Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:15

Şairlər məhkəmədə günahsız olduqlarını bildirdilər


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
-
...Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər...

İranda həbs edilmiş Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseynin məhkəməsi başlandı.

Prosesdə şairlər onlara verilən sualları cavablandırıb, günahkar olmadıqlarını bir daha vurğulayıblar. Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 7-də başlanan məhkəmə prosesində Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşı və şairlərin yaxın ailə üzvləri iştirak edib.

XİN-in məlumatına görə, Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərin məqsədi və mahiyyəti ilə əlaqədar olub.

Hakim şairlərin konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə heç bir məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının açıqlanacağını deyib.

Fərid Hüseyn, Şəhriyar Hacızadə İrana poeziya axşamında iştirak etmək üçün səfər etdiklərini, cinayət törətmək niyyətində olmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, azərbaycanlı şairlər hər hansı ittiham irəli sürülmədən təxminən 3 aya yaxın həbsdə saxlanıb. Sonra onlar haqqında cinayət işi ittihamları irəli sürülüb.

Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə İrana bir neçə dəfə rəsmi nota verib. Lakin İran tərəfi bu notaları cavablandırmayıb.

Tehranın kütləvi informasiya vasitələri həbs edilən şairlərin İran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib.

İranla razılaşmaya əsasən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşməyə müvəffəq olublar. Görüş zaman hər iki şəxs onların İran ərazisinə qanunsuz şəkildə daxil olmaqda ittiham edildiklərini deyiblər.

İran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfəri zamanı həbs olunan şairlərlə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, səfər iki dəfə təxirə salınıb.
XS
SM
MD
LG