Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:13

Hökumət üsyankar şəhəri xəritədən silir


Janaozen, 18 dekabr 2011
Janaozen, 18 dekabr 2011
-
Janaozen adı çəkiləndə, çoxları 2011-ci ildə Qazaxıstanın bu şəhərində baş vermiş qanlı hadisələri xatırlayır. Həmin vaxt neft işçilərinin hökumət əleyhinə keçirdiyi etiraz aksiyası azı 17 nəfərin ölümü ilə nəticələnmişdi.

Dekabrın 16-da həmin hadisənin ilk ildönümü olacaq. Bu şəhərin adı yenidən gündəmdədir. Şəhərin yerləşdiyi Manqistau əyalətinin Ağsaqqallar Şurası yerli hakimiyyət orqanlarından şəhərin adını dəyişdirməyi xahiş edib. Ağsaqqallar Şurası Janaozen şəhərinə 18-ci əsr sufi filosofu - Beket-Atanın adının verilməsini istəyirlər.

Janaozen icra hakimiyyətinin rəsmi nümayəndəsi Nurbol Telegenov deyib ki, təklif hələ müzakirə olunur, son qərar Astanada veriləcək. O, şəhərin adının dəyişdirilməsinin əhalidən asılı olduğunu bildirib:

«Əhali müəyyən bir qərara gələndən sonra vilayət rəhbərliyi belə bir xahişlə mərkəzi hökumətə müraciət edəcək».

«JANAOZEN? ORA HARADIR?»

Qazaxıstanda bəzi «Facebook» istifadəçiləri Ağsaqqallar Şurasını dəstəkləyir. Deyirlər ki, Beket-Ata sufi alimi, görkəmli şəxsdir. Bəzi istifadəçilər isə deyirlər ki, işin içində iş var. Onların fikrincə, şəhərin adının dəyişdirilməsində məqsəd qazax tarixinə düşmüş qara ləkəni silməkdir.

Məsələn, «Ergenokan» adlı «Facebook» istifadəçisi ironiya ilə yazır:

«Janaozen adı mümkün qədər tez unudulmalıdır. Gələcəkdə kimsə Janaozen hadisələri barədə bizdən nəsə soruşa bilər. Onda deyərik ki, nə, Janaozen? Qazaxıstanda belə bir şəhər yoxdur».

«Qonaq» adlı başqa bir istifadəçi isə yazır:

«Şəhərin adının dəyişdirilməsi mənə 2 almış şagirdin öz gündəliyini cırıb təzə gündəlik tutmaq cəhdini xatırladır».

Ağsaqqallar Şurasının üzvü Saiyn Nazarbek-uly isə şuranın təklifi ilə bağlı tənqidləri qəbul etmir:

«Hamının ağzını yummaq mümkün deyil. Hər bir addım şayiələrə səbəb olur. Kimsə hansısa qərarı bəyənmirsə, o saat şayiə yaymağa başlayır. Hansı qərarı qəbul edirsən et, həmişə narazı olan tapılacaq».

«BEKET-ATANIN QƏBİRDƏ NARAHAT OLACAĞINDAN QORXURAM»

İğtişaşlar vaxtı yandırılmış bina, 17 dekabr 2011
İğtişaşlar vaxtı yandırılmış bina, 17 dekabr 2011
Ağsaqqallar Şurası bildirir ki, onların təşəbbüsünün Janaozen hadisələrinin ildönümünün yaxınlaşması ilə heç bir əlaqəsi yoxdur. Məqsəd yalnız dahi şəxsi ölümsüzləşdirməkdir.

Ötən ilin dekabrında baş verən hadisələr Janaozen sakinlərinin hələ də yaddaşındadır. Baxmayaraq ki, çoxları fikirlərini açıq deməkdən çəkinirlər.

Adının çəkilməsini istəməyən bir tələbə deyir ki, «yeni ay» mənası verən Janaozen adının dəyişdirilməsinə heç bir əsası yoxdur:

«Mən şəhərin adının dəyişməsinə qarşıyam. Gənclərin çoxu da mənim kimi düşünür. Bu təklifi hakimiyyətə yaltaqlananlar irəli sürüb».

«Takeshi» adlı «Facebook» istifadəçi isə yazır ki, şəhərin adı dəyişsə belə, tarixi təzədən yazmaq mümkün olmayacaq:

«Şəhərə təzə ad vermək olar. Ancaq köhnə problem eyni olaraq qalır. İndi bu şəhərin adı Janaozendir. Gələcəkdə Beket-Ata adlandıracaqlar. Buna görə Beket-Atanın qəbirdə narahat olacağından qorxuram. Ruhu şad olsun!».
XS
SM
MD
LG