Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

İsrail səfiri canlı efirdə... [Video]


İsrail səfiri canlı efirdə...
Gözlə

No media source currently available

0:00 0:54:44 0:00
Direct-ə keçid

İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Michael Lotem suallara cavab verir.

-
Avqustun 7-də «İşdən sonra» proqramında İsrail dövlətinin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Michael Lotem suallara cavab verib.

Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- İki ölkə, iki xalq və iki hökuməti necə xarakterizə edərdiniz?

- İki dövlət arasında olan əlaqələr özündə iki xalq arasında olan münasibətləri tam təcəssüm etdirir. Bu əlaqələr çox yaxın əlaqələrdir. Bunu həm İsrail, həm də Azərbaycan mətbuatında gedən yazılarda aydın görə bilərsiniz. Mən əminəm ki, siz bunu həm də mədəniyyət sahəsində də görə bilərsiniz. Azərbaycan ilk müsəlman ölkəsidir ki, İsrailin filarmoniya orkestri bu ölkədə çıxış edib. Bu, çox təbii bir haldır. Demək olar ki, 50 min Azərbaycan əsilli yəhudi İsraildə yaşayır. Bu, bir körpüdür.

- Belə fikir söyləyənlər var ki, iki hökumət arasında münasibətlər və yaxud Azərbaycan hökumətinin İsrail icma liderləri ilə münasibətləri çox istidir. Amma bu, İsrail dövlətinin Azərbaycan xalqı ilə təmasını birbaşa əks etdirmir. Bu fikirlə razısınızmı?

- Mən bu fikirlə tamamilə razı deyiləm. Bu, rəsmi tədbirlərə dostlarımızın gəlməsi ilə ölçülmür. Söhbət burda cəmiyyətə açıq tədbirlərdə iştirakdan gedir. Mən deyə bilərəm ki, rəqəmlər çox müsbətdir. Bakıdan Tel-Əvivə və əks istiqamətə iki uçuş var. Deyə bilərəm ki, hər iki uçuş vaxtı bütün yerlər dolu olur.

- Azərbaycanla İran arasında münasibətlər son zamanlar kifayət qədər gərginlik həddinə çatıb. İran tərəfi adətən bunu İsrail-Azərbaycan münasibətləri ilə bağlamağa çalışır. Sizcə, Azərbaycan-İran, Azərbaycan-İsrail münasibətlərinin bu üçbucağında nələr baş verir?

- Bu məsələnin dərinliyinə varsaq, yəni İran tərəfinin söylədiklərinin yarısını deyil, bütünlüklə dinləsək, o zaman İsrail probleminin kənar problem olduğunu görərik. Əsas problem Azərbaycanın özü ilədir. Azərbaycanın dünyəvi dövlət olması ilə əlaqədardır. Bundan əlavə, baxsaz, gündəmdə onların Azərbaycan-İran ikitərəfli əlaqələri ilə bağlı mövzuları var. Mən bunların tam dərinliyinə getmək istəməzdim. Çünki biz indi Azərbaycan-İran münasibətlərini müzakirə etmirik. Mən Sizin bundan öncəki sualınıza əlavə olaraq deyə bilərəm ki, Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərə baxanda, bizim münasibətlər iki dövlət arasındakı yaranan əlaqələrdir. Burda üçüncü bir dövlətin hər hansı bir maraqları ilə bağlılığı yoxdur. Bu iki dövlətin bir-birinə yönəlik marağından irəli gələn bir münasibətlərdir.

- İsrailin burdakı səfirliyinin əməkdaşlarının hansısa bir hissəsi İran məsələsi ilə məşğuldurmu? İsrail Azərbaycanda yerləşən diplomatlarından İranla bağlı problemlərlə məşğul olmasını istəyirmi?

- İran məsələsi ilə məşğul olan hər hansısa bir işçi və yaxud agentlik yoxdur. Biz burda tamamilə Azərbaycanla məşğuluq. Qeyd etmək istəyirəm ki, bizim burda işçi sayımız azdır.

- Yəqin xəbəriniz var. Dünya mətbuatında Azərbaycanda İsrail casuslarının olması barədə məlumatlar getmişdi. Sonra İsrail səfirliyi bunu təkzib etdi. Amma belə bir təəssürat var ki, İsrailin Azərbaycan ərazisində İran barədə məlumat toplayan geniş bir kontingenti var. Mediada bu təəssürat yaradılmışdı. Doğru təəssüratdırmı?

- Əlbəttə ki, qısa və konkret cavab yoxdur. Yəni, bu, doğru deyil. Amma icazənizlə bu məsələdə daha dərinə getmək istəyərdim. Bu məsələyə spesifik olaraq yanaşsaq, məqalələrdən biri tamamilə ciddi deyildi. Kimsə onu oxuyubsa, özü nəticə çıxarıb. Mən Azərbaycanda daha çox enerji məsələlərini müşahidə edirəm. Onu qeyd etmək istəyərdim ki, Qərbdə olan analitiklər burda olan enerji məsələləri haqda elə analitik məqalələr yazırlar ki, reallığı əks etdirmir. Onun üçün qeyd etmək istəyirəm ki, siz və auditoriya, insanlar liderlərin bu məsələ barədə dediklərinə fikir verməlidirlər. Çünki onlar çox aydın və dəqiq bu məsələlər haqqında məlumat verirlər.

- Əlaqəni hiss edə bilmədim.

- Bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, mən nümunə olaraq onu gətirdim Sizin üçün. Qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı sizin liderlər daha aydın, dolğun fikirlərini bildiriblər. Azərbaycanda İranla İsraili bağlayan yeganə bir məsələ vardı. Sizin Milli Təhlükəsizlik Nazirliyinin ötən il hesabatında qeyd olunmuşdu ki, İran agentləri İsrail də daxil olmaqla bir sıra Qərb hədəflərinə hücumlar təşkil etmək istəyirdi.

- Enerji mövzusundan danışaq. İsrail Azərbaycan neftinin əsas istehlakçılarından biridir. Bu, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsində olduqca əhəmiyyətli yer tutur. Sizcə, Azərbaycanın neft strategiyası, neft iqtisadiyyatı nə qədər doğrudur? Azərbaycan neft resurslarını tükətməkdə nə dərəcədə haqlıdır? Azərbaycan əhalisi bu halla bağlı nə dərəcədə xoşbəxt olmalıdır?

- Məndən bir iqtisadçı təhlili gözləməyin. Çünki mən iqtisadçı deyiləm. Neft sahəsinin inkişaf etdirilməsi və onun ixracının təşkil edilməsində biz həssaslığı da nəzərə almalıyıq. Çünki bu siyasətin həyata keçirilməsində çətinliklər olub. Demək olar ki, bu, çox gözəl təşkil edilib. Yəqin bilirsiniz ki, İsraildə də son bir neçə ildə qaz tapılıb. Mən öz nümunəmizdə görə bilirəm ki, İsrail dövləti üçün bu sahədə siyasəti inkişaf etdirmək necə çətindir. Biz torpaq sahəsi ilə heç bir yerə bağlı deyilik, qapalı dəniz hövzəsində yaşamırıq, amma ki, bu, daxili idxaldan və ixracdan asılı deyil. Kimdənsə asılı olaraq bu addımları atmaq olardı. Yəni, risklər daha aşağı olardı. Amma sizin liderlər belə etmədilər. Daha müstəqil siyasət seçdilər. Təbii ki, bu halda risklər daha yüksəkdir.

- Dinləyicilər İsraillə Türkiyə arasındakı hərbi əməkdaşlığın indiki vəziyyəti ilə maraqlanırlar. Bu münasibətlərin sonrakı perspektivini necə görürsünüz?

- Qeyd etməliyəm ki, biz tarixən türklərlə çox yaxın olmuşuq. Hətta bu gün də belə Türkiyəyə gün ərzində 3-4 uçuş olur. Təyyarələr hər zaman dolu olur. Son zamanlar baş nazir və Xarici İşlər Nazirliyi Türkiyədən olan 7 media nümayəndəsini qəbul etdilər. Bunlar hamısı əlaqələrin yaxşılaşdırılmasına doğru atılmış addımlardır. Mən indi istəməzdim ki, Türkiyənin keçmiş siyasəti ilə bağlı təhlillər aparım. Sadəcə olaraq qeyd etmək istəyərdim ki, son ildə, xüsusən də son bir neçə ayda Yaxın Şərqdə baş verən hadisələr İsrail-Türkiyə münasibətləri haqda daha optimist ruhda danışmağa imkan yaradır.

- Siz düşünürsünüz ki, «One minute» siyasəti artıq keçmişdə qalıb?

- Təbii ki, İsrail əvvəldən münasibətləri yaxşılaşdırmağa doğru addım atırdı. Türkiyənin də buna qarşı reaksiyası artıq müsbətdir.

- İsrail –Azərbaycan hərbi əməkdaşlığı nə yerdədir? İsrailin Azərbaycana 1.6 milyard dollarlıq silah satması barədə xəbərlər yayılmışdı mediada. Son vaxtlar hərbi sahədə əməkdaşlıq daha nələri ehtiva edir? İsrail Azərbaycanın Xəzər dənizindəki müşahidə imkanlarının artırılmasında və İranla sərhədlərin gücləndirilməsində hansı dəstəyi verir və ya gələcəkdə verə bilər?

- Gəlin belə deyək. Müəyyən bir məlumat var idi ki, bu, ictimaiyyətə çatdırıldı. İkincisi, mən hərbi məsələlərin dərinliyinə varmaq istəməzdim. Üçüncüsü də ki, Azərbaycanın təhlükəsiz olması İsrail üçün çox mühümdür. Çünki elə məsələlər var ki, onu studiyada açıq müzakirə etmək olar. Ancaq elə məsələlər var ki, onu kənarda müzakirə etmək lazımdır.

- Ortalıqda qeyri-şəffaf olan nəsə var?

- Siz mətbuata əsaslanıb fikirlər dediniz. Fikirləşirəm ki, hər şey şəffafdır.

- Ancaq biz mətbuatdan hər şeyi öyrənə bilmirik.

- Mən mətbuata çox hörmət edirəm və mediaya müsbət yanaşıram. Amma bəzən mediada düzgün olmayan məlumatlar da yer alır.

- Siz burda, dinləyicilər burda. Siz deyin, biz bilək ki, İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq nədən ibarətdir. Biz də onda qeyri-dəqiq məlumatlara əsaslanmayaq.

- Siz mənə bir neçə ay öncə İsraildə məlumatları hara qədər aça bilərik mövzusunda keçirilən debatı xatırlatdınız. Təbii ki, orada şəffaflıq qələbə çaldı. Və təbii ki, elə şeylər var ki, onu açıq şəkildə müzakirə etmək olar, müəyyən şeylər var ki, olmaz.

- Bizi dinləyənlər indi düşünə bilərlər ki, Azərbaycanla İsrail arasında qeyri-şəffaf hərbi münasibətlər var.

- Hərbi sahədə və digər sahələrdə münasibətlər hamısı qanunauyğundur. Bunu həyata keçirən şirkətlərin özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, bütün məlumatlar açıqdır. Ona görə də, şəffaflıq mövzusu ortadadır.

- Burda İranda yaşayan azərbaycanlılarla bağlı çoxlu sual var. İsrail dövlətinin Azərbaycan Respublikası ilə İran Azərbaycanının birləşməsinə münasibəti necədir?

- Siz məni indi çox çətin və ciddi bir sualla qarşı-qarşıya qoyursunuz. Mən İsrailin Tehrandakı səfiri olsaydım - hansı ki, hələ də yoxdur - İranın məsələləri ilə bağlı daha yaxşı danışardım. İsrail və İran arasında olan məsələ hər hansı etnik qrup çərçivəsindən çıxmır. Bu, ancaq İranda olan mollaların siyasətindən irəli gələn bir şeydir. Bizi İranın hər hansı bir etnik qrupunun Azərbaycanla yaxşı olması və ya olmaması deyil, İsrailə qarşı onların siyasəti maraqlandırır.

- Dinləyici soruşur ki, 50 milyonluq Azərbaycan dövlətinin olması İsrailə xeyirdir, yoxsa ziyan? İranın parçalanmasına münasibəti necədir? İnsan haqlarını müdafiə edən İsrail dövləti həmin o bölünmüş millətin haqlarını da müdafiə edərmi?

- Bəziləri fikirləşir ki, İsrail dövləti yarandığı vaxtdan İranla problem var. Bu, belə deyil. Bilirsinizmi, İsrailin ilk yaradıcısı, Baş naziri David Ben-Gurion İran və Türkiyəni İsrailin ən yaxın müttəfiqi kimi qeyd etmişdi. İsrail ölkələrin daxilində insanların necə bölündüyü ilə maraqlanmır. Misal üçün, bizə maraqlı deyil ki, Misir xalqı «Müsəlman Qardaşları»nı və ya Mubarak’ı seçəcək. Bizə dövlətin siyasətinin necə olacağı maraqlıdır.

- Azərbaycanda və İsraildə demokratiyanın səviyyəsini müqayisə etməsini istəyir dinləyicilər. Seçkilərin vəziyyətini müqayisə edilməsini istəyirlər. İsraildə seçkilər gözlənilir. Sizcə, Azərbaycan İsraildəki seçkilərdən hansı dərsləri ala bilər?

- Fikrimcə, demokratiya bir prosesdir. Bazar iqtisadiyyatı bir prosesdir. İsrail 40 il öncə və 20 il öncə başqa cür görünürdü. İndi isə başqa cür. İsrailin 70-ci illərdə olan bazar iqtisadiyyatı bu gün bazar iqtisadiyyatına qətiyyən oxşamır. Mən möcüzələrə inanmıram. Mən ateistəm. Mən özünü inkişaf etdirməyə inanıram. Mən 3 ildir Azərbaycandayam və ətrafıma baxanda, görürəm ki, insanlar öyrənirlər. Bilirsiniz, bu nəyi xatırladır? Siz psixoloqa gedirsiniz və o, sizə nə etmək lazım olduğunu deyirsə, bunun heç bir xeyri yoxdur. Bu, sizin içinizdən gəlməlidir.

- Daha bir sual var. İsraillə Azərbaycan arasında vizasız gediş-gəliş olacaqmı?

- İnşallah ( Gülür). Biz bu məsələ üzrə hazırda işlər aparırıq. Qeyd etmək istəyirəm ki, viza əldə etmək üçün bizdə çox sadə proses gedir.

- Dinləyici soruşur: Niyə biz səfirliyə gedəndə, bizi demək olar ki, soyundururlar.

- Fikrimcə, bu, elə Heydər Əliyev hava limanındakı yoxlamalardan keçməyə bərabərdir.

- Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin terror cəhdləri ilə bağlı verdiyi bəyanatlara skeptik yanaşan ekspertlər var. Mediada belə bir məlumatlar da var ki, bu məlumatlar Milli Təhlükəsizlik Nazirliyinə əslində İsrail ekspertləri tərəfindən ötürülür. Niyə Azərbaycan vətəndaşlarını İsraili hədəf almağa görə həbs edirlər? Bu nə deməkdir?

- Azərbaycan vətəndaşları nə İsrail səfirliyinə, nə də ki, israillilərə hücum etmək istəyirlər. Burda biz bir qrup insanlardan danışırıq ki, əslində çox az saydadır. Milli Təhlükəsizlik Nazirliyi özü də qeyd etmişdi ki, onlar İran tərəfindən yollanmışdı.

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG