Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:49

New York Times`ın əməkdaşı bahalı Bakıda gördüyü təzadları yazır


Bakıdan görüntü
Bakıdan görüntü
-


The New York Times qəzetinin əməkdaşı Joshua Levine Bakıya səfəri barədə geniş reportaj hazırlayıb. Bakı hava limanına düşdüyü andan gördüklərini təsvir edən müxbir yazır ki, aeroportdan şəhərə gedən yolu bəzi azərbaycanlılar «Xoşbəxtlik Kəməri» adlandırırlar: «Şəhərə aparan yeni yol onun çəkilişini və Azərbaycandakı hər şeyin dəyərini ödəmiş böyük neft yataqları qədər qara və parıltılıdır. Və neft, düzəldə bilmədiklərinin gizlədilməsinin də dəyərini ödəyir. Magistral boyunca torpaq rəngli beton hasar uzanır, lakin bu hasarın şərqsayağı naxışlarının arasından ara-sıra miskin daxmalar görünür».


Müxbir yazır ki, Bakıda küçəni keçmək üçün gərək dəli olasan və çox az adamlar bunu edirlər. O tərəfə keçmək üçün ən salamat yol mərmər döşənmiş yeraltı keçidlərdir. Keçidin bir tərəfində orda-burda səpələnmiş kababxanaları və idxal olunmuş palma və zeytun ağacları arasındakı uşaq oyun meydançaları ilə Bakı buxtası boyunca yaşıl bulvar uzanır. Bulvarın qurtardığı yerdə sahəsi 2450 kvadratmetr, hündürlüyü 162 metr olan qüllədə Azərbaycan bayrağı dalğalanır. Bu qülləni bayraq qüllələrinin dünya rekordunu aşmaq üçün tikmişdilər.

Rekord, Tacikistan ötən il bu qüllədən üçcə metr hündür qüllə tikənədək davam etdi. (Deyilənə görə, bunu təhqir hesab edən Azərbaycan prezidenti İlham Əliyev Tacikistanda keçirilməsi planlaşdırılan konfransı boykot edib).

QLOBAL MODA KÜLLİYYATI BURADADIR...

Bakıda Dolce&Gabbana butiki
Bakıda Dolce&Gabbana butiki
Joshua Levine daha sonra yazır:

- Neftçilər Prospekti adlanan küçənin o biri tərəfində isə xoşbəxtlik kəmərinin canı yerləşir. Bakının bir əsr bundan əvvəl də ilk neft gəlhagəlini yaşamış bir şəhər olduğunu göstərən neoklassik üslubda tikilmiş binaları dizayner butikləri zəbt edib. Yüksək moda ən azı şüşə vitrinlərin arxasında çiçəklənməkdədir. Tiffany, Gucci, Dior, Bottega Veneta, Burberry, Etro, YSL — qlobal moda külliyyatı buradadır.

Lakin burada modaya olan münasibət, xoşbəxtlik kəmərinin özü qədər dardır. Mən arvadımla bulvar boyu gəzdikcə gənc azərbaycanlılar – adətən yalnız qızlardan və ya oğlanlardan ibarət dəstələr bizə baxıb qımışırdılar. Sonradan, nəhayət kimsə bizə izah etdi ki, burda şort geyinən kişilərə homoseksual, ictimai yerlərdə siqaret çəkən qadınlara isə fahişə kimi baxırlar.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİ XATIRLADAN HEÇ NƏ YOXDUR

Müxbir təsvirlərində daha sonra qeyd edir ki, Yeni Bentley dükanının yanında 250 brendə yaxın mal, incəsənət kitabları, moda jurnalları və Avropanın ən dəbli rəqs klublarında məşhur olan mahnıları satan Emporium mağazası yerləşir. Bu, üç cəhətdən gözəl mağazadır: təmiz, işıqlı və gözəgəlimli. Özünüzü asanlıqla Parisin cazibədar Colette mağazasında hiss edə bilərsiniz, lakin bununla yanaşı burada doğma Azərbaycan mədəniyyətini uzaqdan-uzağa xatırladan heç nə yoxdur:

«Emporiumun sahibi olan Sinteks şirkətinin inkişaf üzrə meneceri Əziz Babayev deyir ki, yerli moda dizaynerləri və moda ənənələri yoxdur. Onlar hətta vitrinlərinin tərtibatı üçün beynəlxalq agentliklərə müraciət edirlər. Bakıda onlara lazım olan zövq səviyyəsində kimsə yoxdur».

YENİ BAKI

Joshua Levine yazır ki, azərbaycanlıların Zərdüştün zəmanəsindən bəri həmişə malik olduqları bir şey var: Ölkənin bəzi yerləri neft içində üzür və bunun iyi buxta ətrafında da hiss olunur:

Xəzərdə neft buruqları
Xəzərdə neft buruqları
- Yeni Bakı dünən doğulub. 2005-ci ildə Azərbaycanın 7 milyard barrellik ehtiyatları 4 milyard dollara başa gəlmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qərbə nəql olunmağa başlayıb. Azərbaycanda ümumi daxili məhsul 2000-ci ildəki 7 milyard dollardan ötən il 63 milyard dollara sıçrayıb.

«BƏDBƏXTLİK KƏMƏRİ»NDƏ OLANLAR

Bu gəlirin bir hissəsi «bədbəxtlik kəmərində» olan təbəqəyə ötürülüb, lakin kifayət qədər olmadığı üçün elə də fərq etməyib. Bir çox azərbaycanlılar dəhşətli dərəcədə yoxsuldurlar. Gecəqonduya oxşayan kabab restoranlarından birində ofisiant fikirli-fikirli deyir: «Mən də Gucci»də bazarlıq etmək istərdim, lakin gərək sonra bir neçə ay heç nə yeməyəm».

Müxbir yazır ki, böyük pullar çox dar zirvədə toplanıb. Bu pullar yaxın aşnaların kapitalist sistemini saxlamağa və düşmən klanları razı salmağa xidmət edir. Rüşvət və korrupsiya normaya çevrilib:

«Burada əsas «çömçə tutan» 2003-cü ildə atası Heydəri prezident postunda əvəzləmiş İlham Əliyevdir. Təklənmiş Azərbaycan müxalifətindən Murad Həsənli sistemi «istehlak avtoritarizmi adlandırır».

GEYİM MƏCƏLLƏSİ

Müxbir iddia edir ki, prezident Əliyevin xanımı, Qafqazın Sofia Loreni sayılan Mehriban öz efir vaxtının xeyli hissəsindən millətin geyim məcəlləsini formalaşdırmaq üçün istifadə edir. Azərbaycanın bəlkə də ən açıq sözlü jurnalisti Xədicə İsmayılova deyir ki, bir çox qadınlar Mehriban kimi görünmək istəyirlər, saçlarını onun kimi düzəldirlər, onun geyimlərinə bənzər geyimləri şəhər kənarında olan Sədərək bazarından ucuz qiymətə alırlar.

Prezident və ailə üzvləri
Prezident və ailə üzvləri
Müəllif reportajında prezident İlham Əliyevin qızı Leylanı da Bakı dəbdəbəsinin daim səfərdə olan elçisi kimi təqdim edir: «O, müqaviləyə əsasən Condé Nast tərəfindən nəşr edilən və bahalı kağızda çap olunan rüblük «Baku İnternational» incəsənət və moda jurnalının faktiki redaktorudur. O, Azərbaycan rəssamlarının səyyar sərgilərinə sponsorluq edir. Bəzi adamlar deyirlər ki, Neftçilər Prospektindəki butiklərin əksəriyyəti ona məxsusdur, bir başqaları isə inanırlar ki, bu dükanların sahibi onun rusiyalı pop ulduzu olan əridir».

BAKIDA XƏBƏRDARLIĞI KİM VECİNƏ ALIR Kİ?

«Şapkalar» və monopoliyaların verdiyi lisenziyalar idxal qiymətlərini başqa yerlərdən daha baha edir. Hətta bu dükanlara pulu çatan nisbətən az sayda azərbaycanlılar da burada yalnız «vitrin», yaxud «göz» bazarlığı edirlər. Onlar istədiklərini daha ucuz qiymətə Dubay və Milanda almağa üstünlük verirlər».

Xədicə İsmayılova deyir: «Mən bu dükanlara girib-çıxanları müşahidə etmişəm. Onların sayı heç vaxt gündə bir-iki nəfərdən çox olmur. Bu dükanlar müştərilərin sayı ilə maraqlanmırlar. Bu, ölkə üçün yaxşı fasaddan başqa bir şey deyil».

Joshua Levine isə əlavə edir ki, son vaxtlar bu fasad çat verməyə başlayıb. Viza rejiminin sərtləşdirilməsi ucbatından 2010-cu ildə otellərdə yaşayanların sayı 2005-ci illə müqayisədə 70 faizdən 45 faizə düşüb.

Bakı isə bir ucdan heç kimin yatmadığı otel çarpayılarının sayını artırır. Jones, Lang, Lasalle Hotels məsləhət firmasının icraçı vise-prezidenti Marina Usenko deyir ki, «Bu, nazirlərin öz sərvətlərini nümayiş etdirmələri üçün bir növ özünütəsdiq bəyanatıdır. Öz qonaqlarını Four Seasons otelinə dəvət etmək adama xoş gəlir, lakin bu, iqtisadi baxımdan tamamilə mənasızdır. Biz onları bu barədə xəbərdar etməyə çalışırdıq, lakin Bakıda xəbərdarlığı kim vecinə alır ki?».

BAKIDA «POTYOMKİN KƏNDLƏRİ»

Reportajda daha sonra oxuyuruq: «Gah ordan, gah burdan göbələk kimi çıxan dəbdəbəli binaların bəzən heç kandarına da qədəm qoyulmur. Bu cür binaların əksəriyyəti boş balıq qulaqlarını xatırladır. Tanış olduğum Tamrika adlı bir qadın mənə dedi ki, onun yarıuçuq mənzilinə bugünlərdə yeni «üz» çəkiblər. Yeni divar binanın bir neçə metrliyindədir. O səhərlər pəncərəsini açdıqdan sonra, irəli uzanıb ikinci pəncərəni də açır.

Bu sayaq «Potyomkin kəndləri» Azərbaycanın ötən may ayında qonaqladığı Eurovision musiqi yarışından bir neçə ay əvvəl quraşdırılıb. Bu tədbir Bakının dünya media səhnəsində böyük anı olmalı idi və Əliyev reallığın xoşagəlməz əlamətlərini ört-basdır etmək üçün gecə-gündüz çalışırdı. İnsan haqları təşkilatları hesabat verirdilər ki, evlərin zorla boşaldılması zamanı köhnə binaları sadəcə olaraq buldozerlərlə məhv edirdilər.

Digər tərəfdən bu kimi dələduz fəndləri həmin fəndləri ən yaxşı bilənlərə – azərbaycanlılara tətbiq edirlər. Berlindəki Humboldt Universiteti üçün Azərbaycanda kosmopolit münasibətlər barədə doktorluq araşdırması aparan Melanie Krebs deyir: «Mən iki il əvvəl buraya ilk dəfə gələndə adamlar şəhərin belə sürətlə dəyişməsindən şikayət edirdilər. İndi isə elə həmin adamlar deyirlər: «Şəhərimiz necə də gözəlləşib. Bizim şəhər dünyanın ən yaxşısıdır, hətta bu şəhərdə necə dolanacağımızı bilməsək də…».

«BİZ BARSELONANIN YANINDAYIQ»

Mən Neftçilər Prospektində uşaq malları satan Dior mağazasına getdim. Menecerdən işlərin necə getdiyini soruşdum. O, etiraf etdi ki, yaxşı getmir. «Bizim adamların pulu çox deyil», -deyə menecer söhbətinə davam etdi, - «bir uşaq paltarının qiyməti 895 manatdır, yəni 1140 dollar. Uşaq bağçasının direktoru isə ayda 300 manat maaş alır». Lakin birdən həmsöhbətimin üzü işıq saçdı. Bura bax, deyə menecer, Baby Dior dükanlarının dünya üzrə işlədiyi şəhərlərin siyahısını göstərdi, «Biz Barselonanın yanındayıq».

Bunlar The New York Times qəzetinin əməkdaşı Joshua Levine`nin Bakıdan yazdıqları idi. Reportajla ətraflı butada tanış ola bilərsiz.
XS
SM
MD
LG