Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 16:58

Nazilə Gültac. Şeirlər


-

Vətən daşı

İşıldaböcək güllələr
ocağına yağdı.
Üstünə qan çiləndi.
Bəyaz telliyə sirdaş,
gizli sevdasına
çıraq daşıydın.
Əli qanlı zəmanənin
üzü qaradır yanında.
Düşmən ocağında
donan,
çatlayan,
kül içində
yanan daşım.
Vətən qalasına
hörüləcək
hörgü daşım.
Ocaq daşım-Vətən daşım.
. .

Həyatın dibində

Masamız üstündə dolu qədəhlər.
Süzülüb içinə tutqun istəklər
Səbrimizsə dibində..
Soyuq barmaqlarımız
alışmayan şam kimi
gecənin özü rəngdə.
Qəlbimizi tökmüşük önümüzə.
Sevdamızın son günündə..
Acımızı çırpdıq qədəhimizə.
Qədəhlər çilikləndi.
Bir rəssam istəyirəm
Çəksin bu rəsmi.
.

Sahildəyəm

Sahildəyəm.
Yellənir havada
qayğısız bir qağayı.
İzini örtüb,
ləpələrin atdığı
balıqqulağı
Bır yandan musıqı,
Bır yandan
dalğalı dəniz
Səsləyir məni.
Ürəyımsə sahilə
atılmış
çırpınan balıq.
Yırğalanır dənizdə
bir avarsız qayıq.
.

Yazıq oldu

Ürəyim qanayır qüssədən
Ömrümün xoş anları
Hec oldumu görən?
Yazıq oldu gəncliyimə
Gözəl hisslərimə.
Yarımçıq nəğmələrimə.
Nə keçmişim ürək acan,
Nə bu günüm.
Qəlbim bəyaz yelkənlərə
qoşulub getdi.
Haçan?


Yarpaqlar

Yarpaqlar ömrümün
Yaşıl, sarı günləri
Ilahi baxış altda
Ürəyim titrəyən yarpaq
Könlümün nur selinə
Bir badədir o yarpaq
Sərxoş yolun yolçusu
İç badəni doyunca.
Sən də sərxoş olunca.
Gözlərimə ləçək yağır
Yarpaqqarışıq hər gecə.


Bağışlaram

Sevincimə sədd çəkənim.
Sən çəkmə gəl, mən çəkəni.
Mənə dönsən zülm edənim.
Günahını bağışlaram.

Ürəyimdən min qəm keçir,
Qatar-qatar durnam köçür,
Məni dərdən,qəmdən keçir,
Sənə ümman bağışlaram.

Göynəyirəm için-için.
Soruşmursan niyə, nə üçün?
Bircə anlıq sevinc üçün
Sənə ümman bağışlaram.


SÖZÜN QÜDRƏTİ

İnsanla azadlığı arasına
çəkilən tikanlı məftillərə
öncə insanın səsi ilişir.
Yaralı səs-
işığı öləziyən
gözün son nuru.
Qanı sözə çilənir.
Qanda cücərən sözlər
azadlığa boy atır.
insanla azadlığı arasına
çəkilən məftilləri
sonda sözlər aşır.
Sözlər səsin azadlığıdır.


VƏTƏN

Parçalanıb ələnmisən.
Oğulları didərgin - sən.
Dilim- dilim bölünmüsən.
Vətən.
Xarıgülü bəndə düşən,
Bülbülləri dərdə düşən,
Yolları kəməndə düşən,
Vətən.


GÜL DƏNİZİ

Ağ güllər- ağ dəniz.
Ləkəsiz, boyasız.
Tərtəmiz.
Qırmızı gül
qan kimi -
coşğun və qaynar.
Atəşində sevgi yanar.
Sarı gül-
nifrətdi. iztirabdı.
Hicran dərinliyində
boğulan intizardı.
Ləçək- ləçək dalğaların
rəngli göz yaşlarıdı-
"Ağ gül,
qırmızı gül,
bir də sərı gül"


***


Dünyam yaman təlatümlü.
Havamın havası çatmır.
Asıblar duyğularımı.
Asılıb gözümdən
saxta sifətlər.
Qəlbimin qapısını
yellər qoparıb.
İçində sellər oynayır.
Üzüb- üzüb
sahilimə çıxammıram.
Əllərimdən yağış damır.


DAĞLAR ARXASINDA İKİ DOST

Mən soyuqdan donan ,
aşırımda buz bağlayan
zərif qız.
Sən şimşəkdən od alan,
qanadlı ağ atınla
yalquzaqla savaşan
nağıl qəhrəmanımsan.
Tale payım olmadın.
Güneylərin
qış bəxtini yaşadıq.
Quzeylərin
yaz bəxtində sənsizəm.
Bir sevgi yaşadıram
fəsillər arasında.


HƏNDƏSİ FİQURLAR

Üçbucaq laqeyd adam.
Düz xətt sonsuz ayrılıq.
Yox bucağı, yox ucu.
Kvadrat çox lovğadır.
Düz bucağın üzündən
düzlük , təmizlik yağır.
Çevrə tilsim simvolu.
Dairəsi sehirli.
Gündə yüz dolanır,
bəxtimin orbitində.
Kub çoxüzlü, məkrli
saxta üzə bənzəyir.
Fiqurların heç biri
bir- birine bənzəmir.
Həyatımız həndəsi
fiqurlardan ibarət.
Qəlbimin divarına
sən düz xətlər çəkmisən.
Kəsişsə də birləşməz.


VƏTƏN XƏRİTƏSİ

Qızım çəkdi
Vətən xəritəsini.
Azərbaycan sözünü
sığışdıra bilmədi
xəritənin üstünə.
“Azər” yazdı,
“Bay” yazdı,
Dedi ki,
“Can” sözünə
yer azdı.
Məndən
yardım istədi.
Baxdım xeyli
ana yurdun
paralanmış köksünə.
Dağ çəkilən səddinə.
“C”-nı cənuba yazdım,
Dedim canımız orda.
Qızım, çoxumuz orda.
“A” düşdü Borçalıya,
And yerimizdi dedim.
“N”-nı qərbinə yazdım.
İrəvana xal saldım.
Orda nidamız qalıb.
Orda naləmiz yanıb.
Qızım, indi bax, dedim.
Bu böyük Vətənimin
Bəxtsiz xəritəsinə.


QƏRİBƏM, AY ANA

Bəxtim gedib çox uzağa,
Qapı açıb ayrılığa,
Ahım çatmır daha dağa,
Qəribəm, anam, qəribəm.

Könlüm bilmir yuva nədir,
Ruhum dəli, divanədir,
Cismim talan, viranədir.
Qəribəm, anam, qəribəm.

Bu dünyanın qibləsi bir,
Olumu, ölümü də bir,
Yeri də sirr, göyü də sirr.
Qəribəm, anam, qəribəm.

Gör, həyat nə biçimdədir?
Qaçan qaçır, köçən köçür.
“Qürbət özü içimdədir”.
Qəribəm, anam, qəribəm.


DİVAR

Dörd divar arasında
kiçilir göy üzü də.
Bir həsrət
qara bulud kimi
dolanır göy üzündə.
İşıq da can verir
dörd divar arasında.
Qapı üçün bir divarı
yıxmaq yetər.
Uçulan divardan
görünür həyat.


AXTARIŞ

İllər boyu
hey səni aradım.
Bəlkə də heç
axtarmadığım
sən idin.
Gümanlarımın
üzülən yerində
gəldik üz-üzə,
Başımı qaldırıb
gözünə baxdım.
İlahi! Orada mən vardım.
Yaşanmayan bir ömrün
başlanğıcına dönmək üçün
mən sənli bir yolun
sonuna vardım.

* * *

Daşı düşən divar,
Yerə düşən daş üşüyür.
Bir üzündə mamır göyərir.
Bir üzündə yaş üşüyür.
Daşı düşən
bir ev var uzaqda.
Bizi gözləyir.


İŞARƏLƏR

Elə cavablar var,
sualı yoxdur.
Elə suallar var,
cavabı çoxdur.
Elə sual da var,
özü cavabdır.
Nidalar dayanıb
başı üstündə.
Bəzən nöqtə durur
bir söz yerinə.
Vergüllər cümlənin
belini qırır.
Bütöv bir həyatdır,
bu işarələr
XS
SM
MD
LG