ibarət beynəlxalq turnir keçirilməsidir. Bundan başqa idmanın qılıncoynatma növü ilə də məşğuldur:

«Açıq deyirəm, indiki həyatım daha maraqlıdır. Ayaqları ilə insan hər şeyi edə bilər. Amma hər adamın hünəri deyil ki, onu əlil arabasında etsin. Ondan aldığı ləzzət bambaşqadır. Bu dəqiqə həyatı başqa cür görürəm. Həyat məni yaxşılığa doğru çox dəyişdi. Gözəllikləri dadmağa başladım. Bir adam gəzəndə bilmir ki, nələrə qadirdir, nə edir. Mənim üçün addım atıb 5 metr yol getmək böyük bir şeydir. Başqa adam bunun fərqində deyil. Mən bu dəqiqə qollarımı hərəkət etdirəndə, bilirəm ki, bu qolu işləməyən insan üçün nə deməkdir. Qollarımın hərəkət etməyini böyük bir dəyər kimi bilməliyəm».

Kamal Məmmədov deyir ki, indi həyat onun üçün daha maraqlı, daha qiymətlidir. Çünki indi 7 il əvvəlkindən fərqli olaraq hər yaşadığı günə daha nikbin, daha inamlı başlayır. Ən əsası bunun qədrini bilir...


XS
SM
MD
LG