Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:59

İsa peyğəmbər haqda rok-operaya qadağa qoyuldu


Sankt-Peterburq Rok Opera Teatrının ifasında "Superulduz İsa Məsih" müzikli
Sankt-Peterburq Rok Opera Teatrının ifasında "Superulduz İsa Məsih" müzikli
-

Rusiyanın Rostov şəhərində İsa peyğəmbər haqda rok-operanın göstərilməsinin qarşısı alınıb.

Bir qrup pravoslav dindar (18 nəfər) yerli icra orqanlarına şikayət edərək rok-operanın İsa Məsihin həyatıyla bağlı faktları təhrif etdiyini bildirib.

"Superulduz İsa Məsih" adlanan müzikldə peyğəmbərin həyatına onu satmış İudanın baxışı əksini tapıb.

"Bizim fikrimizcə, operadakı İsa Məsih obrazı yanlışdır. Onlar bizim Xilaskarımız haqda tamaşa qoymaq istəyirlərsə, öncə bunu yerli kilsənin ruhaniləri ilə razılaşdırmalıdırlar" - deyə dindarlardan biri mətbuata bildirib.

Rostov Filarmoniyasında "Superulduz İsa Məsih"i Sankt-Peterburqun Rok Opera Teatrı göstərməliydi.

(yazının ardı aşağıda)



Maraqlıdır ki, Sankt-Peterburq Rok Opera Teatrı son 20 ildə həmin operanı Rostovda 4 dəfə göstərib, amma kimsə buna etiraz etməyib.

Bu dəfə dindarlar Rusiya Dumasında müzakirəyə çıxarılan yeni qanun layihəsinə istinad edirlər.

Dinə hörmətsizlik nümayişinə görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan həmin qanun layihəsi Dumanın müzakirəsinə "Pussy riot" qalmaqalından sonra çıxarılıb.

"Pussy riot" musiqi qrupunun üzvləri Moskvadakı kilsədə pank-dua edəndən sonra həbs ediliblər.

İngilis bəstəkarı Andrew Lloyd Webber-in sözügedən müzikli 42 il əvvəl səhnəyə qoyulub və indiyəcən Cənubi Afrikadan (aparteid dövründə) və Belorusdan başqa demək olar ki, bütün xristian ölkələrində nümayiş etdirilib, böyük uğur qazanıb.

"Bu opera onilliklərdir oynalılır və şedevr kimi qəbul edilir. Operaya dini nöqteyi-nəzərdən yanaşmaq düzgün deyil, buna sənət nümunəsi kimi baxmaq lazımdır" - deyə rok-operanın nümayişini təşkil edən konsert agentliyinin direktoru Valentina Vaulina bildirib.

Vaulina qeyd edib ki, qadağa qoyulanacan biletlərin yarısının satılması insanların müzikli maraqla gözlədiklərini göstərir.

Don metropoliyasından isə bildiriblər ki, şikayət heç də bütün Rusiya pravoslavlarının mövqeyini əks etdirmir, çoxluq müziklə müsbət yanaşır.

Sənətçilər və konsert təşkilatçıları indi yerli məmurlardan son qərarı gözləyirlər.

"Russia Today" kanalına istinadla oxuzali.az
XS
SM
MD
LG