Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:45

Dövlət büdcəsində «və s.» adlı xərclərə 2 milyard manat ayrılır


Arxiv foto
Arxiv foto
«Əsas bölmələrə aid edilməyən sair xərclər»

Sizcə, bu maddə nə deməkdir?

Belə ad altında gedən maddə gələn ilin büdcə layihəsində yer alıb.
Və bu maddəyə büdcə layihəsində nə qədər pul ayrılır?
Nə az , nə çox - 1 milyard 997 milyon 815 min manat.

Və təsəvvür etmək çətin deyil ki, istənilən işi bu maddənin altına salmaq olar.

Vaxtilə Rusiya kommunistlərinin lideri Zuganov deyirdi ki, büdcə maddəsinə «və s.» ifadəsini yazdırmağın qiyməti 15 faizdir. Yəni kim büdcəyə bu 3 hərfi (və s.) yazdıra bilirsə, bu maddə ilə ayrılan pulun 15 faizi onundur.

Görəsən, Azərbaycanda da bu «və s.» büdcəyə necə yazılır?

Sonralar Rusiyada büdcədə «və s.» kimi ifadə yazmaq ləğv olundu.
Azərbaycanda isə qalır. Azərbaycanda başqa ifadələr də var.

«Digər kateqoriyalara aid edilməyən xidmətlər» adı ilə gedən maddəyə 84 milyon manat ayrılır.

Bu maddə məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına xərclər bölməsində yer alıb.

Məhkəmə, hüquq-mühafizə və prokurorluğa aid edilməyən daha hansı xidmətlər var?

Bəlkə mülki geyimlilərin xidmətləridir?

Çünki bu büdcə gələn ilindir. Gələn il isə seçki ilidir, seçki ilində də küçə nümayişlərinin sayı artır.

AZƏRBAYCAN ORDUSU ERMƏNİSTANDAN VARLIDIR

Gələn il Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün büdcəsindən 36 faiz çox olacaq.

2013-cü ilin büdcəsində Azərbaycan müdafiəyə 1 milyard 528 milyon manat ayırır.

Ancaq bu, hərbiyə ayrılan bütün pullar deyil. Büdcə layihəsində əhəmiyyətli miqdarda pul ayrılan başqa maddə də var - «xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər». Bu maddəyə 1 milyard 172 milyon manat ayrılır.

Bu iki maddə ilə Azərbaycanın müdafiəsinə 2 milyard 700 milyon manat verilir.
Bu, Ermənistanın 2013-cü il üçün büdcəsindən çoxdur.

Ermənistanın gələn ilki büdcəsinin bütün gəliri təxminən 2 milyard manat səviyyəsində planlaşdırılır.

YENƏ GƏLİRİN 59 FAİZİ NEFTDƏNDİR

2013-cü ildə büdcəyə 19 milyard 154 milyon dollar gəlir gəlməlidir, bunun da 11 milyard 350 milyonu Dövlət Neft Fondundan gələcək.

Bu da o deməkdir ki, büdcənin 59 faizini yenə neft fondu verir.

Bununla belə Azərbaycan 2012-ci ilə baxanda «irəliləyir» – bu ilki büdcənin 60 faizi neftdən götürülüb.
BƏS ŞİRKƏTLƏRİN VERGİSİ?

Azərbaycanda işləyən bütün müəssisələrin, şirkətlərin vergilərindən büdcəyə 2 milyard 279 milyon manat gələcək.

Azdır ya çox?
- Bu, büdcənin gəlirinin cəmi 11,8 faizidir.
Və bu bir daha göstərir ki, Azərbaycan bir dövlət kimi işləməklə yox, neft çıxarıb-satmaqla dolanır.

2013-CÜ İL BÜDCƏSİNİN FƏRQLƏRİ

Gələn il üçün büdcə layihəsində bu ilki büdcədən fərqli olaraq «sahibkarlığa dəstək» və «ipotekaya dəstək» maddələri var.

Sahibkarlığa dəstəyə 201 milyon 750 min manat, ipotekaya dəstəyə 40 milyon manat veriləcək.

ARTIM REKORDÇULARI – MƏHKƏMƏ, POLİS

Məhkəmə, polis və prokurorluğa 1 milyard 82 milyon manat ayrılır.
Bu il 964 milyon ayrılıb. Artım birdən – birə 12 faizdir.

Özü də prokurorluğa ayrılan pul azalıb, məhkəmələrə ayrılan pul 30 faiz, polisə ayrılan pul 12 faiz artıb.

Büdcə layihəsi göstərir ki, gələn il polisin, məhkəmənin işi artacaq. Hər halda hakimiyyət belə fikirləşir.


ALİ TƏHSİLƏ PUL 2 DƏFƏ AZALDILIR

Bu ilki büdcədə təhsilə 1 milyard 511 milyon manat ayrılırdısa, gələn il bu, cəmi 1,3 faiz artırılır.

Ali təhsilə ayrılan pul isə bu ilki 116 milyondan 57 milyona salınır - 2 dəfədən də çox azaldılır.

Görəsən Azərbaycana ali təhsil daha lazım deyilmi?

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ağacan Əbiyevdən çox maraqlı izah:

«Təhsilə ayrılan vəsait o qədər çoxdur ki, onu yenidən artırmağa ehtiyac yoxdur. Biz 10 faiz artırsaq, onun 8 faizi orda-burda itib-batacaq."

SƏHİYYƏYƏ PUL CÜZİ ARTIR

Gələn ilin büdcə layihəsində səhiyyəyə 666 milyon manat ayrılır, bu da bu ilkindən cəmi 3 milyon manat çoxdur. Artım cəmi 0,45 faizdir.

ƏN YEYİMLİ MADDƏ

Polislə, məhkəmə ilə yanaşı ayrılan pulun 20 faiz artdığı başqa rekordçu maddə də var.

Bu, büdcədə ən «yeyimli» maddə hesab olunan «dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)» maddəsidir.

Bu maddə bir tərəfdən dövlət üçün çox əhəmiyyətlidir, məsələn, yeni iş yerlərinin böyük əksəriyyəti bu maddə ilə yaradılır, o biri tərəfdən, dövlət xərclərinin monitorinqini aparan QHT-lərin müxtəlif məlumatlarına görə, burda ayrılan pulun 50 faizinə qədəri mənimsənilə bilir.

Buna gələn il 6 milyard 915 milyon manat ayrılır.
Bu il buna 5 milyard 774 milyon manat ayrılmışdı.

Və sonda qısa arayış:

2013-CÜ İL BÜDCƏSİ

Gəlirləri – 19 milyard 154 milyon manat.
Xərcləri - 19 milyard 810 milyon manat.
XS
SM
MD
LG