Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:44

Nizami Cəfərov: «Dövlət onu müdafiə edən yaradıcı şəxsə fəxri ad verməlidir»


Nizami Cəfərov, Hüseynbala Mirələmov, Rəhman Bədəlov və Ədalət Əsgəroğlu
Nizami Cəfərov, Hüseynbala Mirələmov, Rəhman Bədəlov və Ədalət Əsgəroğlu
Şahnaz Bəylərqızı, Cavid Zeynallı


Ədalət Əsgəroğlu: “MUSA YAQUBA, RAMİZ RÖVŞƏNƏ AD VERİLMƏSİ ÜÇÜN AYB-DƏN TƏQDİMAT GEDİB”

“Mənə ağrılı gələn odur ki, çoxlu xahişdən, minnətdən sonra fəxri ad alan yazar çıxıb buna görə xalqına minnətdarlıq edir”.
“Bir problem də var: xalq artisti, əməkdar artist parlamentə müraciət edir ki, onlara verilən 50 manat, 30 manat azdır, bu artırılsın. Dəhşətdir. Başa düşmürlər ki, yaradıcı şəxs bu ada bir az layiq olmalıdır, bu ad da ona xahişsiz-minnətsiz verilməlidir. Və bu ada görə vəsait istəməməlidir, bunu kulta çevirməməlidir”.



Fəxri adlar ləğv olunmalıdırmı? “Pen klub”dakı debatda Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərov, yazıçı Hüseynbala Mirələmov, filosof Rəhman Bədəlov və AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu iştirak etdilər.

“FƏXRİ ADLAR DÖVLƏT DİRƏYİDİR, BU YANLIŞ VƏ QORXUNCDUR”

Azerbaijan. Baku. Rahman Badalov
Azerbaijan. Baku. Rahman Badalov
Rəhman Bədəlov:
- Mən artıq 20 ildir deyirəm, fəxri adlar ləğv olunmalıdır. Özüm də fəxr edirəm ki, belə bir adım yoxdur. Bu fəxri adlar nə deməkdir? Dövlət kimisə qiymətləndirir. Bizim şüurumuzda brendlərlə qiymətləndirmə var. Bu, çox qorxuludur. Ümumiyyətlə, bizim şüurumuzda brendlərə meyl güclüdür və fəxri adlar bunu daha da gücləndirir. Mən çox təəssüflənirəm ki, sovet şüurundan azad olmamışıq. Biz gərək damla-damla sovet şüurundan uzaqlaşaq. Başqa cür biz sivil ölkədə yaşaya bilmərik. Mənim münasibətim birmənalıdır, fəxri adlar olmamalıdır, heç bir güzəştsiz. Mən başa düşürəm ki, kimlərsə onlara verilən fəxri adla fəxr edilər, təqaüdləri artıb. Amma bununla belə, bu zərərlidir. Bu dağıdıcıdır. Ayrı-seçkilik yaradır. Brend yaradır. Yəni insan yoxdur, brend var. Bu, çox qorxuludur. Bu gün bizim mədəniyyətimizdə mənim üçün nəhəng sima Fərəc Qarayevdir. Onun fəxri adı yoxdur, olmayacaq da. O heç bunu istəmir də, ehtiyacı da yoxdur. Bu adsız da onu tanıyırlar. Tanınmayanlar istəyirlər ki, fəxri ad ona dirək olsun. Çox adamın yaşamaq üçün dirəyə ehtiyacı var. Normal adama bu dirək lazım deyil. Fəxri adlar dövlət dirəyidir. Bu yanlış dirəkdir və qorxuncdur.
AYB SÖZÇÜSÜ: “FƏXRİ ADLAR YARADICILIĞI BUXOVLAYIR”
AYB SÖZÇÜSÜ: “FƏXRİ ADLAR YARADICILIĞI BUXOVLAYIR”




Ədalət Əsgəroğlu:
- Bir də görürsən, insanın yaradıcılığı, qabiliyyəti və şəxsiyyəti qalır qıraqda, Rəhman müəllimin dediyi o brendlər hesabına insana qiymət verilir, qabağa çəkilir, fərqləndirilir. Bu ədəbi müstəvidə bir növ şouya çevrilir. Ad veriləndə həmin şəxs asılı olur. Bir dəfə soruşdular ki, necə olub Sabir mühafizəkar cəmiyyətdə yaşasa da, vətəndaş mövqeli şeirlər yazıb? Mən dedim ki, azad ürəkli, azad fikirli olub. Bu fəxr adlar kiminsə azadlığını əlindən ala bilir, yaradıcılığına buxov keçirir.

Ş.B:
- Amma Yazıçılar Birliyinin sədri Anar da xalq yazıçısıdır. Bu fəxri ad onun da yaradıcılığını, azadlığını buxovlayırmı?


Adalat Asgaroglu and Rahman Badalov
Adalat Asgaroglu and Rahman Badalov
Ə.Ə:
- Mən o mənada demədim. Anar müəllim özü fəxri adların əleyhinədir. O fəxri adlardan imtina fikrini irəli sürdüyü vaxt birdən prezidentimiz götürüb ona xalq yazıçısı adı verdi. Anar müəllim demişdi ki, bu adlar ləğv olunsa yaxşıdır. Ancaq artıq həmin addan da imtina edə bilməzdi. Anar müəllim bu gün durub nə desin? Desin ki, fəxri adlar lazım deyil? Deyəcəklər ki, Anar müəllim özü alıb, indi deyir ki, lazım deyil. Belə parçalanma gedir. Musa Yaqub, Ramiz Rövşən və başqa nüfuzlu şairlərimizə, yazıçılarımıza bu adların verilməsi nə qazandıra bilər və ya verilməməsi ilə onlar nə itirir? İndiki vəziyyətdə bununla bağlı ciddi müzakirəyə ehtiyac var. Ciddi müzakirələrdən sonra demək olar ki, həvəsdir, bəsdir, fəxri ada ehtiyac yoxdur. Bundansa həmin yazara əziyyətinə görə bir mənzil bağışlansın.

Ş.B:
- Yazara fəxri ad yox, mənzil verilməsinin özü də bir qədər əvvəl dediyiniz kimi onu dövlətdən asılı vəziyyətə salmayacaq ki? Onun yaradıcılığını, azadlığını buxovlamayacaq ki?..

“FƏXRİ AD VERİLİR. ARDINCA ÖMÜRLÜK TƏQAÜD GƏLİR, MƏNZİL HƏDİYYƏSİ GƏLİR, ÖVLADLARININ MÜHÜM İŞƏ DÜZƏLMƏSİ GƏLİR”

Ə.Ə:
- Bu adamın şəraiti düzəlməlidir. Onsuz da fəxri addan istifadə edib bunu alacaq. Fəxri ad verilir, ardınca ömürlük təqaüd gəlir, mənzil hədiyyəsi gəlir, övladlarının mühüm dövlət strukturlarında işə düzəlməsi gəlir. Fəxri ad almaq istəyənlərin - bəzi yaradıcı adamlar istisna olmaqla – niyyətləri budur. Bu da bizim ədəbiyyatımızın nüfuzuna, beynəlxalq miqyasda tanınmasına mane olur. Bir də görürsən hansısa istedadsıza bu adlar verir. Bu seçimi də edən kimdir. 2003-cü ilə kimi Yazıçılar Birliyi fəxri adlarla bağlı birbaşa Prezident Administrasiyasına təqdimat göndərirdi. Prezident də onları fərqləndirirdi. Ancaq 10 ildir ki, Yazıçılar Birliyi təqdimatı Mədəniyyət və Turizm Nazirliyinə göndərir. Prezident Administrasiyasına isə təqdimatı nazir göndərir. Axır zamanlar bizim göndərdiyimiz bütün təqdimatlar nazirlikdə it-bata düşüb. Biz fikirləşirdik ki, yəqin bu fəxri adları yığışdırırlar. Ancaq fəxri adların yığışdırılması təkcə ədəbiyyata şamil olunmamalıdır axı. Onda bu adlar niyə bu günün özündə də incəsənət xadimlərinə verilir? Deməli, məqsəd başqadır.

Azerbaijan --Member of Parliament Nizami Jafarov, Baku, 27Jul2010
Azerbaijan --Member of Parliament Nizami Jafarov, Baku, 27Jul2010
“Dövlət o dövləti müdafiə edən yaradıcı şəxsi qiymətləndirməlidi”

Nizami Cəfərov:
- Fəxri adların ləğv edilib-edilməməsini dövlət müəyyənləşdirir. Bu ictimai, yaradıcı qurumların işi deyil. Təbii ki, dövlətin mədəniyyət siyasəti var və buna uyğun da texnologiyaları var. Bütün dövlətlərdə yaradıcı insan qiymətləndirilir. Dövlətin siyasəti də var. Dövlət o dövləti müdafiə edən yaradıcı şəxsi qiymətləndirməlidir. Başqa cür başa düşülməsin deyə izah edim. Bizdə belə düşüncə var ki, əgər dövlət bir yaradıcı şəxsi qiymətləndirirsə, o da dövlətə xidmət etməlidir. Burda söhbət o dövlətdən gedir ki, o millətin, xalqın dövlətidir. Təbiidir ki, dövlət də xalqına, millətinə xidmət edən yaradıcı şəxsi qiymətləndirəcək. Biz indi görürük, millətin əleyhinə olan, çətin gündə onu müdafiə etməyən, arxasında durmayan, ya da önündə getməyən yaradıcılar da var. Təbii ki, bununla bağlı dövlət siyasəti var. O ki qaldı onun formalarına, çox müxtəlifdir... MDB ölkələrinin çoxunda bu cür adlar yoxdur. Ancaq iş elə gətirdi ki, bizdə bu ənənə qaldı. İndi deyim ki, bunun ədəbiyyatın inkişafına ziyanı var və ya xeyri. Bu müzakirə olunmalıdır. Mən bu adların nə qalmağının tərəfdarıyam, nə də qalmamağının.

“QALMAĞI İLƏ QALMAMAĞIN FƏRQİ”

Ş.B:
- Bu necə olur, Nizami bəy?
N.C:
- Qalmağı ilə qalmamağının fərqi yoxdur. Sabah fəxri adların yığışdırılması bizim ədəbiyyatımıza fərq gətirməyəcək. Yaxud daha çox adama fəxri ad verilməsi də uğur gətirməyəcək. O mənada deyirəm ki, gərək yaradıcı ictimai şüurda meyl olsun: “Bu bizə lazım deyil” və ya “Lazımdır”. İndi nə “Lazımdır”, nə “Lazım deyil” deyirlər. Amma hər kəs fəxri ad istəyir.

RƏHMAN BƏDƏLOV: “BUNUN “NƏ XEYRİ VAR, NƏ ZƏRƏRİ” KİMİ VƏZİYYƏT OLMUR”

R.B:
- Birincisi özümdən başlayım ki, mən fəxri ad istəmirəm. Təvazökarlıqdan uzaq olsa da, mən səviyyəmə görə hər hansı fəxri ad da, prezident təqaüdü də ala bilərdim. Amma mən bundan şüurlu şəkildə imtina etmişəm. İkincisi, mən istərdim, biz dərk edək, dövlət hakimiyyət demək deyil, dövlət bizik. Aydındır ki, bu adları alanlar ondan imtina etmək istəmirlər. Mən özüm də imtina etməyin, jest etməyin tərəfdarı deyiləm. Amma dünyada “bunun nə xeyri var, nə ziyanı var” kimi vəziyyət olmur. Zərəri var! Qəti deyirəm ki, fəxri adlar zərərlidir. Texnologiyaya baxın. Əvvəl təqdimatı Yazıçılar Birliyi göndərirdi Prezident Administrasiyasına. İndi Mədəniyyət və Turizm Nazirliyinə göndərilir. Məmur həlqəsi uzandı. Məmurların vacibliyi artdı. Kimsə nazirliyə zəng vura bilər ki, o bizim adamdır... Biz bilirik arxada nələr ola bilər.

“EHTİMAL ARTIR Kİ, İQTİDAR BUNU TANIYIR, İMTİYAZLAR ARTACAQ”

O biri tərəfdən çoxu bunu şöhrət üçün etmir. Ehtimal artır ki, imtiyazlara artacaq. Ehtimal artır ki, iqtidara daha yaxın olacaq. Ehtimal artır ki, iqtidar onu tanıyır, xalq yox. Bunu niyə gizlədək? Mənimlə razılaşmayanlar da bunu yaxşı başa düşürlər. Amma açıq deməyəcəklər. Mən xoşbəxtəm ki, sərbəstəm, vəzifəm, adım yoxdur. Mən onları ittiham etmirəm, onları da başa düşürəm. Söhbət adlardan getmir. Fəxri adlar bu zəncirin bir halqasıdır. O zəncirdəki halqalardan qurtulmalıyıq.

Azerbaijan -- RFE/RL Azeri Service correspondent Shahnaz Beylergizi, Baku, 20Nov2012
Azerbaijan -- RFE/RL Azeri Service correspondent Shahnaz Beylergizi, Baku, 20Nov2012
Ş.B:
- Rəhman bəy, Nizami Cəfərov dedi ki, dövlət o dövləti müdafiə edən yaradıcı şəxsi qiymətləndirməlidir. Buna münasibətiniz.

R.B:
- Yox, Nizami bəy sonra ora millət sözünü də əlavə etdi. Mən indi dövlət qurumlarının dəstəyi ilə çəkilən bəzi Rusiya filmlərinə baxanda təəccüblənirəm. Ona görə ki, film çox kəskindir və xalqı çox kəskin ifşa edir. Kimlərsə, məsələn, Rusiya Duması onların müəllifinə xalq düşməni kimi baxır. Amma mən onlara millətin vəziyyətinə ağrıyan adam kimi baxıram. Hakimiyyətin xoşuna gəlmək yox, ağrılı yerləri göstərmək lazımdır. Yazıçı da, rəssam da, rejissor da bunu etməlidir.

NİZAMİ CƏFƏROV: “BİZ ŞƏRQLİYİK, MÜKAFATLARA MEYLLİYİK”

N.C:
- Rəhman bəy bizim böyük filosofumuzdur. Mədəniyyət, incəsənət sahəsi üzrə tək bilikli deyil, təxminən mənim müəllimim səviyyəsindədir. Amma Rusiyadakı vəziyyətlə burdakı vəziyyəti müqayisə etmək olmaz. Bu mürəkkəb məsələnin üzərində dayanmayaq. Biz şərqliyik. Biz mükafata meylliyik, çoxlu ada, titullar qazanmağa meylliyik.

Ş.B:
- Rəhman Bədəlovun dediyi budur ki, bu fəxri adlar zərərlidir, ayrı-seçkilik yaradır.

N.C:
- Təbii ki yaradacaq. Əgər bir yerdə ad verilirsə, istedadsız daha çox qabağa düşür. Özü də çoxlu xahiş, minnətlə. Burda məmurların günahı yoxdur.

Ş.B:
- Bəlkə istedadsızların qabağa düşməməsi üçün də fəxri adlar ləğv edilməlidir?
“Mənə ağrılı gələn odur ki, çoxlu xahişdən sonra fəxri ad alan yazar buna görə xalqına minnətdarlıq edir”.

N.C:
- İdeal vəziyyət budur. Yəni fəxri adlar yığışdırılmalıdır. Bu məsələdə heç kim mübahisə etmir. Ancaq dövlət mükafatları, təqdimatlar olsun. Sənətkar qiymətləndirilməlidir, bu orta əsrlərdə də belə olub. Mənə ağrılı gələn odur ki, çoxlu xahişdən, minnətdən sonra fəxri ad alan yazar çıxıb buna görə xalqına minnətdarlıq edir. Fəxri adlar tədricən öz önəmini itirir, yəni xalq artisti, xalq rəssamı, xalq yazıçısı, filan. Bir də problem odur ki, xalq artisti, əməkdar artist parlamentə müraciət edir ki, onlara verilən 50 manat, 30 manat azdır, bu artırılsın. Dəhşətdir. Başa düşmürlər ki, yaradıcı şəxs bu ada bir az layiq olmalıdır, bu ad da ona xahişsiz-minnətsiz verilməlidir. Və bu ada görə vəsait istəməməlidir, bunu kulta çevirməməlidir.

Azerbaijan – poet Ramiz Rovshan, Baku, 07Apr2012
Azerbaijan – poet Ramiz Rovshan, Baku, 07Apr2012
“MUSA YAQUBA, RAMİZ RÖVŞƏNƏ AD VERİLMƏSİ ÜÇÜN AYB-DƏN TƏQDİMAT GEDİB”

Ə.Ə:
- Mən düşünürəm ki, yazıçı, şair həmişə dövləti, dövlətçiliyi, milli mənafeləri üstün tutmalıdır. Bu üstün tutulursa, bu fədakarlığa, fəallığa görə həmin adam dəyərləndirilirsə, bunun nəyi pisdir? Bir də bayaq deyildi ki, siyasi baxışlarına görə ayrı-seçkilik ola bilər. Musa Yaquba, Ramiz Rövşənə, başqa şairlərimizə də fəxri ad verilməsi üçün Yazıçılar Birliyindən təqdimat gedib. Yazıçılar Birliyi təqdimat hazırlayarkən həddən artıq məsuliyyətli və həssas olur.

R.B:
- Nizami müəllim çox polit-korrekt danışdı. Ancaq son məqamda onun da fikri bizimlə eyni oldu. O mənada razıyam ki, dövlət adları verməkdən imtina edərsə, bunun texnologiyaları haqda düşünmək olar. Yəni kəskin etmək və ya yavaş-yavaş bu adları verməmək.

N.C:
- Bununla bağlı qanun var, Azərbaycan Respublikası filan adları verir... Bunun üçün də dövlətin qanundan imtinası lazımdır.

Ş.B:
- Ədalət Əsgəroğlu deyir ki, son 10 ildə xalq yazıçısı, xalq şairi adı verilmir, bu elə ləğvi anlamına gəlmir?
Ə.Ə:
- Yox verilir. Düzdür, son 10 ildə ədəbi mühitdə adlar verilməyib, təqdimatlar gedib.
Ş.B:
- Təqdimat var, prezident ad vermirsə...
Ə.Ə:
- Yəqin verəcəklər. Əgər prezident incəsənət xadimlərinə fəxri ad verirsə, yazarlara vermirsə, yəqin nəsə yubadırlar, demək olacaq.
N.C:
- Deməli, son 10 ildə yazarlar yaxşı yazmırlar.

“Qanundan imtina etmək lazımdır”

Ə.Ə:

- Alanların Allah canını sağ eləsin. Bu adı almayanlar arasında təbliğat aparmaq lazımdır ki, qoy sənə fəxri ad vermək əvəzinə dövlət sosial vəziyyətini yaxşılaşdırsın. Əvvəl-axır bu adlar yığışdırılacaq.
N.C:
- Hər halda, bu məsələlərin Anar müəllim səviyyəsində Yazıçılar Birliyində müzakirəyə ehtiyacı var.

Azerbaijan -- Azeri author Huseynbala Miralamov, undated
Azerbaijan -- Azeri author Huseynbala Miralamov, undated
Hüseynbala Mirələmov:

- Mən hesab edirəm ki, bu adlar ləğv olmamalıdır. Bu yaradıcı adamlara maddi köməkdən daha çox, mənəvi stimuldur. Bu onun istedadına, zəhmətinə verilən qiymətdir. Fəxri adların verilməsi obyektiv olmalıdır, ucdantutma hamıya ad vermək olmaz. Ola bilər iş çoxdur deyə Ramiz Rövşənə, Musa Yaquba fəxri ad verilmir. Bu o demək deyil ki, bu böyük bir bəladır, qorxulu bir hadisə baş verib. Əgər məsləhət olsa, məsləhət görülsə, onların da növbəsi çatanda fəxri ad alacaqlar. Bizim ölkəmizdə sənət adamlarına siyasi müstəvidə qiymət verilmir. Yalnız sənətkarlıq baxımından qiymət verilir. Mən hələ görməmişəm ki, bir sənətkara siyasi müstəvidə qiymət verilsin. Mən belə düşünürəm. Mən fəxri ad haqqında qəti fikirləşmirəm. Düzünü deyim ki, özümü bu ada layiq də bilmirəm. Ola bilər ki, yaddan çıxdım, bunların işi, qayğıları çoxdur, versələr də sağ olsunlar, verməsələr də!


R.B:
- Mən o fikirdəyəm ki, artıq qanundan imtina etmək, onu ləğv etmək lazımdır. Buna dövlətin iradəsi olmalıdır.


XS
SM
MD
LG