Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:08

Tağı Şahbazi (Simurğ). MƏŞƏDİ QƏDİMİN EVİNDƏ BƏDBƏXTLİK


-

Tağı Şahbazi (Simurğ)


MƏŞƏDİ QƏDİMİN EVİNDƏ BƏDBƏXTLİK

Məşədi Qədim öz həyatından şikayətçi deyildi. Məşədinin hər iki arvadı onun istirahəti üçün lazımi qədər səy və təlaş edirdi. Bunu Məşədi görürdü. Tamam gün dükanında alverlə məşğul olan Məşədi Qədim axşam evə qayıtdıqda, arvadının birisi onun üçün dəstəmaz almağa su hazır etsəydi, o birisi canamaz hazırlayardı. Biri Məşədiyə çay versəydi, o birisi xörək tədarük edirdi, biri Məşədiyə bir söz desəydi, dərhal o birisi də başqa bir söz söyləyirdi... Hər iki arvad çalışırdı ki, Məşədiyə xidmət göstərsin. Bundan ötrü də bir-birilə rəqabət edirdilər. Birdən Məşədi desəydi: "Mənə gələn, saqqalımın rəngi balaca solmuşdur", bu kifayət idi. Hər iki arvad təcili işə şüru edirdi. Biri tez tərpənib həna hazır etməyə başlasaydı, o biri də məəttəl qalmayıb hənadan sonra Məşədinin saqqalını bağlamaq üçün ləçək tədarük edirdi... Çox vaxt belə işlər üstündə arvadların ara-sında balaca söz də keçirdi, amma hər dəfə Məşədi Qədim onları sakit edirdi.
Məşədi Qədimin ikiarvadlılığı çoxdan deyildi. İkinci arvadı iki il bundan qabaq almışdı. O vaxtadək Məşədi Qədimin yalnız bir arvadı var idi ki, o da şəhərin ən gözəllərindən Gülsabah xanım idi. Gülsabah ucaboylu, qarasaçlı, irigözlü, 25 yaşında bir qadın idi. Məşədi Qədim Gülsabah xanımla on il yaşamış və ondan sonra ikinci dəfə evlənmiş və Gülcahan xanımı almışdı.
Məşədi Qədim ikinci arvadı almaqda, özünün söylədiyi kimi, yalnız bircə fıkri var idi ki, o da övladı olmaması idi; çünki Məşədi Qədimin Gülsabah xanımdan övladı olmamışdı. Bu xüsusda Məşədi Qədim Gülsabah ilə danışmış, fıkrini anlatmışdı.
- Ay arvad, sənə də, mənə də övlad lazımdır ki, qocalanda əlimizdən tutan olsun. Görürsən ki, bizim övladımız olmayır; indi özün bil, bax gör, amma çarəmiz yoxdur, bilirsən...
Bu söz Gülsabah xanıma xoş gəlməmişdi, o öz narazılığını söyləmişdi:
- Nə istəyirsən, xatırına təzəsini almaq düşübmü?.. Gülsabah xanımın sözünü kəsərək, Məşədi Qədim demişdi:
- Nə üçün elə danışırsan? Mən övlad üçün deyirəm; övladımız olar; o ki qaldı arvad, o da bacı olar, sənə kömək edər. Əvvəlcə razı olmaq istəməyən Gülsabah sonradan razı olmuşdu və Məşədi Qədim də Gülcahan xanımı almışdı.
Gülcahan xanım dul idi. Əri öləndən sonra bir oğlu qalmışdı ki, o da səkkiz yaşında ikən anası evdə olmadığı vaxt yanan lampanı yıxıb odlanmış və tələf olmuşdu. O vaxtadək Gülcahan xanım tək qalmışdı.
Məşədi Qədim onun gözəlliyini eşitmişdi. Çoxdan bəri uzaqdan-uzağa ona məhəbbət bağlamışdı. Dul qalmasını görüncə, Məşədi övlad məsələsini ortaya salıb, Gülcahan xanımı almaq sövdasına düşmüşdü.
Məşədi Qədimin arvadları evdə çalışdıqları və Məşədiyə qulluq etdikləri vaxt bir-birilə rəqabət etdikləri kimi, xüsusi yaşayışlarında da bir-birindən geri qalmaq istəməzdilər.
Biri sabahdan təzə paltar geysəydi, o birisi də paltarlarını dəyişərdi. Biri başına həna qoysaydı, o birisi də yaxardı. Biri hamama getsəydi, haman gün, haman saat o birisi də yollanardı. Bunu Məşədi Qədim də müşahidə etmiş və duymuşdu. Odur ki, Məşədi Qədim arvadlarına bir şey almaq istəsəydi, cüt alardı ki, heç birinin ürəyi sınmasın. Biri ondan bir dördrəng örpək istəsəydi, Məşədi Qədim hər ikisinə alardı.
Belə olurdu ki, Gülsabah xanım saxladığı toyuqlardan bir qədər pul düzəldib özünə bir yaylıq, ya bir corab alırdı, haman gün Gülcahan xanım Gülsabah xanımın aldığını Məşədi Qədimə göstərib, özünə də tələb edirdi. Onun üçün də Məşədi Qədim axtarmağa başlardı. Tanış və biliş dükançılara müraciət edib eyni rəng və eyni cür yaylıq və ya corab istərdi.
- Ay Məşədi Qədim, nə olar, o güldə olmasın, başqa güldə olsun, rəngi ki birdir, apar, mübarəkdir, - deyərdilər.
- Yox, yox, Hacı, heç təklif etmə, apara bilmərəm. Göstərdiyimin eyni olmazsa, ala bilmərəm, mənim işim başqadır!
- Bəli, doğrudur. Bəli, bəli, Məşədi Qədim, məlumdur. Allah artıq eləsin!
Məşədi Qədimin əhvalatını hamı bilirdi. Doğrudur, bu ikiarvadlılıq Məşədi Qədimin qayğısını artırmışdı, amma o bu yaşayışından narazı deyildi. Bu qayda ilə Məşədi Qədim yaşayır, arvadlarının istədiyini tapır və aralarında qovğa olmasına imkan verməyirdi.
Lakin bir hadisə Məşədi Qədimin rahat yaşamasını pozdu.
Məşədi Qədimin evi ilə üzbəüz böyük bir ev qadınlar şöbəsinə verilmişdi. Burada qadınlar şöbəsinin idarəsi, qadmlar klubu, qadınlara məxsus savad məktəbi və başqa bu kimi mədəni və maarif təşkilatları mövcud idi.
Kim bilir, bəlkə qadınlar təşkilatı Məşədi Qədimin evinin qarşısında olmasaydı, heç Məşədi Qədimin arvadları oraya getməz və oranı tanımazlardı. Lakin qadınlar evinə dəstə-dəstə arvadların gəlməsini görən Məşədi Qədimin arvadları da oraya getməyə başladılar.
Əvvəlcə Məşədi Qədimin birinci arvadı Gülsabah xanım getmişdi. Amma sonradan bundan xəbər tutan Gülcahan xanım da günüsündən geri qalmaq istəməyərək, qadınlar klubuna getməyə başlamışdı. Məşədi Qədim bu işdən narazı və dilgir idi. Amma bir arvadına deyəndə ki:
- Bu klublarda nə var ki, niyə gedirsən? Arvad ona cavabında:
- Niyə mənə deyirsən? İstəkli arvadın gedir, mən də gedəcəyəm. Ondan əskik deyiləm ki!
Bir dəfə, hətta Məşədi Qədim hər ikisinə bir yerdə öyüd vermək istədi, amma Gülsabah onun sözünü kəsib dedi:
- Daha bu kişi işi deyil. Qoymazsan, odur ha, gedərəm, arvadların sədrinə deyərəm. Arvadların daha ixtiyan özlərinə verilibdir...
Məşədi Qədim bir söz demək istədisə də, lakin Gülsabah sözünə davam edib, əlavə etdi ki:
- Hələ orada da sənin kimi ikiarvadlılardan danışırlar. O iş, görünür ki, səni açmayır...
Bu söhbətdən sonra Məşədi Qədim bu işin üstünü açmaq istəmədi.
Məşədi Qədim bilirdi ki, indiki hökumət bu arvad məsələsinə də qarışır. Dükanda, bazarda bu barədə çox şikayətlər eşitmişdi və yəqin etmişdi ki, bu xüsusda bu hökumətlə mübahisə etmək yaramaz. Ona görə də təhəmmül etməyi lazım bilmişdi.
Lakin sonrakı hadisə Məşədi Qədimi çətin bir vəziyyət qarşısında buraxdı.
Bir gün axşam Məşədi Qədim evə qayıtdıqda, Gülcahan xanım od kimi qarşısına çıxıb dedi:
- İstəkli arvadın Bakıya gedir, arvadlar onu vəkil seçdilər. Mən burada qalası deyiləm. Mən də gərək gedəm.
Məşədi Qədim təəccüblə arvadının üzünə baxır, bir şey dərk etməyirdi.
Gülcahan xanım sözünə davam edərək:
- Heç təəccüb etmə, - dedi, - o getsə, mən də gedəcəyəm. Məşədi Qədim Gülsabah xanımı çağırıb, əhvalatı sordu. Məlum oldu ki, qadınların klubunda ümumi iclas tərəfındən arvadlar günündə iştirak etmək üçün Bakıya nümayəndələr göndərməyə qərar verilmiş və Gülsabah xanım da nümayəndə olaraq seçilmişdir.
- Sabah yox, birisi gün getməliyik. Bayram gününə az qalıb, gərək Bakıda olaq.
Əvvəlcə Məşədi Qədim mane olmaq istədi və hiddətlə dedi:
- Yox, mən sənə ixtiyar verə bilmərəm. Qoymaram. Gülsabah xanım güldü və ancaq dedi ki:
- Sən buyur get, onu bizim sədrimizə de. Mən bilməyirəm. Deyirlər gərək gedəsən, arvadlar seçib siyahıya salıblar.
Məşədi Qədim gördü ki, məsələ ciddiyyət alır və qadınlar şöbəsi ilə danışmağı lazım bilmədiyindən ardınca yalvarıcı bir surətdə dedi:
- Ay Gülsabah, sən ki özgə deyilsən, görürsən ki, bu iş yaxşı deyil, gərək özün razı olmayasan.
Gülsabah xanım heç eşitmək istəmədi və qəti olaraq dedi:
- Məni seçib siyahıya salıblar. Arvadların bayramıdır, mən də gedəcəyəm. Sən ki tək qalmayırsan, arvadın yanında, mən də beş-altı günə qayıdaram.
Gülsabah xanımın qəti cavabını eşidən Gülcahan xanım da bu yandan Məşədi Qədimə təkid etdi:
- Mən də burada qalmayacağam, sən də gərək məni ya özün aparasan və ya göndərəsən.
Məşədi Qədim, doğrudan da, bir çətin məsələ qarşısında qaldı. Fikirləşdi, nə etsin: bir tərəfdən Gülsabah xanımın getməsinə razı ola bilməyir, o biri tərəfdən də mane olmağa qadir deyildi, çünki bilirdi ki, mane olsa, qadınlar təşkilatı onu məhkəməyə verər, onda da vaxtında cəzaya düçar olar.
Ümumiyyətlə, Məşədi Qədim çox qorxaq idi.
Gülcahan xanımın tələbi isə Məşədi Qədimi lap çaşdırmışdı. Məşədi Qədim Gülcahanı fıkrindən daşındırmaq üçün onunla təklikdə danışmaq istədi:
- Ay Gülcahan, axı bu dərəcədə günülük olmaz! Tutaq ki, onu arvadlar öz tərəfındən vəkil seçiblər, səni ki seçməyiblər, daha sən haraya gedirsən, sən nə deyirsən?..
- Mən də o gedən yerləri görmək istəyirəm. O gedib gəzəcək, mən səninçün evdə qahb qulluqçuluq edəcəyəm? Olmaz!
Məşədi Qədim yenə mülayim səslə başladı:
- Bir fıkir elə, Gülsabah arvadlar ilə bir yerdə gedəcək, sən nə onlarla bərabər gedə biləcəksən, nə də təklikdə səfərə çıxa biləcəksən. İndi bir fıkir elə, evimiz-eşiyimiz, bunları buraxıb gedə bilərikmi?
Gülcahan xanımın qəran qəti idi:
-O getsə, mən də gedəcəyəm!..
Məşədi Qədim gördü ki, artıq bu xüsusda danışmaq bicadır, ona görə də daha Gülcahana bir söz söyləmədi. Bu əhvalat Məşədi Qədimə çox pis təsir etdi və onun rahat yaşayışını tamamilə pozmuş oldu.
Bir həftədən sonra Məşədi Qədimin evində başqa bir məsələ müzakirəyə qoyulmuşdu.
Məşədi Qədimin arvadları tələb edirdilər ki, Məşədi birarvadlı olsun.
Gülsabah deyirdi:
- Gərək, Məşədi, arvadınm birini yola salasan və kəbinini də nəqdı sayasan qabağına, ikiarvadlılıq daha yaramaz.
Gülcahan bu fıkrə şərik olduğunu bildirərək, dedi:
- İkiarvadlılığın teatrım göstərəndə mən dedim ki, bax, lap hələ bil Məşədi Qədimdir. Hamısı lənət oxudu.
- Bəs, sədr kağızdan qərar oxumadı, demədi ki, gərək ikiarvadlığa yol verməyəsiniz?
- Mən də onu deyirəm. Qoy evvəlcə kəbinimi versin. Məşədi Qədim arvadların Bakıdan bu fıkirlə qayıtmalarından çox dilgir oldu, çünki onların qaldırdıqları məsələni həll edə bilməyirdi. Əvvələn, kəbin... Yəni bir neçə yüz manat nəqd puldan əl çəkmək... İkincisi də ki, işləyən və çalışan adamı buraxmaq... Odur ki, Məşədi Qədim istədi arvadları "əyri yoldan" qaytarsın.
- Sizə nə deyiblərsə, bilməyirəm, amma boş yerə o deyilən sözlərə qulaq asırsınız. Siz bilirsiniz ki, bu Allahın qoyduğu, peyğəmbərin göstərdiyi şəriətdir, kim bunun qabağına bir söz deyə bilər? Məgər siz cəhənnəm odundan qorxmayırsınız?
Gülsabah onun sözünü kəsərək:
- Bax, lap teatrdakı Hacı da belə deyirdi... - deyə güldü.
- Yaxşı, tutaq ki, mən sizin birinizi boşadım. Axı gedib nə edəcəksiniz, başqa ərə getməyəcəksiniz ki?
- Nə üçün? İstərik gedərik, istəmərik getmərik. Odur, qadınlara nə qədər sənət öyrədirlər, orada nə qədər arvad işləyirdi. Bir klub vardı ki, hər nə yaxşı sənət desən, orada qadınlara öyrədirlər. Minlərlə arvad çalışır, o da gedər işlər.
Məşədi Qədim belə cavabı heç gözləməyirdi. Məşədi bundan sonra daha söz deyə bilmədi. Amma açıq gördü ki, bu ikiarvadlılıq məsələsi belə qalmayacaq. Lakin kəbin... yəni bir neçə yüz manatdan əl çəkmək, bu da belə bir kəsad zamanda...
Bu fıkirlə Məşədi Qədim qonşu axundun yanına məsləhətə getdi.

1925
XS
SM
MD
LG