Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:17

İsmayıllı xəbərləri «The Washington Post» qəzetində


İsmayıllı - 24 yanvar 2013
İsmayıllı - 24 yanvar 2013
-
«Kiçik bir maşın toqquşması hakimiyyətlə toqquşmalara səbəb oldu».

Qəzet AP xəbər agentliyinə istinadən yazır ki, bu epizod neftlə zəngin Azərbaycanda iqtisadi bərabərsizlik və laqeyd idarəçiliyin yaratdığı gizli gərginliyi üzə çıxarıb.

Qeyd edilir ki, var-dövlətin lovğa nümayişi, yuxarılara bağlı olanların aqressiv və ədabaz davranışı Azərbaycanda adi hala çevrilib və kin-küdurətə yol açır.

Qəzet yazır ki, hadisənin başlanmasına səbəb yerli otelin sahibi, 22 yaşlı Emil Şəmsəddinovun «Chevrolet Camaro» maşını yolun kənarında saxlanmış «Jiquli» markalı avtomobili vurduqdan sonra başlanıb.

«CHEVROLET»LƏ «JİQULİ»NİN TOQQUŞMASINDAN TÖRƏNƏN QIĞILCIM

Polisin dediyinə görə, güman ki, sərxoş olan Şəmsəddinov bundan sonra ətrafdakılara söyüş yağdırıb və bir qrup İsmayıllı sakini onun hərəkətinə sərt cavab verib.

«Mübahisə sürətlə böyüyüb, 3000-dək insan Şəmsəddinovun «Çıraq» otelinə hücum çəkib, orada olan bir neçə avtomobili, o cümlədən «Camaro», «Chevrolet Niva» və «Hummer» avtomobillərini yandırıb», - xəbərdə deyilir.

«Bundan sonra kütlə qəzəbini İsmayıllı rayonunun rəhbərinin oğluna yönəldib. Onun da evinə hücum edilərək «Toyota Land Cruiser» markalı avtomobil və iki motosiklet yandırılıb».
AP-nin «Washington Post»da dərc edilmiş xəbərində AzadlıqRadiosu Azərbaycan xidmətindən, habelə «Turan» agentliyindən alınmış məlumatlardan da istifadə edilib.

Xəbər verilir ki, ötən cümə axşamı, şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, adamlar yenidən küçələrə axışıb və rayon icra hakimiyyətinin binasını dövrələyərək başçının istefasını tələb ediblər.

Bildirilir ki, həmin günün axşamı İsmayıllıda sakitlik bərqərar edilsə də, hiddət hissi hələ də yatmayıb.

NEFT GƏLİRLƏRİNİN ƏDALƏTSİZ BÖLÜNMƏSİ

«Washington Post» qəzetində dərc olunmuş xəbərdə vurğulanır ki, Azərbaycanın paytaxtı Bakı son illərdə yerli elitanın dəbdəbə məskəninə çevrilib. Lakin neft gəlirlərinin 9 milyonluq əhali ilə ədalətlə paylaşılmaması hiddətə səbəb olur.

Xəbərdə deyilir ki, ölkədə bizneslə məşğul olmaq hökumətlə potensial ziddiyyətə girmək kimi qəbul edilir.

«Berlində mənzillənmiş «Transparency International» təşkilatının 2012-ci il üçün korrupsiya indeksində Azərbaycan 176 ölkə arasında 139-cu yeri tutub.
«Binədə» etiraz aksiyası – 19 yanvar 2013
«Binədə» etiraz aksiyası – 19 yanvar 2013
Müxalifət partiyaları və müstəqil jurnalistlər davamlı təcavüzə məruz qalırlar», - xəbərdə deyilir.

İsmayıllı hadisələrinin Azərbaycanda bir neçə gün ərzində ikinci belə insident olduğu vurğulanır:

«Şənbə günü Bakı ətrafında yerləşən bazarın ticarətçiləri magistral yolu bağlamış və qeyri-mütəşəkkil etiraz aksiyası keçirərək polis ilə toqquşmuşdular».

«Bundan bir həftə əvvəl isə Bakının özündə yüzlərlə nümayişçi mərkəzi meydanlardan birində toplaşaraq bu ayın əvvəllərində vəfat etmiş əsgərin ölümünə etiraz etmişdi. Bu nümayişi müxalifət deyil, sosial media təşkil edib. Bu da, yeni fəalların getdikcə daha çox müxalifətin yerini tutduğunu göstərir», - xəbərdə deyilir.

Bu da qeyd olunur ki, hakimiyyət bu ilin oktyabrında İlham Əliyevi üçüncü müddətə prezident edəcəyi gözlənilən seçkilərin ərəfəsində ictimai narazılığın hər hansı nümayişindən narahatdır.
XS
SM
MD
LG