Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:46

Gülər Əhmədovanın oğlu: «Anamdan 26 min manat istəmisiz, sonra 10 minə düşmüsüz»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Hakim:

- Əvəz Zeynallını tanıyırsız?

Şahid:

- Yox.

Hakim:

- İstintaqa nə ifadə vermisiniz?

Şahid:

- Məndən bildiyim-bilmədiyim məsələləri soruşublar, mən də cavablandırmışam.

Hakim:

- Bu işlə bağlı nə eşitmişdiniz?

Şahid:

- Anamdan eşitmişdim ki, «Xural» qəzetinin baş redaktoru onu narahat edir, pul tələb edir. Hansısa yazılar dərc edəcəyi ilə şantaj edir. Telefondakı səsləri dinləyəndə də eşitmişəm ki, anamdan pul tələb edir. Başqa bir şey bilmirəm.

Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun ifadəsi ilə davam edib.

«BU ADAM ANAMA DEYİR Kİ, QƏZETİN 1 İLLİK MƏSRƏFLƏRİNİ QARŞILAMAQ LAZIMDIR»

Toğrul Əhmədovun ifadəsindən:

«Əvvəllər anam barəsində müsbət yazılar çıxmışdı. Sonra tənqidi yazılar dərc etməyə başladılar. Tənqidi yazılar çıxandan sonra səs yazısında da var ki, bu adam anama deyir ki, qəzetin 1 illik məsrəflərini qarşılamaq lazımdır. Sizin barənizdə bu qədər yaxşı yazılar yazırıq, ancaq heç siz kömək etmirsiz».

Prokuror:

- Yazılan səsə qulaq asmısınız?

Şahid:

- Bəli

Prokuror:

- Nə aydın olur sizə həmin danışıqlardan?

Şahid:

- O aydın olur ki, anamdan 1 illik xərc tələb edirdi.

«BU CAVAN OĞLAN NAĞIL DANIŞIR»

Əvəz Zeynallı:

- Bu cavan oğlan nağıl danışır.

Vəkil Elçin Sadıqov üzünü hakimə tutur:

- Lent yazısı məhkəmədə dinlənilmədiyi halda prokuror şahidə həmin lent yazısındakılarla bağlı sual verə bilməz.

Prokuror (vəkilə əhəmiyyət vermir):

- Ananız verdi pulu?

Şahid:

- Yox. Mən ona məsləhət gördüm ki, hüquq-mühafizə orqanlarına şikayət etsin. Əvvəl etmədi, ancaq sonra şantaj davam etdiyinə görə şikayət etdi.

Prokuror:

- İstintaqda və məhkəmədə verdiyiniz ifadə ananızın ifadəsini təsdiq üçün deyil ki?

Əvəz Zeynallı səsini qaldırır:

- Ay Ramella xanım, bu qədər də olmaz axı. Bu, nə sualdır. Açıq aydın yönləndirir.

Hakim:

- Bu sual çıxarılır.

Sonra sual vermək üçün növbə Əvəz Zeynallıya çatır. O, şahidin yalan ifadə verdiyini bildirir:

- 26 min nədir? O səsdə ümumiyyətlə pul adı çəkilməyib, o ki qala bu oğlanın dediyi 26 min manat ola.

Şahid:

- Səsi telefondan kompüterə özüm köçürmüşəm, ordan da diskə köçürmüşəm, vermişəm anama. Azı 5-6 dəfə dinləmişəm, indi dediklərim də yazılmış səsdən eşitdiklərimdir.

Əvəz Zeynallı:

- Səncə, anan niyə narahat idi? Maraqlandınmı ki, ay ana, sənin barəndə nə yazı gedəcək ki, bu qədər narahatsan?

Şahid:

- Yox, maraqlanmadım. Ancaq bilirdim ki, yəqin ki, elə yazıdır ki, anamın imicinə xələl gətirə bilər.

Əvəz Zeynallı:

- Bəs bir ildir anons, anons deyirlər, o nə anonslar idi elə? Oxumuşdun?

Şahid:

- Yadımda deyil.

«ANAN BURDA DEDİ Kİ, QORXDUM, OĞLANLARIM GEDƏR, ƏVƏZİ KƏSƏR»

Əvəz Zeynallı:

- Anan burda dedi ki, mən ailəmin təhlükəsizliyi üçün şikayət etdim, qorxdum, oğlanlarım gedər, Əvəzi kəsər, biçər və sair. Səncə, o nə yazı imiş ki, Gülərin oğlanları məni hətta öldürə də bilərdilər?

Şahid:

- Bilmirəm, yadımda deyil.

Əvəz Zeynallı üzünü hakimə tutur və səsini qaldırır:

«BƏS MƏN BURDA NİYƏ OTURMUŞAM ONDA?»

- Dəhşətdir. Deməli, bir ildir hansısa anonslara, yazıya görə burda oturmuşam, gələn-gələn də deyir yadımda deyil. Bəs mən burda niyə oturmuşam onda? Hansı yazıya görə, hansı anonsa görə tutulmuşam?

Sonra Əvəz Zeynallı dedi ki, şahid konkret hansısa rüşvət söhbətində iştirak etməyib, heç bir prosesi görməyib, ona görə də o, şahid hesab edilə bilməz:

- Bu adam anasından nəsə eşidib, gətirib üzümə şahid qoyublar. O çox söz eşidə bilərdi. Özü şəxsən heç nəyin şahidi olmayıbsa, nə istintaq, nə də məhkəmə bu adamı şahid kimi tanıya bilər.

Əvəz Zeynallı Toğrul Əhmədovun adının şahidlər siyahısından çıxarılmasını istədi. Hakim dedi ki, bu məsələlərə, sübutlara qiymət verilərkən münasibət bildiriləcək.

Məhkəmə prosesi noyabrın 7-də davam edəcək.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin keçmiş deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
XS
SM
MD
LG