Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:19

Hicabla məktəbə gəlməyə icazə verilməlidirmi?


Foto: Arxiv
Foto: Arxiv
-
Oktyabrın 5-də Bakıda yenə şagirdlərin məktəbə hicabla buraxılmamasına etiraz aksiyası keçirildi. Bir qrup insan Təhsil Nazirliyindən məktəblərdə hicaba icazə verilməsini tələb edirdi.

İŞİN, TƏHSİLİN VARSA, DİNİN OLMUR?

Bakı sakini Şahin Mehbalıyev hökumətin bu siyasətini anlamadığını deyir. Onun fikrincə, hicaba qadağa dindar adamı seçim qarşısında qoyub. Belə çıxır ki, inanclı xanımlar dini etiqad azadlığı hüququndan istifadə etmək üçün təhsil və əmək hüququndan məhrum olmalıdırlar:

«Hicablı xanımlar neyləsinlər, məktəbə, işə getməsinlər? İndiki şəraitdə başını girləmək üçün gərək dinindən imtina edəsən. İşin, təhsilin olsa, dinin olmur, dinin olsa əksinə, işin, təhsilin olmur. Vəziyyət belədir».

Azərbaycan qanunvericiliyində hicabla bağlı hər hansı məhdudiyyət yoxdur. Sadəcə, «hicaba qadağa qoyulub» ifadəsi qız uşaqları məktəbə hicabla buraxılmadığı üçün formalaşıb.

«Təhsil haqqında» Qanunun 14-cü maddəsinin 10-cu bəndində qeyd olunur ki, «Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir». Bu maddəni əsas tutmaqla təhsil müəssisələri qızların məktəbə hicabla gəlməsinə icazə vermir.

«6-16 YAŞLI QIZLAR BAŞIN BAĞLANMASI FƏLSƏFƏSİNİ DƏRK ETMİRLƏR»

Artıq bir neçə ildir ki, ölkədə hicabla bağlı vəziyyət müzakirə obyektidir. Məsələnin «Təhsil haqqında» Qanunla tənzimləndiyini Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı da deyir. AzadlıqRadiosuna bu barədə açıqlamalarının birində o qeyd edib ki:

«Təhsil Nazirliyinin bütün şagirdlərdən bir tələbi var. Müəssisəyə, təhsil aldıqları ocağa məktəbli formasında gəlsinlər. Yəni, bizim hicaba qadağa deyə bir mövqeyimiz yoxdur. Biz hicabın əleyhinə çıxış etmirik».

Zəminə Əliqızı deyir ki, tələbələrin ali təhsil müəssisələrinə hicabla gəlib-getməsinə maneə yoxdur. Orta məktəb yaşlı qızlar isə hələ baş bağlamağın mahiyyətini dərk
Zəminə Əliqızı
Zəminə Əliqızı
etmirlər:

«Hesab edirik ki, 6 yaşından 16 yaşına qədər, yəni, məktəb yaşlı qızlar başın bağlanması fəlsəfəsinin mahiyyətini dərk etmirlər. Onların təhsil alması üçün maksimum şərait yaratmaq lazımdır».

HİCAB BÜTÜN MƏKTƏBLƏRDƏ YASAQ DEYİL

Bəzi valideynlər hicab probleminə görə qızlarını məktəbə buraxmırlar. Yəni, hazırda Azərbaycanda bu məsələ ilə əlaqədar təhsildən kənarda qalan qız uşaqları az deyil. Zəminə Əliqızı hesab edir ki, bunun arxasında maraqlı qüvvələr durur.

İlahiyyatçı Elşad Miri isə düşünür ki, əslində yuxarı sinif şagirdlərinə məktəbə hicabla gəlməyə icazə vermək olar. Bu, ibtidai sinifdə hicaba icazə verilməməsinin davasını edənlərin də məntiqini zəiflədər. Bununla belə, Elşad Miri deyir ki, Azərbaycanda heç də bütün məktəblərdə hicab yasaqlanmayıb. Qızların dərsə hicabla gəlməsinə icazə verilən bəzi məktəblər də var:

«Bu məktəbin direktoru ilə danışmaq formasından asılı olan məsələdir. Elə məktəblər var ki, hicaba icazə verirlər, amma xahiş edirlər ki, məsələni şişirdib geniş auditoriyaya çıxartmasınlar. Əks-halda direktorun başı ağrıya bilər. Amma normal qaydada dərsə hicabla gələn şagirdlər var və onların heç bir problemi olmur. Elə təhsil ocaqları da var ki, qızlardan xahiş ediblər - məktəbə girəndə başlarına parik qoysunlar ki, hicablı olduqları bilinməsin».

Elşad Miri
Elşad Miri
Elşad Miri deyir ki, qızların dərsə hicabla gəlməsinə şərait yaradan məktəblər ölkənin hər yerində var. Sadəcə, onlar bunu səssiz-küysüz edirlər.

BÖLGƏDƏ NƏZARƏT DAHA GÜCLÜDÜR

AzadlıqRadiosuna əvvəllər gələn ismarışların birində valideyn qeyd edirdi ki, o, qızının məktəbə hicabla getməsi üçün Bakıdan əyalətə köçməli olub. Çünki orda nisbətən daha anlayışla yanaşırlar bu məsələyə. Baxmayaraq ki, bölgələrdə də eyni vəziyyətdir.

Elşad Miri isə deyir ki, əslində qızların məktəbə hicabla gəlməsinə göz yummaq üçün Bakı daha münasib yerdir. Çünki rayonlarda istənilən qadağanın tətbiqinə nəzarət güclü olur və ümumiyyətlə, bu işi həyata keçirmək daha asandır.

Elşad Mirinin dediyinə görə, onun İngiltərədən Bakıya köçüb burada yaşayan bir tanışı hicaba qadağa qoyulandan sonra Azərbaycanı tərk edərək geri qayıdıb. Səbəbi də o olub ki, İngiltərədə qızı məktəbə hicabla gedə biləcək. Çünki orada belə bir problem yoxdur.

Elşad Miri deyir ki, əslində, hicaba qoyulan bu qeyri-rəsmi qadağa Azərbaycanda İranmeylli qüvvələrin təxribat törətmələri, aksiyalar keçirmələri üçün bəhanə yaradır.

Azərbaycanın ali məktəblərində həqiqətən də hicabla bağlı hər hansı problem yoxdur. Universitetlərdə hicablı xanımlar tez-tez gözə dəyir. Amma hicabsızlarla müqayisədə onların sayı xeyli azdır. Baxmayaraq ki, hər halda tələbələr başın bağlanması fəlsəfəsini şagirdlərdən daha yaxşı dərk edirlər.
XS
SM
MD
LG