Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:16

Emin Milli prezidentə "məsuliyyətini xatırlatdı" (Müraciətin mətni)


Emin Milli
Emin Milli
-

Azərbaycan prezidenti İlham Əliyevə bu müraciətin müəllifi dissident yazar Emin Milli 2009-cu ildə 2,5 illiyinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq-müdafiə təşkilatları onun hökuməti tənqid edən yazılarına görə tutulduğunu bildiriblər. Davamlı beynəlxalq təzyiqlərdən sonra 2010-cu ilin noyabrında o azad edilib. E.Millinin bu müraciəti noyabrın 6-9-da Bakıda keçiriləcək İnternet Idarəçiliyi Forumu ilə bağlıdır. Bakıda keçirilən Foruma dünyanın 90 ölkəsindən nümayəndə, o cümlədən ən aparıcı İT şirkətlərinin rəhbərliyində təmsil olunan şəxslər qatılıblar. Müraciətin tam mətni:


Əziz cənab Prezident,

Mən bir vətəndaş və keçmiş vicdan məhbusu olaraq Azərbaycanın İnternet Idarəçiliyi Forumuna ev sahibliyi etməsinə sevinirəm. Ifadə azadlığı Forumun gündəliyində əsas məsələ olduğundan fürsətdən istifadə edib Sizə müraciət etmək istəyirəm.

Siz nitqlərinizdən birində Azərbaycanda Internetin azad olduğunu bəyan etmişdiz. Əminəm ki, həmin bəyanatı bu beynəlxalq forumda da təkrar edəcəksiz. Bəli, Azərbaycan xalqı Internetdən istifadə etməkdə sərbəstdir, amma reallıqda bu, onların cəzalandırılmasına səbəb ola bilir. Əldə olan bəzi hesabatlardan bəlli olur ki, hökumət səlahiyyəti olmadığı halda, nə fərdləri, nə də provayderləri məlumatlandırmadan bizim Azərbaycan provayderlərindən keçən bütün Internet ünsiyyətimizə nəzarət edir. Bu gün bizim vətəndaşların bir çoxu Sizin siyasətinizə qarşı nə Internetdə, nə də canlı olaraq açıq danışmağa cəsarət etmirlər.

Azərbaycanda insanlar qorxu içində yaşayırlar. Biz öz həyatımız üçün qorxuruq, iş yerimiz üçün qorxuruq, ana və atalarımızın, qardaş və bacılarımızın hayatı və iş yeri üçün qorxuruq, dostlarımız üçün qorxuruq. Hər dəfə yaxınlarımızdan kimsə Sizə qarşı çıxanda qorxuruq. Qorxmamağa cəsarət etdikdə isə bu bizə baha başa gəlir. 2009-cu ilə qədər mən Sizi daha çox Internetdə tənqid edirdim. Bundan sonra mənə Bakının mərkəzində hücum edildi. Mən həbs olundum və qurama xuliqanlıq ittihamı ilə məhkəmə “tamaşasında” həbs cəzasına məhkum edildim. Mən həbsdə olarkən atam vəfat etdi. Onun səhhəti mən həbs olunduğum gündən pisləşməyə başlamışdı. Mən atam xəstəxanaya yerləşdirilən gün onun yanında ola bildim, nə də onu itirdiyim gün. Qohumlarım və dostlarımdan bəziləri işlərini itirdilər. Onlara deyirdilər ki, “dövlətin düşməni” ilə çox yaxındırlar. İndi isə tanıdığım insanlar mənimlə həm virtual, həm də canlı ünsiyyətdən qorxurlar və mən onları başa düşürəm.

Bizim qloballaşan dünyamızda bütün ölkələrin vətəndaş cəmiyyətləri, dövlətlər və işgüzar dairələr birgə çalışmalıdırlar. Bu, İnternet İdarəçiliyi Forumunun mənası və
Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
ruhuna da uyğundur. İfadə azadlığı, hüququn aliliyi və səmərəli demokratik idarəçilik olmasa, internet idarəçiliyi dayanaqlı insan inkişafı, iqtisadi və sosial inkişafa xidmət edə bilməz.

Avropa Şurasının siyasi məhbuslara dair məruzəçisinin hesabatına görə, bu gün Azərbaycanda 80 siyası məhbus var. 2005-ci ildə öldürülən jurnalist Elmar Hüseynovun qətli bu vaxtadək ciddi araşdırılmayıb. Vergi Ədaləti Şəbəkəsi Azərbaycandan offşor hesablara köçürülən pulun 48 milyard ABŞ dollarına çatdığını hesablayıb. İqtisadiyyatımız demək olar ki, ancaq neft və qazdan asılı vəziyyətə düşüb və əgər digər sənaye sahələrinin inkişafında uğur qazanmasaq, inkişaf dayanaqlı olmayacaq. Kursumuzu dəyişə bilməsək, korrupsiya, inhisarçılıq, dövlət vəsaitinin səmərəsiz istifadəsinin indiki həddi bizi potensial iqtisadi və sosial fəlakətə doğru aparacaq. Siz isə bunun əvəzinə Mexiko şəhərində parkın bərpası üçün 5 milyon dollar xərcləmisiz ki, orada atanız, sabiq prezident və DTK generalı Heydər Əliyevin heykəlini qoydurasız. Sizin hökumət ötən il “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi üçün yüz milyonlarla dollar vəsait xərcləyib. Amma ölkəmizin müxtəlif regionlarında xeyli insan var ki, hələ də fasiləsiz su, qaz və işıq ala bilmirlər. Partiyanızın yüksək rütbəli bir uzvünün parlament mandatını bir milyon dollara satmaq cəhdini əks etdirdiyi deyilən videonu bu yaxınlarda, özü də elə Internetdə gördük. Buna görə isə heç kəs cəza almadı.

Azərbaycanın təcili, real və dərin islahatlara ehtiyacı var. Biz indiki qorxu cəmiyyətini imkanlar cəmiyyətinə çevirməliyik. İnternetdən istifadə edərək Sizi və siyasətinizi tənqid edən insan həbs edilirsə - bu xoşaglməz həqiqəti öz təcrübəmdən bilirəm – deməli, Azərbaycanda internet azad deyil, vətəndaşlar qorxmadan İnternetdən istifadə edə bilmirlər. Bu gün Sizin hakimiyyətinizin əsas mənbələrindən biri bizim qorxularımızdır. Bunun təsirləri çox ciddi, nəticələrisə zərərlidir. Qorxu həm cəmiyyəti iqtisadi inkişafdan saxlayır, həm də insanda təşəbbüskarlığı, yaradıcı yanaşmanı məhv edir. Amma onun əsas qurbanı insan ləyaqətidir. Seçim imkanları bu qədər məhdud olan vətəndaşlarımız ailələrinin fiziki varlığından o tərəfə düşünə bilmirlər. Amma onlar qorxu
Emin Milli və Adnan Hacızadənin həbsinə səbəb olduğu iddia edilən satirik rolikdən kadr, 28 avqust, 2009
Emin Milli və Adnan Hacızadənin həbsinə səbəb olduğu iddia edilən satirik rolikdən kadr, 28 avqust, 2009
içində yaşamaqdan daha yaxşısına layiqdirlər. Bu ölkənin insanları 1918-ci ildə müsəlman dünyasında ilk demokratik parlament respublikasını qurublar. Azərbaycan 2001-ci ildən Avropa demokratiyalarının ən yaşlı klubu olan Avropa Şurasının üzvüdür.

Siz 2003-cü ildən Azərbaycanın prezidentisiniz. Konstitusiya Sizə gələn ilki prezident seçkilərində 3-cü dəfə namizədliyinizi irəli sürməyə hüquq vermir. Konstitusiyaya dəyişikliyə yol açan referendum 2009-cu ilin martında keçirilib, yəni Siz əvvəlki konstitusiyaya and içəndən sonra keçirilib. Bu halda qanunun geriyə qüvvəsi yoxdur və dəyişiklik yalnız növbəti prezidentə şamil oluna bilər. Köhnə konstitusiya Sizin iki dəfədən artıq prezident olmağınıza məhdudiyyət qoyur. Ölkədə hakimiyyətin mərhələli və qanun çərçivəsində dəyişilməsi haqqında düşünməyin vaxtı çatıb.

Yaxın keçmişdəki ədalətsiz həbsimə baxmayaraq, şəxsən Sizə qarşı heç bir qərəzim yoxdur. Mən, sadəcə, Sizə məsuliyyətinizi xatırlatmağa kiçik bir cəhd edirəm. Belə görünür ki, siz cəmiyyətdə qəfil və zorakı dəyişikliklərin qarşısını almağa çalışırsınız. Bu cür dəyişikliklər isə bir qayda olaraq tənqidin həddən artıq uzun müddət qulaqardına vurulduğu ölkələrdə baş verir. İnternetə nəzarət etmək və qorxu toxumu səpmək dünyanın heç bir yerindəki avtokratlara hakimiyyəti saxlamağa və onu məsuliyyətlə dəyişməyə kömək etməyib.

Başa düşürəm ki, Siz mənim məktubuma fikir verməyə bilərsiz. Sizin əlinizdə böyük ordu və güclü polis var, mənim isə ancaq sözüm və internetim. Amma mən Azərbaycandakı gerçəkliyi sizə və cəmiyyətimizə xatırlatmağı öz vətəndaş borcum hesab edirəm və buna davam edəcəyəm. İnanıram ki, əgər biz hamımız vəziyyətimiz haqqında həqiqəti qəbul edib onu dəyişmək üçün bir yerdə çalışsaq, ölkəmiz daha yaşamalı bir yer olacaq. Yalnız onda biz azad internetə ümid edə biləcəyik və bəlkə də bu, bütün ölkənin azadlığının müjdəçisi olacaq.

Emin Milli
yazıçı
5 noyabr, 2012-ci il. Bakı
XS
SM
MD
LG