Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

Rasim Qaraca. Könülsüzlər


Rasim Qaraca
Rasim Qaraca
-

İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub.

Yerdə biz könülsüzlər qalmışıq. Artıq biz nə dostluq etməyi, nə də sevməyi bacarırıq.



Rasim Qaraca


KÖNÜLSÜZLƏR

Bir insanda könül olmadısa, demək başqa şeylər də olmadı, olmayacaq, olması mümkün deyil. Ancaq nə üçün bir insanda könül var, o birində yoxdur – bunu özünüzdən sordunuzmu nə vaxtsa?

Tanıdığım, yaddaşımda iz buraxmış bir insanı düşünərkən bunlar ağlıma gəldi. O, haqqında tam əminliklə “könüllü idi” deyə biləcəyim bir insan idi.

Yəqin ki, bütün savaşlardan sonra mutsuzluq insanların ən böyük problemi olur. Alınan travmanın mənəvi boyutları fiziki boyutlarını üstələyir, ən böyük şikəstliyi post-savaş dönəminin insanları öz könül dünyalarında yaşayırlar. Yəqin ona görə ki, savaş dönəmində bütün könüllülər cəbhəyə yollanırlar, yerdə qalanlar isə yalnız könülsüzlər olur.

Belə könüllülərdən biri dostum Alim idi. Əsgər yaşının keçmiş olmasına baxmayaraq “könüllü” Qarabağ müharibəsinə yollanmışdı, cəmi bir ay sonra həlak olmuşdu. Cəmi 1 ay. Top mərmisindən parça-parça olub, heç tikəsi də ələ gəlməmişdi.

Fərz edin, əsgərlərdən birinin atası sovqatla cəbhə bölgəsinə yollanır, əsgərlərə dağ yamacında qonaqlıq verir. Beləcə, Alimin də içərisində olduğu bir qrup əsgər, düşmən artilleriyasının bir zərbəsiylə yer üzündən silinir.

Taleyin bu oyunu heç bir məntiqlə izah oluna bilməz; nə üçün könüllü bir insanın həyatı belə ucuz bir sonluqla tamamlanmalıydı?

Cəbhəyə yollananda Alimin 35 yaşı vardı. Ölümünün ailəsi üçün necə böyük faciə olduğunu təsvir edə bilmərəm. Qoca ata-ana, iki körpə uşaq və təhsili olmayan qadını taleyin qara pərdəsi altına düşmüşdü bir anda.

Boylu-buxunlu, çatıq qaşlı, ağbəniz, cəngavər tipli birisi idi. Bunlar ölən adamı şişirtmək üçün deyilən xoş sözlər deyil, mən real adam haqqında danışıram. Alim Bağırov, 1956-cı ildə Əli Bayramlı şəhərində, 28 aprel küçəsində anadan olmuşdu, məndən dörd yaş böyük olmasına baxmayaraq dostluğumuz vardı. Eyni küçədə yaşayırdıq, aramızda 4 ev.

İlk tanışlığımız mən 13-14 yaşlarda olanda olub. 6-cı sinif şagirdi 40 manat pul toplayıb özünə tar alır. Bu yaşdakı bir uşağın özünə tar alması da görünür bəşər tarixinin ən nadir hadisələrindən biridir. Adətən ata-analar uşaqlarını musiqiyə yönləndirməkdən ötrü dəridən-qabıqdan çıxarlar, ancaq məndə bu iş tərsinə olub: ata-anamın tam laqeydliyi ilə qarşılanıram. Sadəcə olaraq, bu alətdən xoşum gəlib, çalmağı öyrənmək istəmişəm. Ancaq xroniki qovğa halında yaşayan böyüklərimin umurunda deyil mənim bu qəhrəmanlığım, alət dınqıldatmaqdan başqa bir işə yaramır, musiqi dərnəyinə getmək üçünsə pul lazımdır ki, onun da adını tutmağa bizim evdə tabu qoyulub. Bir müddət həvəsli olsam da, sonra bu həvəs sönməyə başlayır, tar evin bir küncünə atılıb qalır. Nəhayət üstündən bir neçə ay keçəndən sonra anamı dilə tuturam, birlikdə Alimgilə yollanırıq. Çünki Alim tar məktəbini qurtarıb, sonralar da görə biləcəyim kimi, gözəl tar çalmağı var.

İndiki kimi yadımdadır, yenicə çiçəklənmiş qaysı ağacının altında oturub Alimin öz tarında çalğısına qulaq asırıq, mənim tarımı kökləyir, bəzi məsləhətlər verir. Daha sonra bir neçə dəfə görüşürük, Alim Bakıya yollanır və mənim tar çalmağı öyrənmək işim yarımçıq qalır.

Sonralar Alim özünün tar çalmağıyla bağlı bir əhvalat danışmışdı. Əsgərlikdə olanda
Alim
Alim
komandirlə aralarında nəsə bir mübahisəli məsələ olub, Alim kazarmaya gələrək tarını köynəyindən çıxarıb və “Ana” mahnısını çalmağa başlayıb. “Gözümün nuru, könlüm aynası...” – bax həmin o mahnını. Bu çalğını Alimin ifasında dəfələrlə eşitmişəm. Kənardan qulaq asan rus komandir ona yad olan bu musiqidən təsirlənir və yaxınlaşaraq dostcasına əlini Alimin çiyinlərinə qoyur, barışıq ifadələri işlədir.

Alim haqqında yazarkən gözlərim dolur, axı nə üçün, nə üçün o ölməliydi. Həyatı bu qədər sevən, könüllü bir insan gənc yaşında nə üçün sönüb getməliydi? İndi, bu yaşımda, artıq nə qədər zaman keçəndən sonra, gördüyüm, tanıdığım, yoldaşlıq, dostluq etdiyim insanları gözlərimin önünə gətirirəm, Alimin nə qədər fərqli olduğunu başa düşürəm. Dəli Domrulun sözlərini xatırlayıram, axı Əzrayıl bu “yaxşı igidin” canını nə üçün almalıydı? Bu qədər pis insan varkən...

İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub. Yerdə biz könülsüzlər qalmışıq. Artıq biz nə dostluq etməyi, nə də sevməyi bacarırıq. Qəlb dünyamızda səbəbini fəhm edə bilmədiyimiz bir boşluq yaranıb. Düşünə bilirsizmi, vətən borcu deyərək minlərlə insan özünü müharibə adlı ət maşının içərisinə atır. Bu insanlar toplu şəkildə Bir Millətin Könlü idi deyə bilərik. Bəlkə də buna görə bütün milli hədəflərimizdə bu qədər könülsüzük. Bizi əzən sistemə qarşı heç bir dirəncimiz yoxdur.

Yadıma gəlir, məndən 5 yaş kiçik olan qardaşım çağırış yaşındaydı və cəbhəyə getməməkdən ötrü dəridən-qabıqdan çıxırdı. O vaxtlar çağırış yaşında olanları zorla tutub cəbhəyə göndərirdilər. Bir qrup polisin qəflətən evə soxulub qardaşımı tutmaq istəməsi, anamın araya girməsi və onun pəncərədən tullanıb qaçması o dövrün yaddaqalan ştrixlərindən biridir.

Alimsə özü, könüllü olaraq yollanmışdı cəbhəyə. Və sanıram, bu könüllü gedənlərə elə gəlirmiş ki, onlar öz istəkləriylə gəldikləri üçün savaş tanrısının xüsusi himayəsi altına girmişdilər, başqalarına olan şeylər onlarla ola bilməzdi, savaşın məntiqi də məntiqsizliyi də onlardan yan keçəcəkdi. Bu düşüncə onların hamısında olmuşdu, buna görə də onların hamısı son nəfərinə qədər həlak olmuşdu. Yerdə qalanların hamısı könülsüzlərdi.

İndi bu könülsüzlər evlənib ailə qurur və dünyaya özləri kimi könülsüz uşaqlar gətirirlər. Buna görə hətatımız gündən-günə bu cür ağırlaşmadadır.

1980-ci ildə, mənim 20 yaşım olanda Alimlə birlikdə Lt. Şmidt adına maşınqayırma zavodunda işləyirdik. Məni bu zavoda işə Alim düzəltmişdi. “Uşaqlığın son gecəsi” filmindəki kimi romantik bir iş deyildi. Əsl cəhənnəmə düşmüşdüm, işim həddən artıq ağır, maaşım isə azdı. Evdən ayrılıb gəldiyimə peşman olmuşdum, ancaq geriyə yol yox idi.

Öz taleyimi sınamağı qarşıma məqsəd qoymuşdum. İşlədiyim dəmirçi sexində vəzifəm gün ərzində sobaların dibinə çökmüş ərpi təmizləmək idi. Bu ərp hər gün qalınlaşır, 3-4-cü gündən sonra onları qoparmaq çətinləşirdi.

Təqribən 10-a yaxın dəmirçi sobasını növbəylə saxlayıb mənim ixtiyarıma verirdilər. 3-4 metrəlik lingləri olan pompalı çəkiclə uzaqdan uzağa həmlə edərək yığılmış ərpi təmizləyirdim. Zamanında çatdıra bilmədiyim sobaları iş saatı bitəndən, hamı dağılışıb gedəndən sonra təmizləməliydim. Təkcə bir sobanı təmizləyincə leşə dönürdüm, o ki qala 2, 3 və ya 5 soba ola. Bu iş mənim gücüm xaricindəydi. Bir gün sex müdürü qəzəblə üstümə bağırır: “İşləyə bilmirsən ərizəni yaz çıx!”. Bu işi çətinliklə tapmışam, çıxmaq söhbəti ola bilməz. Həmin gün bir neçə sobanın günlərdir üst-üstə qalaqlanmış ərpini təmizləməliyəm. Çətin sınaq qarşısında qalmışam. Əgər təmizləyə bilməsəm işdən çıxaracaqlar...

İndi sizə kinematoqrafik bir tablo çəkəcəyəm: sükutla dolmuş böyük dəmirçi sexinin yarımqaranlığında 3 tonluq dəmirçi sobasının qarşısında sümükləri bərkiməmiş, “Bəyaz gecələr”i yenicə oxumuş, universitetin jurnalistika fakültəsinin tələbəsi, ən böyük arzusu jurnallarda öz şeirlərini dərc etdirmək olan cavan oğlan diz üstə çökərək başını əlləri arasına alıb, düşüncələrə dalıb. Günün yorğunluğu, aclıq və kimsəszilik onu sarsıdıb. Çıxılmazlıq içində sarsılaraq nə edəcəyini bilmir...

Bu zaman heç vaxt unutmayacağım qeyri-adi hadisə baş verir. Birdən-birə Alim başımın üzərində peyda olur. Yataqxanaya gec qayıtdığımı görüb maraqlanıb, soraqlaşaraq gəlib məni tapıb. Heç bir söz demədən pompalı tapançanı alıb güclü qollarıyla mənim bütün işlərimi görüb tamamlayır. Birlikdə yataqxanaya qayıdırıq... O anda Alim gözümdə əsl xilaskar kimidir. Əsl qardaşlıq hissləri baş qaldırıb ürəyimdə. Bəlkə zamanında dərk etməmişəm, yəqin bu cür yaxşılıqları hələ bu həyatda çox görəcəyimi düşünmüşəm, ancaq indi üzərindən 30 il keçəndən sonra bunun belə olmadığını başa düşürəm.

Alim könüllü insan idi. Mənə ondan yadigar qalan da həmin bu könüllülükdür. Belə bir insanla həyatda dostluq, yoldaşlıq etdiyimə görə özümü şanslı sayıram. Fərqində olmadan ondan bir çox şeyləri öyrənmişəm. İndi bu sətirləri yazarkən nədən qor halında olan könül dünyam hərəkətə gəlib, nə üçün onun dərinliklərindən qopub gələn duzlu damlalar öz-özünə axıb boşalır, bunun fərqindəyəm. Çünki könüllü insanlar heç zaman ölmürlər, onlar könüllərdə yaşayırlar və beləcə bir gün dirilib bizi göz yaşına qərq edirlər.
XS
SM
MD
LG