Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 17:23

Sara Selcan. Şeirlər


-

Sevgi sərdabəsi

Yaddaşımım mağara qaranlığından
Çıxarıb səni
Ürəyimin ənginliklərinə uçurdum,
Min illərin səssizliyində
Sənsizliyə asıldı gözlərim gedən qışın ardından
yaşılını yaşamadan Gələn baharda.

Qəlbimin sən olmayan
Küncü də yoxdur
Dayanıb azca nəfəsimi dərim
Məni sənsizlik qədər incidən yoxdur
Ümidlərimə təsəlli verim.

Harda asılsın ümidlərim,
Harda dincini alsın
Sənə can atıb
Yürüməkdən təngənəfəs olmuş istəyim,
Harda
yetəcək sona
uğradığım sevginin ayrılıq qəzası?

Tanrım,mükafatı beləmi olur
təpədən-dırnağa qərq olduğun,
həyatının hər anında onu düşündüyün
acılarında qovrulduğun
qəhr olduğun
sevginin mükafatı-Ayrılıq cəzası.

Misir ehramlarından möhkəmdir
Səninçün tikdiyim sevgi sərdabəsi.
Mən sənsizliyə susadım
Sənsizlikdə var olan Sən
Cisim deyilsən
Hayandasa sağ ola-ola
Əllərin,üzün bəmbəyaz sevgi qoxuyan
Ruhsan kimçünsə
Ay kimi ağ
Qəlbimə çəkdiyim rəsmində

Səndən köçmək olmur
Bitmir sənə qayıtmaq.
Sənsizlik, Ayrılıqlar
Min il getsəm belə bitməyəcək
Yolun Sonsuzluğuna
Sevgi sərdabəmdə
Tab gətirəcək eşq var.


Sevdim

Qara məxməri gecələri ulduzlara görə sevdim,
Gündüzləri mavisinə görə göy üzünün.
Axar suları səsinə görə sevdim,
Yaşılına görə sevdim meşələri,
Quşları azadlığına görə.
Düzləri tənhalığına görə sevdim,
Yovşanları qədimliyinə.
Səni də sevdim,
Cox-cox sevdim,
Bilmirəm niyə
sevdiklərimdən.


BU SARANI DA SEL APARIR

Bu Saranı da sel aparır,
Axan Arpa çayı deyil.
Fələyin verdiyi açar,
Hayıf, bəxt açarı deyil.

Bu Saranı da sel aparır,
Köməyə Xan Çoban gəlir.
Aparır sellər Saranı,
Ağ sularda Selcan gəlir.


DUYDUQLARIM

Dünyaya sığmayan
istəklər var,
İçi duyulmayan təklər var.
Var su bəyazlığı,
Yovşan qoxusu,
Bir də düzənlik azadlığı.

Bu mən mənə yad baxır,
Gah sevir, gah darıxır.
Baş açmadım ki axır,
Yoxam, varam özümdə,
Yovuşdum yovşanlara
İsti aran düzündə.

Su bir içimlik,
Gül bir dərimlik.
Can bir yaşamlıq,
Eşq bir dəlilik.

Bir damla göz yaşı,
Bir dünya sənsizlik.
Itirdim qanadlarımı
Mən o vaxt tələsib.
Hər doğulan insanla,
Ölən insanla
Tanrı dünyaya
Bir kəlmə pıçıldar:
Ardı var...


Orda

Yenə solmağa başladım,
Hayanasa payız gəlir.
Sən al qanınla yazırsan,
Mənə qara kağız gəlir.

Bilirəm orda yağışdı,
Görmürəm qoxusu gəlir.
Ört-basdır etmə sevgini,
Könlümə duyğusu gəlir.


Gözəl

Dünya sınıq pəncərə,
Kimlər keçmir hər cürə,
Baxdım dərviş, tacirə,
Ağam, qulumdan gözəl.

Kim məsum, kim paxıl de,
Gözlərimə baxıb de,
Mənimçün bir nağıl de,
Əvvəli sondan gözəl.

Şər şərliyin atmadı,
Gecə-gündüz yatmadı,
Şeytan paltar tapmadı
Mələk donundan gözəl.

Könlüm söz nəşəsidi,
Söz saflar peşəsidi,
Daha nə düşəsidi
Bəxtimə bundan gözəl.

Gah gen dünya, gah da dar,
İçimdə min dünya var,
Hələ də bu dünyada
Ölüm olumdan gözəl.


AY KİMİ AĞ

Ağ-Ay kimi ağ,
Səndən köçmək kimi
Çətindir sənə qayıtmaq.
Səndə olmazları görmək,
Səndə olacaqları
Heç kimdə olmayacaq qədər
Müqqəddəs bilmək.
Sevmək, sevmək,
Sevərək ölmək- qovuşmaq
Və yenə sevmək.
Ay kimi ağ arzular qanadında
Göyün yerində
Nura çevrilmək,
Gecələrin birində.


XAN ÇOBANA

Sellər təkcə sudan olmur, Xan Çoban,
Xan Çoban, sellər təkcə dağdan gəlmir.
Bir yaşda deyiləm ruhumla yəqin,
O söylədikləri yadıma gəlmir.

Min ilin yağmurun daşıyır ruhum,
Ruhumun əli var ağrılarımda.
Eyni röyanı görsəm də illərdir,
Hələ də azıram yuxularımda.

Gedirəm, getdiyim yolu yormadan,
Varlığın tapmağa öz yoxluğumun.
Gözümlə görürəm ilahi eşqin
İçimdə böyüyüb söz olduğunu.2004


Mən şəkilsiz adamam

Mən şəkilsiz adamam,
Belə ki
Şəkil yerinə yaz yağmurunun ətrini
Təsəvvür edin,
Iyləyin,
Çəkin ciyərlərinizə bu ətri
ən dadlı qoxu kimi.
Onda apaydın görünəcəm

Sirrsiz,tilsimsiz və daha nələrsiz,
Özüm olduğum kimi.
Mən şəkilsiz adamam
Və həm də sənsiz.
XS
SM
MD
LG