Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:53

Gürcüstanda hakimiyyət bölgüsü başlandı


Georgia -- Representatives of the ruling United National Movement (L) meet with representatives of the opposition Georgian Dream coalition at the government office in Tbilisi, 05Oct2012
Georgia -- Representatives of the ruling United National Movement (L) meet with representatives of the opposition Georgian Dream coalition at the government office in Tbilisi, 05Oct2012
Gürcüstanda parlament seçkiləri artıq başa çatıb, məğlub Saakashvili qalibləri təbrik eləsə də, qaliblər üçün seçki hələ başa çatmamış kimi görünür.


SEÇKİDƏ QALİB GƏLƏNLƏR MİTİNQLƏRƏ ARA VERMİR

Bidzina İvanishvilinin Gürcü arzusu koalisiyasına daxil olan siyasi qüvvələr artıq indidən öz aralarında nazir kreslolarını bölüşdürməyə başlayırlar. Ancaq hələ bəzi partiyalar seçkidə topladıqlarından daha çox səs yığmalı olduqlarını iddia edir, seçkinin saxtalaşdırıldığını və səslərin yenidən sayılmasını tələb edirlər. Bu tələblərlə Çərşənbə və Cümə axşamı da bir sıra şəhərlərdə seçki komissiyaları önündə mitinqlər keçirilib.


MÜXALİFƏT SƏSLƏRİNİN AZALDILDIĞINI İDDİA EDİR

Məsələ ondadır ki, indiki halda müxalifət 150 yerlik parlamentdə 84 deputat mandatı ilə çoxluqda olsa da, mütləq çoxluğa – 100 yerə sahib deyil. Bundan ötrü İvanishviliyə daha 16 mandat lazımdır. Ancaq onlar əmindirlər ki, səslər yenidən sayılsa, yerlərinin sayını 96-ya qədər artıra bilərlər.

Mitinqlərdən sonra iş o yerə çatıb ki, İvanishvili özü televiziyaya çıxıb tərəfdarlarına müraciət edib ki, küçələrdən yığışsınlar və mübarizələrini hüquqi yollarla davam etdirsinlər.


ABŞ SƏFİRİ ETİRAZÇILARIN QARŞISINDA

Zuqdididə keçirilən Gürcü arzusu mitinqlərindən birinə ABŞ səfiri Richard Norland da qatılıb. 3 minlik kütlə qarşısında çıxış edən Amerika səfiri seçki nəticələrinin ləğvini tələb edənlərə deyib ki, “bütün dünya sizi izləyir və baş verənlərin dinc şəkildə həllini tapacağına inanır”.

Cümə axşamı isə ABŞ Dövlət Katibi Hillary Clinton həm İvanishviliyə, həm də Saakashviliyə zəng edib, telefon söhbətində seçki sonrası durumu müzakirə edib.


HAKİMİYYƏTİN TƏHVİL-TƏSLİMİ İLƏ BAĞLI İLK RAUND

Cümə günü isə seçki dövründə bir-birlərini yetərincə tənqid edən Gürcü arzusu və Saakashvilinin Vahid Milli Hərəkatı arasında hakimiyyətin təhvil-təslimi ilə bağlı ilk danışıqlar keçirilib.

Tbilisdə keçirilən görüşdən sonra Saakashvilinin partiyası adından Gürcüstan parlamentinin indiki spikeri David Bakradze, İvanishvilinin koalisiyası adından isə İrakli Alasania danışıb.

Bakradze görüşün çox konstruktiv və faydalı keçdiyini bildirib, hər iki tərəfin bu prosesi dinc yola keçirmək üçün siyasi iradə nümayiş etdirdiyini deyib.

“Gürcüstan tarixində ilk dəfədir ki, hakimiyyətin demokratik şəkildə ötürülməsi baş verir. Təbii ki, bu cür siyasi mədəniyyət formalaşmadığından və təcrübə olmadığından prosesin asan olmayacağını gözləmək olar. Bu üzdən hər iki tərəfin görüşməsi və prosesin demokratik, şəffaf və sabit şəkildə keçməsi üçün siyasi iradə nümayiş etdirməsi çox vacibdir”.

Cümə günü keçirilən danışıqlarda tərəflər konkret detallarla bağlı razılığa gəlməsələr də, danışıqların bazar ertəsi davam etdirilməsinə qərar veriblər. Gürcü arzusu koalisiyasını təmsil edən İrakli Alsaniya görüşdən sonra bildirib ki:

“Bu hakimiyyətin təhvilini müzakirə elədiyimiz ilk görüşdü. Çox da faydalı keçdi. Bazar ertəsi danışıqları davam etdirəcəyik və konkret nazirliklərlə bağlı artıq nəticə əldə edəcəyimizə inanırıq. Bundan sonra təhvil-təslim prosesi başlayacaq və mən bu prosesin rahat və çox effektiv şəkildə həyata keçəcəyini gözləyirəm”.


MƏMURLAR MÜXALİFƏTİN QİSASINDAN ÇƏKİNİR

Ancaq seçki sonrası olayla bununla bitmir. Tbilisidəki qəzetlərdən biri seçkiönü yayılan həbsxanada işgəncə videosunda məhbuslara işgəncə verənlərin adlarını açıqlayıb. İndi çoxları hakimiyyətə yeni gələnlərin qisasından qorxur.


MƏMURLAR İŞLƏRİNİ İTİRƏCƏK VƏ MƏHKƏMƏYƏ CƏLB EDİLƏCƏK?

Gürcüstanda polis və digər hüquq mühafizə orqanlarında çalışanlar, dövlət məmurları da işlərini itirmək təhlükəsiylə üzləşə bilərlər. Çünki İvanishvili seçkiönü dövrdə onların əksəriyyətinin işində qalacağını desə də, koalisiyaya üzv olan qüvvələr keçmiş məmurları, hətta Sakaashvili və ətrafını da məhkəməyə cəlb etməyi təklif edir. Gürcü Aruzusunun liderlərindən David Sagnelidze deyir ki, əgər onlar günahkar deyillərsə, qanun pozmayıblarsa, qorxmamalıdırlar, günahları varsa cəzalarını çəksinlər.


MÜLKİYYƏTİN YENİ BÖLGÜSÜ OLACAQMI?

Üstəlik Gürcü arzusunun bəzi liderləri Saakashvilinin zamanında mülkiyyətini itirənlərə də var-dövlətlərini qaytarmaq kimi təhlükəli vədlər verirlər.

Human Rigths Watch təşkilatından Giorgi Gogia deyir ki, yeni formalaşan hökumətin təcili şəkildə ədaləti əllərinə almayacaqları ilə bağlı açıqlamalarına ehtiyac var.
XS
SM
MD
LG