Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:47

Azərbaycanda fiziki qüsurlu insan niyə rəhbər vəzifədə ola bilməz?


Gənc tarixçi Anar Ömərov
Gənc tarixçi Anar Ömərov
-
«Dostlarımın çoxu normal işçi kimi dövlət orqanlarında, özəl şirkətlərdə çalışmaq istəyirlər. Amma təəssüflər olsun ki, nə dövlət qurumları, nə özəl şirkətlər bizim üçün kvota ayırırlar...».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına radiomuzun daimi dinləyicisi gənc tarixçi Anar Ömərov söylədi.

HEÇ ƏNGƏLLİ KAFEDRA MÜDİRİ BELƏ YOXDUR

Onun dediyinə görə, bunlar ölkəyə başıaşağılıq gətirən şeydir:

«Mən özüm tarixçiyəm. Nə dövlətçilik tarixində, nə parlament tarixində hələ rəhbər vəzifədə olan əngəlli insan görməmişəm. Heç rektor, dekan demirəm, bizim universitetlərdə əngəlli kafedra müdiri belə yoxdur».

ƏLİLLƏRƏ MÜNASİBƏT ÖLKƏNİN SƏRHƏDİNDƏN BAŞLAYIR

Anar Rusiyada və Türkiyədə şahidi olduğu münasibətdən danışdı:

«Aeroporta düşən kimi, hər bir ölkənin əlil--fiziki məhdudiyyətli insanlara münasibəti onun sərhədindən görünür. Bizdə əngəlli insanlara kömək edəcək heç nə yoxdur».

HAMI PARAOLİMPİYAÇI DEYİL Kİ?

Anar dövlətin idmançılara yaratdığı şəraitdən razıdır:

«Sağ olsun prezidentimiz, paraolimpiyaçıların şəraitini yaxşılaşdırır. Bizdə hər fiziki məhdudiyyətli adam idmançı deyil axı? Onlara olan diqqətin az faizini də adi insanlara etmək lazımdır. Ən azından, ali təhsil almış adamlara şərait yaradılmalıdır ki, onlar cəmiyyətdən təcrid olunmuş vəziyyətdə qalmasınlar, özlərini tək-tənha hiss etməsinlər».

HƏR ƏLİL DİLƏNÇİ DEYİL!

Anar Azərbaycan dövlətində və cəmiyyətində səhv bir fikir formalaşdığını deyir:

«Görmə qabiliyyəti zəif olan insanlara əqli baxımdan da problemli yanaşırlar. Metroda, dükan-bazarda bir fiziki məhdudiyyətli insan dilənirsə, elə düşünürlər ki, bu kateqoriyadan olanların hamısında dilənçi psixologiyası var.
Foto: Arxiv
Foto: Arxiv
Mənim bitirdiyim məktəbin məzunu olan görkəmli adamlarımız olub—bəstəkar İsrail Kərimov, tarzən Murtuz Mehdiyev, BDU-da uzun müddət elmi işçi çalışan Mehdi Məmmədov, Xarici Dillər Universitetində ingilis dilini tədris edən Arif Zeynalov... Siyahını uzada bilərəm. Dediyim odur ki, bu gün biz adi sağlam adamların da dilənçilik etdiyini görürük».

DÖVLƏT ÖZ VƏTƏNDAŞINI ƏLƏ BAXIMLILIĞA ÖYRƏTMƏMƏLİDİR!

Anar deyir ki, görmə əngəlli insanlarla bağlı müəyyən iş aparılsa, onlar adi insanlardan qat-qat yüksək nəticə göstərərlər:

«Hər şey cəmiyyətin və dövlətin münasibətindən asılıdır. Türkiyədə söhbət əsnasında mənə dedilər ki, bizim ölkə dövlət olaraq əngəlli insanları özünə yük eləmir. Ölkə dərk edir ki, bu mənim vətəndaşımdırsa, ona qayğı göstərməliyəm. Məsələn, Azərbaycanda sosial pensiyalar verilir—50-60 manat həndəvərində--1 qruplar üçün. Əmək pensiyaları verilir—180-185 manat. Amma Rusiyada və Türkiyədə hər hansı özəl və ya dövlət şirkəti qarşısında kvota qoyulur. İşə 100 nəfər qəbul olunacaqsa, onun 10 nəfəri fiziki məhdudiyyətli olmalıdır. Bu yolla dövlət bu adamların əməyindən faydalanır. Ona pensiya, sosial yardım vermirəm, amma ona maaş verirəm, gəlirindən vergi tuturam. O da həmin maaşın əvəzində ailəsini təmin edə bilir. Heç kəsə möhtac olmur. Yəni dövlət öz vətəndaşına ələ baxımlılığa öyrətmir».

--Türkiyədə 2007-ci ildən bəri keçirilən «Əngəlsiz yaşam» sərgisindən təzəcə qayıtmış Anar Ömərov orada gördüklərindən niyə şoka düşüb?

--Fiziki məhdudiyyətli insanların özünü «suda balıq kimi» hiss etdiyi məkan haradır?

--Qonağımız dünyada baş verənlərdən necə xəbər tutur?

--Anarın görmə qabiliyyəti nə qədərdir?

--Anar harada doğulub, harada təhsil alıb?

--Anar niyə işsizdir?


Anarın dediklərini özün dinlə


XS
SM
MD
LG