Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:59

Atılmışların və ölümünü gözləyənlərin pansionatı


Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatı
Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatı
-

«Taleyim belə gətirdi. Heç kimim yoxdur. Ailəm dağıldı, atam-anam rəhmətə getdi, kimsəsiz qaldım, gəldim bura».

Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatına hamı «qocalar evi» deyir. Düzdür, burda təkcə qocalar deyil, kimsəsizlər də var. Adilə Ağayeva da 5 ildir burada yaşayır. Ən böyük arzusu burdan çıxıb elə hamı kimi yaşamaqdır. Amma hara getsin, özü də bilmir ki… Bura gəlib, sonradan ailəyə, evə, ocağa dönən olubmu? Adilə xanım, hələ ki, burda beləsini görməyib.

Onunla söhbətləşəndə birinci mərtəbədə qələbəlik idi. Canlı musiqi səslənirdi. Süfrə də açılmışdı. Oynayan kim, başı yeməyə qarışan kim. Bir qrup gəncin pansionatda düzənlədiyi musiqi proqramı sanki bir anlığa onlara tənhalıqlarını, kimsəsizliklərini unutdurmuşdu. Ağızları da dada gəlmişdi. Ev yeməklərini ləzzətlə yeyirdilər. Gələ bilənlərin hamısı pansionatın yeməkxanasına toplaşmışdı. Gələ bilməyənlərin qapıları döyülür, onlara da sovqatdan pay verilirdi.

«QARDAŞIM EVLƏNDİ, MƏNƏ BAXAN OLMADI»

Qocalar evində nahar zamanı
Qocalar evində nahar zamanı
48 il öncə Bilgəh Qocalar Evi istifadəyə veriləndə buranın bir neçə sakini vardı. İllər ötdü, sakinlərin sayı çoxaldı. İndi buranın 200-ə yaxın sakini var. Hərəni bir tale gətirib. Kimi bütün yaxınlarını itirib, Adilə xanım kimi pənah aparacağı başqa yer qalmayıb. Kimi gəlin-qaynana dava-dalaşından sonra bura üz tutub. Kimisi ev fırıldaqçılarının güdazına gəlib. Övladlarının atdığı ata-analar da var, ata-anaların atdığı yetkin övladlar da.

26 yaşlı Vidadi Nəsibovu, dediyinə görə, doğma qardaşı gətirib buraya. Böyük qardaşı ailə qurana qədər bir yerdə yaşayıblar, sonra araya ayrılıq düşüb:

- «Qardaşım evləndi, mənə baxan olmadı və gətirdi məni bura».

Əlil ağacının köməyi ilə güclə yeriyən Vidadi ikinci mərtəbəyə qaldırıb, çəkdiyi rəsmləri göstərir:

- «Burda şərait yoxdur şəkil çəkməyə, aparıb gətirən olmur, olsa gedib çəkərəm. Buna bax, bunları mən çəkmişəm. Televiziyada veriblər mənim çəkdiklərimi».

ALDADILAN ANANIN DRAMI

Qocalar evində 3 il əvvəl ölən bir ananın həyat dramını hələ də ürəkağrısı ilə xatırlayırlar. Deyilənə görə, onu da oğlu aldadıb qocalar evinə gətirib. Özünü «təsərrüfat bacısı» kimi tanıdan Güləbatın Qurbanova o hadisəni həyəcansız danışa bilmir:

«Bir müəllim öz anasını aldadıb bura gətirmişdi. Onu aldatmışdı ki, səni hamama aparıram. O qadın hamam boğçası qoltuğunda, 3 gün burada ağladı. Səsə getdim, soruşdum ki, xala, niyə ağlayırsan? Dedi, qızım, bura haradır, xəstəxanadır? Dedim yox, soruşdu ki, bəs haradır bura? Susdum, bir söz demədim. Ağlamaqdan gözləri şişmişdi, üç gün sonra öyrəşdi bura».

O, pansionatda belə atılmışların az olmadığını deyir. Hamısı da ölüm ayağında, son nəfəsində öz övladlarını çağırır, onları arzulayır.

«ƏCƏL OTAĞI»NDA ÖLÜMÜNÜ GÖZLƏYƏNLƏR

Qocalar evinin sakinlərindən biri
Qocalar evinin sakinlərindən biri
Pansionatın həyətindəki iki taxta evdə ab-hava bambaşqadır. Yaşlı və ağır xəstələr qalır bu evlərdə. Azı 30 nəfərdirlər. Bu taxta evlərdəki yaşam dramatik filmləri, o filmlərdəki insan görüntülərini yada salır: Gözü yol çəkənlər... Doğma və yaxınlarının həsrətini yaşayanlar və... Və ölümünü gözləyənlər!...

Pansionatda bu taxta evlərə «əcəl otağı» adını veriblər. Burada 20 nəfər, ən ağır xəstələr saxlanır.

Vaxtilə orta məktəbdə rus dili müəllimi çalışmış Svetlana Cavadova «taxta ev»in tarixçəsindən söz açır:

«Ayağım sınmışdı, baxa bilmirdilər. Könüllü gəldim bura, dedim bura yaxşıdır. Qoca adamlarıq. Görürsən, evdə bir şey olur, adamın xətrinə dəyir. Biz qocalar uşaq kimiyik, axı. Buraya müalicə olunmağa gəlmişdim, üstəlik, yıxılıb ombamı da sındırdım. İndi mənə yaxşı baxırlar... Burda evdəkindən yaxşı baxırlar».

OMBUDSMANADƏK ÇIXAN PROBLEM

Pansionatda istilik öz yerində, amma içməli su və yeməklə bağlı çətinlik var. Kimi dindirirsən, yeməyindən gileylənir. Kənardan yardım gələndən-gələnə ağızları da dada gəlir...

Oyun havası 72 yaşlı Xalidə xanımın lap sümüyünə düşmüşdü. Dediyinə görə, qocalar evinə gələndən iki dəfə ailə qurub, amma hər ikisində də ölüm sevdiklərini əlindən alıb. Yenə ailə qurmaq istəyir, amma «ürəyimə yatacaq birisini hələ tapmamışam» deyir.

Müğənnilərdən mikrofonu alıb, özünü sınayan 44 yaşlı Arzu Əsədova qocalar evinə bir-neçə ildir sığınıb. Onkoloji xəstəlikdən əziyyət çəkən Arzu əməliyyatdan sonra pansionata Salyandan könüllü gəlib. Gəlib ki, qalan ömrünü buradakı kimsəsizlərə həsr etsin. İndi 6-7 ahıla – ağır xəstələrə baxır. Yataq xəstəsi olan ahıllardan biri ilə də eyni otaqda qalır. Bəzi problemlərin həllinə də çalışır. Otaqlara içməli su çəkilməsi üçün Ombudsmana qədər yazıb. Cavab gəlib, amma:

«Problemi, hələ ki, həll eləmirlər. İçməli su çöldə – hövuzdadır. Yaşlı adamlar suyu çöldən daşıyırlar».

«QIŞ» NOVRUZDA BİTƏR

Bəhruz Əlimədətov
Bəhruz Əlimədətov
Pansionatın direktoru Bəhruz Əlimədətov problemlərin mövcudluğunu danmır. Deyir ki, 200 nəfərlik yeni korpusun son tamamlama işləri gedir. Bura istifadəyə veriləndən sonra indiki əyər-əskiklərin bitəcəyinə inanır: «Novruz bayramında hamı yeni korpusa köçürüləcək və hərənin də ayrıca otağı olacaq».

Bəhruz Əlimədətov yemək məsələsinə də toxunur:

«Bir nəfərin bir günlük ərzaq norması 5 manatdır. Bu, Nazirlər Kabinetinin normatividir. Yaşlı adamlardır, bu, onlara bəs edir. Gündəlik şəkər tozu və yağ özlərinə verilir, özləri necə istəyir elə də istifadə edirlər. 20 qram yağ, yarım yumurta verilir. Qoca adamlardır, o qədər də çox yemirlər».

ÖLƏN KİMSƏSİZLƏRƏ YİYƏ DURAN VAR?

«Təsərrüfat bacısı» Güləbatın Qurbanova ilə bu il ölənlərin siyahısına baxırıq: «2012-ci il…bir, iki, üç...». 12 vərəqli dəftər 27 kimsəli və kimsəsizin ölümünə şahidlik edir.

Onların əksəriyyəti qəsəbədəki kimsəsizlər məzarlığında dəfn edilib. Bəzilərinin övladlarına, yaxınlarına xəbər verilsə də cəmi 8 nəfər ata-anasının ölüsünə sahib çıxıb:
«Eləsi var, lap zəng də vurursan, imtina edir, imkanı olmadığını deyir. Bəziləri deyir, atam anama zülm edib deyə gəlmirəm. Ya deyirlər ki, o mənə atalıq etməyib, atıb məni, zülm edib mənə, ona görə gəlmirəm. Elələri də var gəlib borcunu yerinə yetirir».

KİMİN ÜÇÜNSƏ SONUNCU OLACAQ AXŞAMLAR

Pansionatdan çıxanda alatoran düşürdü. Bu axşam kimdən ötrüsə sonuncu axşam ola bilər. Bu axşam daha bir oğul öz anasını qocalar evinə gətirə bilər. Bu axşam... Ən yaxşısı, bu barədə səhər-səhər düşünək. «Səhərin şəri axşamın xeyrindən yaxşıdır» deməyiblərmi?!...
XS
SM
MD
LG