Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:02

Lerikdə uzunömürlülər muzeyi var, bəs uzunömürlü? [Video]


Lerikdə uzunömürlülər muzeyi var, bəs uzunömürlü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
-

«Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu hər bir ölkənin ümumi inkişafını göstərən amildir». Bu sözləri ölkə prezidenti oktyabrın 27-də Saatlı rayonunda olarkən deyib. Bu mövzu təzə deyil. Hələ sovetlər dönəmində Lerik uzunömürlüləri başlıca təbliğat mövzulardan biri idi. Hətta Lerik rayonu «Uzunömürlülər diyarı» adlandırılırdı, burada yaşayan Şirəli Müslümov isə planetin ən uzunömürlü insanı. Elə Lerikə də bu mövzunun davamı kimi getmişdik. Qəsəbənin küçələrində rast gəldiyimiz sakinlərdən yüz yaşı keçmiş insanlar barəsində soruşduq. Əksəriyyətin fikri belə idi ki, ötən illərə nisbətən indi yaşı yüzə çatanların sayı azdır. Hətta qəsəbənin özündə belələrinə rast gəlmək mümkün deyil.

«UZUNÖMÜRLÜLƏR DİYARINDA» CƏMİ 1 UZUNÖMÜRLÜ?

Statistika Komitəsinin məlumatına görə, Lerikdə cəmi 1 nəfər yüz yaşını keçib. O da Sumqayıtdakı qohumlarının yanına köçüb. Sakinlərdən biri zarafatla bildirdi ki, tezliklə Azərbaycanda muzeylər dəbə düşəcək. Bu ərazidə olmuş və yoxa çıxmış heyvanların, quşların muzeyləri də qurulacaq.

Uzunömürlü insanlarla bağlı muzey isə artıq var...

«UZUNÖMÜRLÜLƏR MUZEYİ»NDƏ...

Dilarə Fətullayeva
Dilarə Fətullayeva
Bizə məsləhət gördülər ki, Lerikdə yerləşən «Uzunömürlülər muzeyi»nə baş çəkək. Muzeyi axtarıb tapmaq elə də çətin olmadı. Muzeyin qarşısında direktor Dilarə Fətullayeva ilə görüşdük, muzeyə daxil olub, söhbətimizi də elə orda davam etdiririk:

«ŞİRƏLİ MÜSLİMOV 168 İL YAŞAMIŞDIR»

«Bizim muzey 1991-ci ildən fəaliyyət göstərir. Bu dünya üzrə yeganə muzeydir. Muzeyimizdə dünyanın ən uzunömürlü sakini olan Şirəli Müslimovun stendi var. Şirəli Müslimov 168 il yaşayıb. Bu stenddə gördüyünüz kimi, Şirəli babanın şəxsi əşyalarıdır. Şirəli babanın şəxsi papağı muzeydə əksini tapıb. Bu, Şirəli babanın həyat yoldaşı Xatun nənədir. İkinci həyat yoldaşıdır. Şəkildə görürsünüz ki, Vyetnam prezidenti Koh Shi Min Şirəli babanı təbrik etmiş, öz avtoqrafını göndərmişdir. Muzeyimizdə 150 yaşlı Mahmud babanın da stendi var. Onun adına o vaxtları təqvim çıxıb. Mahmud baba Moskvada kənd təsərrüfatı sərgisində də olub. Bizdə 145 yaşlı Məcid babanın da stendi var. Məcid baba Tükəban kənd sakinidir. Gördüyünüz kimi, bu stenddə ona aid çoxlu məktublar öz əksini tapıb, həmçinin dünyanın hər yerindən ona məktub yazıblar. Yəqin ki, çox yaşamağın sirri ilə maraqlanırmışlar».

Direktor deyir ki, burda yüz yaşını keçmiş 100-ə yaxın lerkli haqqında məlumat var. Onların çoxu sovet dövründə yaşamış şəxslərdir. Əvvəlki illərlə müqayisədə uzunömürlülərin sayı azdır. İldən-ilə onların sayı azalmaqdadır. O, uzunömürlülərin sayının azalma səbəbini yerli qida məhsullarının az qəbul olunmasında görür. Onun sözlərinə görə, sovet dövründə bu məsələ maraq doğurduğundan uzunömürlülərə şəxsi həkimlər də ayrılırmış:

«HƏR KƏS YÜZ İL YAŞAMASA...»

«Bu həkimlərdən biri də Hacıbalağa olub. O da bu yaxınlarda dünyasını dəyişdi, 80 yaşında. Onun kitabı var «Hər kəs yüz il yaşamasa...». Bu kitabda çox yaşamağın sirrini göstərib, tibbi nöqteyi-nəzərdən. Şəkildə gördüyünüz uzunömürlülərdir. Elə uzunömürlülər var ki, 3 əsri görüblər. Misal üçün, Rza kişi, Məhbubə nənə».

Dilarə Fətullayevanın dediyinə görə, çox yaşamağın birinci sirri, təmiz dağ havasıdır. İkincisi isə, təmiz bulaq suyudur:

UZUNÖMÜRLÜLÜYÜN SİRRİ NƏDİR?

«Bizim dədə-babalarımız təsərrüfatla məşğul olublar, daim hərəkətdə olublar. İnsan hərəkətdə olarkən bu, onu stresslərdən uzaqlaşdırır. Çox yaşamağın bir sirri də insanın qəbul etdiyi qidadır. Bizim dağ adamları ağartı məhsulları, təmiz göyərtiləri, bitki tərkibli məhsulları çox qəbul edirlər. Onlar ət məhsullarını az qəbul edirlər. Bu da insanın çox yaşamasına müsbət təsir edir. Çox yaşamağın bir sirri də genetikadır. Genetikanın rolu çoxdur. Elə nəsillər var ki, onlarda uzunömürlülərin sayı çoxdur».

Dilarə Fətullayeva statistik məlumatla da razılaşmır. Əksinə o, deyir ki, Lerikdə yüz yaşına çatan 10 nəfərə yaxın sakin var. Lakin biz onlardan heç birisi ilə görüşə bilmədik. Məlum oldu ki, onlardan biri bu günlərdə vəfat edib. Digərlərinin isə ucqar kəndlərdə yaşadıqları bildirilir.

HAMARMEŞƏ KƏNDİNDƏ...

Belə qərara gəldik ki, Hamarmeşə kəndində yaşayan yaşı 100-ə yaxınlaşan Şabacı Məmmədova ilə görüşək...

Hamarmeşə kəndi Lerik-Lənkəran yolunun üstündə yerləşir. Ora getmək çətin olmadı. Soraqlaşıb, Şabacı Məmmədovanın evini tapdıq. Yataqda uzanmış nənə soyuqladığına görə söhbət etməyə həvəs göstərməsə də, oğlu Məmməd Məmmədov onun əvəzinə danışdı:

«Anam pasportda 1917-ci ildir. Anam danışıb ki, ər evində idim, gəlib sonradan mənə 15 yaş yazdılar. Əvvəl pasport, metrika yox idi. Soruşublar, baxıblar 15 yaş veriblər. Amma yaşı çoxdur, anamın yüzdən çox yaşı olar».

Arxiv foto
Arxiv foto
Məmməd Məmmədov deyir ki, uzunömürlülərin sayının azalması səbəbləri çoxdur. Bunlardan biri də, onun fikrincə, rayonda yerli ərzaq məsulları istehsal edən sahələrin olmamasıdır:

«Hökumətdən biz yağ almırdıq. Ancaq öz istehsalımız, öz yağımız, öz çörəyimiz... Əkirdik, becərirdik. Hökumətdən almırdıq. İndi hər şeyi bazardan, özü də başqa ölkələrdə istehsal olunan ərzaqları alırıq. Ancaq ərzaqla əlaqədar ömürlər azalıb».

Məmməd Məmmədov rayonda uzunömürlülərə göstərilən tibbi xidmətin aşağı səviyyədə olduğunu da bildirdi. Onun dediyinə görə, həkimlər çağırışa gəlmirlər.

«HEÇ OLMASA İKİ DƏFƏ HƏKİM BUNU YOXLAYA...»

«Heç olmasa səhiyyə tərəfindən tapşırıq verilə, ayda heç olmasa iki dəfə həkim bunu yoxlaya, dərman verə».

Söhbətə Şabacı Məmmədovanın nəvəsi Dadaş Məmmədov da qoşulur:

«İldə bir dəfə baş çəksin. Uzunömürlüdür. Heç olmasa ildə bir dəfə bizim Lerik rayon xəstəxanasının, kənd xəstəxanasının baş həkimi bir dəfə gəlsin, bir həkimini göndərsin. Yüz yaş biz bilirik. Bəlkə yaşı çoxdur. Gəlsinlər maraqlansınlar. Rayon icra hakimiyyəti, yerli bələdiyyə. Heç birisi gəlib maraqlanmır».

Tarixçi Tarif Əliyev deyir ki, adətən hakimiyyətlər bu cür məsələlərdən öz xeyirləri üçün istifadə edirlər. Sovet hakimiyyətində də belə olub. Onun dediyinə görə, Şirəli Müslümovun doğulduğu tarix sovetlərin verdiyi sənəd əsasında müəyyənləşib və təbliğat xarakteri daşıyırdı. İndi də həmin vasitələrdən istifadə olunur. O, deyir ki, bu, köhnə metoddur. Burada məqsəd heç də insanların ömrünün uzanmasına şərait yaratmaq deyil. Tarixçinin fikrincə, dünyaya göstərmək istəyirlər ki, bizdə yaşayış yaxşı olduğu üçün ömürlər də uzanır.

Lerik rayon icra hakimiyyəti başçısının birinci müavini Habil Məlikov isə uzunömürlülərə diqqətlə yanaşıldığını deyir. Onun bildirdiyinə görə, rayonda yaşayan uzunömürlülər mütəmadi olaraq yoxlanılır və müalicə olunurlar.

MUZEY TƏMİR OLUNUB...

«Uzunömürlülər muzeyi»
«Uzunömürlülər muzeyi»
Lerikdə uzunömürlü insanlara yaxşı baxılıb-baxılmaması mübahisə doğursa da, onların adına açılmış muzey haqda belə mübahisələrə ehtiyac yaranmır. 2010-cu ildə Lerikdə yaradılmış «Uzunömürlülər muzeyi» əsaslı təmir olunub. Həmin ildə də muzeyin açılışı olub və açılışda ölkə prezidenti İlham Əliyev iştirak edib.

Statistikaya görə, 90-dan yuxarı yaşı olanlar uzunömürlü hesab olunurlar. Statistikanın verdiyi məlumata görə, Lənkəranda 6, Astarada 5, Masallıda 4, Cəlilabada 4, Yardımlı və Lerik rayonlarının hər birində isə 1 yüz yaşından yuxarı uzunömürlü insan yaşayır.
XS
SM
MD
LG