Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:04

Aliq Nağıoğlu "Congə" (Hekayə)


-

Aliq Nağıoğlu


CÖNGƏ


Təhmasibin cöngəsi iki gündü xəstələnmişdi. İki gündə əlli manatlıq dava-dərman vurulsa da, heyvanda bir irəliləyiş yox idi. Düzdü, oturaq durumda olsa da, dünən axşama kimi az-az həyətin sarmaşığından, qızılbaldırından yeyirdi, amma bu həyət belə durumdan ayağa duran ikinci bir heyvan görməmişdi. Odur ki, onun qanı qara idi. Xasiyyətini bildiyindən arvadı sözünün başına ip salmırdı, gördüyü işlərə fikir vermirdi. İndi də deyinə-deyinə su şlanqını qapının ağzına çəkirdi: növbəti dəfə dəmir darvazanın ağzını yol qırağı o baş-bu başa isladacaqdı. Belə baxanda toz-torpaq yatsın deyə sulamaq başa düşüləndi, ancaq nasos işləyirdi; indiki imkansız vaxtda bu da pul deməkdi. İyulun da istisinə neyləyəcəkdi, burdan isladırsan, ordan quruyur, di gəl demək- danışmaq olmurdu.
Təhmasib qızmar yay günəşinin anormal həniri altında heç nəyi vecinə almadan asfalt qırağını sulayırdı. Bu dəm qəfildən yoldan ötən çox bahalı, hündür təzə maşın dayandı, içindən dörd nəfər canı hövlü düşdü. İçərilərində ən yaşlısı, ağ saçlı, ağ köynəkli, qalstuklu birisi salam verib əlini şlanqa uzatdı:
- Sənə qurban, o şlanqı bəri ver görüm, quyu suyudur yəqin, bir sərinlənək, - deməyi ilə şlanqı Təhmasibin əlindən alıb aşağı əyildi, soyuq sudan ağ tüklü əllərinə axıtdı, üzünə vurdu. O, tanımadığı adamların dördünün də komanda şəklində cəld maşından düşüb iş başına keçməklərindən hiss elədi ki, onlar elə-belə, sadə adamlar deyillər. İçərilərində nisbətən cavanı, şişman qarınlı biri gülə-gülə:
- Nemeslər vaxtı ilə küçələri dayı kimi yuyurmuşlar, - söz atdı.
- O küçələr abırlı-başlı bir şey idi, daşlarla hörülmüşdü, bizimki tozlu-torpaqlı yoldur; on ildir asfalt örtüyü dağılıb. Evimizdə bütün avadanlıqlar toz içindədir. İynəni yorğan-döşək arasında gizlətsən, bala, toz tapır, inanın, - Təhmasib nəsə fəhmlə duymuşdu ki, bu tipli adamlar yol üstə olduqlarından çox dayanmazlar, ona görə hər dəfə bu işi görəndə beynində öyürüb-çevirdiklərini istər-istəməz dilinə gətirdi.
- Mən həmişə demişəm də bizimkilər dahidir: sən onları əziyyətə sal, gör vəziyyətdən necə baş çıxarırlar,- bayaqdan fınxıra-fınxıra yuyunan ikinci yoldaşını gözləyən gödək qarayanız adam dilə gəldi.
- Rəis, ağzına yiyəlik eləmir ha, yenə başladı... Sokraşeniyedən təzə ca¬nı¬nı qurtarıbsan, amma yenə düzəlmirsən, tut görüm,- dazbaş kürən böyüyünə baxıb göz vurdu.
Təhmasib araya söz atdı:
- Uzaq yol gələnə oxşayırsınız, bir stəkan çayıma qonaq olardınız, - dedi.
- Sağ ol ağsaqqal, Allah razı olsun, xeyir işinə çağırarsan, gələrik. Yol adamıyıq, tələsirik, qonşu kəndə hüzürə gedirik, - ağ saçlı ciddi görkəm aldı,- dünən televizorda göstərilən, şəhərdə iş başında dünyasını dəyişən yol polisi bizim əməkdaşdı...
- Həə, qonşu kənddəndi, rəhmətlik, qabaqdan sola, sonra da düz axıra kimi gedəcəksiniz,- dedi Təhmasib.
- Tamahının badına getdi, insanda pula nə qədər sevgi vardı, Allah, yatmırdı ki, gecə-gündüz işləyirdi, rəis onun toyuna da gəlmişdi...- gödək qarayanız yenə dilini dinc qoymadı.
- Atası kassir idi, kassir Kərim adı ilə tanınırdı, gözünü açıb rəhmətlik evdə pul görmüşdü, neynəsin,- yenə Təhmasib də öz bildiklərini nümayiş etdirdi. - Burda yaxşı ev-eşiyi vardı, amma heyf canından...
- Həyət quyusu olsa da, su şirindir,- bayaqdan dinib-danışmayan dördüncü qonaq da nəhayət söhbətə qoşuldu. - Ancaq bizim tərəflərin suyuna çat¬maz, heyf o yer¬lərdən...
- Alacayıq, bugün-sabahlıqdı, Allah qoysa dayını da o yerlərə apararıq, bax, o, mənnikdir, - gödək qarayanız əlüstü tamamladı.
- Nə təhər olur əə, bütün nerealnı şeylər sənlik olur, həyy rəis?- dazbaş kürən onu sancdı.
- Bəsdirin, doluşun maşınlara, elə gedək obedə düşməyək,- rəis səsini qaldırdı. Təhmasiblə ikilikdə qalanda astadan:
- Çox sağ ol, ağsaqqal, insan adamsan, o saat bilinir, birdən bir şeyə- zada ehtiyacın olar, utanma, deginən,- dedi.
- Sən nə danışırsan, rəis, - o, səsini elə ucaltdı ki, özü də təəccübləndi.
- Gözlərin qızarıb, yaman əzgin görünürsən, - yaxın adam kimi qoluna girdi.
- Sözün düzü, xəstə var, onunçün yatmamışam. Elə bilərsiz adamdır, yoox, bir cöngəm var, iki gündü azarlayıb, canına sağlıq. Amma bekara şeydi, bütün müalicə olunub, ayağa durasıdı...- Təhmasib rəisin məhrəmliyindən kövrəlmişdi, odur ki, bir az da ürəkləndi: - Duracaq, rəis, duracaq!
- Uşaq olanda mən bu hissləri çox yaşamışam. Yəqin hələlik çəkisini-zadı itirməmiş, yaxşı qiymətə vermək olarsa, verərsən, hər halda canın sağ olsun. Deyir: malın ağı gedər, qarası gələr... Ağsaqqal, bir şey də soruşum, ancaq düzünü de: möcüzəyə, bəxtə-zada inanırsan?
- Allah kömək olmuş, yüz biletin doxsan doqquzu uduşlu olsa, o, bir uduşsuz- mənim qismətimdir. Ömürdü yaşayırıq dəə... - Axırıncı sözləri Təhmasib elə ümidsiz söylədi ki, su şlanqı biixtiyar əlindən sürüşüb rəisin ayaqqabılarını islatdı.
- Di hələlik, sağlıqla qal, ağsaqqal,- o, cəld çevrilib maşına mindi.
Quyunun suyu qurtarmaq üzrə idi. Ona görə şlanqı yığışdırıb qapıdan içəri çəkdi, nasosu cərəyandan ayırdı. Cöngəyə baxmaq üçün saraya gəldi; öncəki qaydada uzanmışdı, başını sola əyib göz qırpmadan məchul nöqtəyə baxırdı. Təhmasib cöngənin yanında yeşiyin üstündə oturdu. İndi hiss elədi ki, soyuq su ayaqlarına dəydiyindən damarları daralıb, ağrılar əmələ gəlib. Ancaq heyvanın indiki durumu ona hər şeyi unutdurmuşdu. Çünki Təhmasib bu həyətdə bin tutandan çox mal-qara görmüşdü, onlardan müxtəlif xəstəliklərlə tələf olanları da az olmamışdı. Vaxt olmuşdu ki, Təhmasib xəstə heyvanın azarı ilə sona qədər yaşamışdı, gecələri diri gözlü açmışdı, amma başı bıçağa da gəlməmişdi; qismət olmamışdı. Kəsilib dəyər-dəyməzinə imansız qəssablara verildiyi hallar daha çox idi. Bütün hallarda Təhmasib azarlı heyvanların vəziyyətini anbaan izlədiyindən deyə bilərdi ki, məsələn, cöngə indiki kimi başını sola əyib göz qırpmadan bir nöqtəyə baxırsa, yüzdə-yüz bir iki saata getməlidir. Yoox, cöngə Təhmasibin indiki halında ölə bilməzdi, nədən ki, onun ümidləri satılacaq heyvanla gerçəkləşəcəkdi: qalan iki baş heyvanın yem pulu, üstəgəl ailənin qış odun pulu, bir də dən pulu... Hər üçü də ceyranın belinə qalxmışdı. Odun heç, odun iki ildi qiymətdən düşmürdü, builki sel suları otun, taxılın qiymətini də əlçatmaz eləmişdi. “İndi gəl, ay yazıq kəndçi, dolan görüm necə dolanırsan, ölmürsən də canın əzabdan birdəfəlik qurtarsın. Nə danışırsan, ölmək olmazdı, ölənin dalının altında bərk ayaqda, heç olmasa, beş-altı mini olmalıdır. Odur ki, onu yaddan çıxart. Ya rəbbim, sən özün cöngəyə bu dəfə səbəb sal, ayağa dursun, görürsən nə haldayam. Heç zaman sənə əl qaldırıb yalvarmamışam, hər işinə “özün bilən məsləhətdi” demişəm, ancaq indi vəziyyət tamam başqa cürdür, başına dönüm, mən heç bu bədbəxtin dava- dərman, müalicə pulunu verməmişəm...”
- A kişi, orda kimnən danışırsan elə?.. - Arvadı idi, sarayın qabağında dayansa da, görünmürdü. - Dünəndən ağzına bir şey almamısan, barı, heç olmasa şirin çay qayırım, içərdin... - Səs çıxmadığını görüb dayanmadı, sakit gəldiyi kimi səssiz də çəkilib getdi.
Təhmasib indi xatırladı ki, cöngənin bu durumunda qəssablardan hər hansı birisinə xəbər də verməyib, nədən ki, heyvana bıçaq dəyməmiş, ayaqüstə yenə babat pul verən olur. Bıçaq dəyəndən sonra, elə bil atırsan hamara. Amma kimə deyəsən, hamısı sözləşiblərmiş kimi təxminən eyni qiymət oxuyacaqdılar, o da ancaq dava-dərman pulunu güclə ödəyirdi. İndiki hava şəraitində kəsilmiş heyvan üç saata iylənər. Bu boyda cəmdəyi yerləşdirməyə soyuducu hardaydı. Belini soyuq divara söykəyib çarəsiz tanış qəssabları fikrində canlandırmağa çalışsa da, insaflısını xatırlaya bilmirdi. Əksinə, yadına düşənlər bir-birindən tamahkar, kəmfürsət adamlardı.
Cöngə isə həyatla ölüm arasında son məsafəni yaşayırdı, heyvanın ağzından köpüklü selik axıb torpağa damcılayırdı. Təhmasib onun başını özünə tərəf düzəltməyə cəhd etsə də, boyun yenə sola əyilib qaxaclaşdı. Şəhadət barmağı ilə alnını taqqıldatdı, əlini gözləri qarşısında yellədi, sonra yumruğunu zərblə qatlanmış ayağına çırpsa da, cöngə heç bir reaksiya vermədən donuq gözlərini məchul nöqtədən çəkmədi. Təhmasib güclə eşidiləcək batıq səslə:
- Sənə nə oldu, ay bədbəxt... - deyə bildi. Bu anda cöngənin görkəmi çox miskin idi, sanki yalvarırdı ki, son macalda sahibi onu rahat buraxsın...
Dəmir qapı açıldı, bağlananda bərk səs saldığından Təhmasib hiss etdi ki, gələn hər kimsə yad adamdır. Aman çəkmədi, cır səs aləmi başına götürdü:
- Ağsaqqal, hardasan, - addım səsləri düz saraya tərəf yaxınlaşırdı. İstər-istəməz ayağa durdu, çevriləndə qəssablığa iki-üç il öncə başlamış, ancaq bu iş¬də çox qabağa getmiş cavan, şüərək oğlanla üz-üzə qaldı.- Düz deyiblər hamısını, mal da hazırdır, amma nə qədər ölməyib maşına mindirməliyik, qalanı mənlikdir. Qoşqunu bura rahat vermək olacaq. Ağsaqqal, yeri gəlmişkən, yadında olaram, iki dəfə səndən mal götürmüşəm.
Təhmasib hər halda, gələni ilk baxışdan tanımışdı, bilirdi ki, doğma anasının əmcəyini kəsəndi, amma çox da zirəkdi, yatmaq nə olduğunu bilmirdi, daim yollarda idi. Amma o, özü qəssab çağırmamışdı axı... Qəssab çağırmağı indi götür-qoy edirdi. Zərrəcə danışmağa heyi-hərəkəti, həvəsi qalmamışdı; elə bil canı ilə əlləşməkdə olan cöngə yox, onun özü idi.
Birinci dəfə idi ki, Təhmasib mal satarkən karıxaraq lal- dinməz durub baxırdı. Cavan qəssab cibindən bir dəstə pul çıxartdı - hamısı yüz dollarlıq idi:
- Ağsaqqal, səni sevindirəcəm, bu gün əlim yuxarıdır. Babam rəhmətlik həmişə deyərdi ki, səhər sübhdən duranın ruzusunu Allah verər, mənsə üç ildir yatmıram, özün şahidsən, yollardayam. Burda on dənədir, azdırsa, əlavə edərəm. İnsafən cöngə xəstələnsə də, kökdür, ətini tökməyib. Deyim köməkçi maşını versin bura, salamat yerinə çatdıraq, hələ bir- iki saatlıq canı var, - dedi və ərkyana darvazanı açmağa tələsdi.
Təhmasib hələ də lal-kar dayanıb onun hərəkətinə göz qoyurdu: bu adamın gələcəyi parlaqdı, niyə də danasan. Cöngəni qoşquya atmaq da çətinlik yaratmadı, köməkçi də əldən qıvraq idi.
- Ağsaqqal, düzünü de, məndən narazılığın olmadı ki?- Cavabı gözləmədən əlini uzatdı:
- Halallıq dilə...
Təhmasib baş verənlərə, sanki inanmayaraq ma¬şın darvazadan çıxandan sonra da, yerində dayanıb irəlidəki döngədə gözdən itənədək arxacınca baxdı. Ancaq indi içində nə isə sevincə oxşar bir hiss oyandı, geri qanrılıb tələsik darvazadan həyətə atılmaq istədi. Amma üzbəüz sürətlə şütüyən təzə maşını görüb ayaq saxladı: bu dəfə sürücünün yanında oturacağa yayxanmış rəis dəsmalı üzünə sıxsa da, çiyinlərinin aramsız silkələndiyi aşkarca görünürdü.
XS
SM
MD
LG