Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:46

Musa Yaqub: “Millətlə gülləylə danışmayın, üzbəüz danışın”


Musa Yaqub
Musa Yaqub
-

"YAP-ın gedib İsmayıllıda iclas keçirməsi düzgün deyil"

“Nə vaxtacan quşla şah seçəcəyik?”

“Torpağını satırsız, ondan dolanırsız, heç olmasa çörək yediyiniz yerin qədrini bilin, onu söyməyin!”

"Bu bir dərs oldu, bildilər ki..."



“Penklub” proqramının qonağı şair Musa Yaqubdur.


“DEMİRƏM Kİ, VƏTƏNƏ BORCLUYAM...”

- Musa müəllim, bir misranız var: “Bəlkə də borcundan çıxmadım, Vətən...”

- Çoxdan yazdığım şeirdir. Nə ananın borcundan çıxmaq olur, nə də Vətənin. Ancaq təəssüf ki, insanlar özlərini vətənə borclu bilmirlər. O vaxt Vətənə özünü borclu bilirsən ki, sən onu sevirsən. Sevməyəndə, təkəbbürlü olanda, daşını əzəndə, ağacına arxa çevirəndə bu, ona biganəlikdir, qədrini bilməməkdir. Vətən borcundan çıxmaq mümkün deyil, təki o borcu qanasan, biləsən.

- Bəs Vətənin vətəndaşa borcu nədir? Azərbaycan bir Vətən olaraq vətəndaşın borcundan çıxa bilirmi?

- Vətən hər borcundan çıxıb. Allah da deyir ki, bax, bu dağları, düzləri, torpağı sənin üçün yaratmışam, hər şey vermişəm, yerdə qalan sənin əllindədir.

- Azərbaycan adlı dövlət sizin qarşınızda borcundan çıxa bilib?

- Demirəm ki, çıxıb, mən də demirəm ki, ona borcluyam. Bacardığımı etmişəm. Ancaq biganəlik adamı incidir. Sözünü eşidən olmayanda bu səni incidir. Bəzən ağsaqqal sözü eşidilmir. Mən ancaq bu torpağın yaxşılığını istəyirəm. Nəsihətlə deyirsən ki, bu Vətənin ağacını, meşəsini qırma, çayını, gölünü qurutma, çoxunun xoşu gəlmir. Bir bulaq varsa, o hamınındır. Ancaq onu hasarlayırlar, zəbt edirlər. Onda nə deyim?..

“MİLLƏTLƏ GÜLLƏ İLƏ, POLİSLƏ DANIŞIR”

- Deyirsiz ki, ağsaqqal sözü eşidilmir. Ötən həftə İsmayıllıda baş verən hadisələrin ertəsi günü rayonda iclas keçirildi, bölgədən olan deputatlar, ziyalılar da dəvət edilmişdi. Sizi necə dəvət etmişdilər?

- Məni yox, dəvət etmədilər. Amma sözümü dedim. Dedim ki, torpağını bölürsüz,
İsmayıllıda etirazçıların yandırdığı "Çıraq" moteli, 24 yanvar 2013
İsmayıllıda etirazçıların yandırdığı "Çıraq" moteli, 24 yanvar 2013
atırsız, ondan dolanırsız, heç olmasa çörək yediyiniz yerin qədrini bilin, onu söyməyin! Ayıbdır! Camaat narazı qalanda qığılcım da partlayışa çevrilir. Günahı olanlar bircə dəfə etiraf etmirlər. Millətlə güllə ilə danışır, polislə danışırlar. Nə olar üzbəüz danışanda?..

- Sizcə, niyə üzbəüz danışmaq istəmirlər?

- Özlərini yüksək sanırlar. Elə bilirlər mülki koloniyadır. Şəxsi əmlak kimi yanaşırlar.

“BU, BİR DƏRSDİR... BİLDİLƏR Kİ...”

- Sizcə, son hadisələrdən sonra İsmayıllıda nəsə dəyişə bilər?

- Bilmirəm, nə dəyişəcək. Birdən-birə satılan torpaqları geri qaytarmaq, hasarları sökmək çox çətin olacaq. Bəlkə gələcəyin işidir. Bu, bir dərsdir. Yəni bildilər ki, camaat arasında narazılıq var, bunların qədrini bilmək lazımdır. İsmayıllı hadisələrində mən sözümü demişəm. Bundan sonra bədii formada deyəcəyəm... Bir məqamı da deyim. Məncə, YAP-ın gedib İsmayıllıda iclas keçirməsi düzgün deyil. Bu, partiya işi deyil ki. Bu, dövlət işidir. Camaat narazılıq edib, dövlətdən narazılıq edib, partiyadan narazılıq etməyib ki... O vaxt – sovet dönəmində belə şey vardı. Vallah, o iclasda çıxış edənlərin bəzilərinin danışığından mən də gileyliyəm. Nə deyim?.. Əlbəttə razı deyiləm.

- Dinləyici sual verir: “Məmurlar İsmayıllı torpaqlarını zəbt edir, əhalini saymır, bəs biz bu torpaqları geri ala biləcəyikmi?”

-Şükr Allaha ki, torpaq daşınmır. Qızıl olsaydı, daşıyıb aparardılar. Şükr, tikilən də orda qalacaq, torpaq da. Hər şey dönüb-düzələcək yəqin. Nə vaxt olacaq? Yəqin özümüzdən, xalqdan asılıdır.

“BU DƏYİRMANIN SUYU GURDUR”

- Ötən il “Dövrün dəyirmanı” adlı kitabınız çıxdı. Sizcə, dövrün dəyirmanı ədalətli fırlanır?

- O kitabda bütün ictimai şeirlərimi, poemalarımı yığmışam. Dəyirman mənim yaradıcılığımda böyük obrazdır. O mənim üçün halallıqdır, dəyirmana bərəkət meydanı kimi baxmışam.

- Azərbaycanı dəyirmana bənzətsək necə işləyir?

- Həəə... Suyu gur gəlir. Amma nə üyüdür, kimə nə verir, onu demək olmur.

- O dəyirmandan hamıya bərabər pay çatırmı?

- Mənim payım yoxdur o paylaşmada (gülür). Dəyirmanın başında duran insaflı olmalıdır, payını elə götürməlidir ki, dəyirmana haram qatmasın, bərəkəti qaçırmasın. O bərəkəti qaçırırlar.

“RÜSTƏM İBRAHİMBƏYOVA HÜCUM LAZIMSIZ HÜCUMDUR"

- Dinləyici soruşur: “İsmayıllıda tutulanların buraxılması üçün Musa Yaqub nə edir?”

- Heç nə etmirəm. Yəni etmək qüdrətində olaramsa da...(Az susur) Demirəm... Bilirsən məndən belə yerdə güvənc eləmək, adamlar buraxılsın söyləmək... De görüm, belə vaxtda şairin sözünə qulaq asacaqlarmı? Xüsusilə də bir az müxalif olan şairin sözünə qulaq asacaqlarmı? Mən də bu sualı verirəm.

- Ziyalılar Forumunun üzvüsüz. Bu qurumun yaradıcılarından Rüstəm İbrahimbəyovun adı ətrafında cərəyan edənlərə, onun başçılıq etdiyi kino qurumunun Hökumət evindən çıxarılmasına münasibətiniz necədir?

- Bu, lazımsız hücumdur. Ziyalıya hücum etmək lazım deyil. Bizim ən hörmətli dramaturqumuzdur, dünya şöhrətli yazıçımızdır. Ona qarşı hay-küy qaldırmaq, o binadan çıxarmaq lazım deyildi. Edirlər. Ancaq nahaq edirlər. Mən də onu həmişə müdafiə edirəm. Biz bir yerdəyik. Gərək dözümlü olasan. O da dövlətin, elin yaxşılığı üçün vuruşur.

“GÖRÜM MƏNİM MİLLƏTİM SƏS VERƏ BİLİRMİ?”

- Bu günlərdə ağsaqqal kimi prezidentə nə məsləhət verərdiz?

- Ədalətli olsunlar. Bayaq dedim ki, payım yoxdur. Mən bunu söyləyəndə özümü demirəm. Paylaşmalar düzgün aparılsın - deyirəm. Vətəndə, dövlətdə ədalət olsun, qədirbilənlik olsun, söz qədri bilinsin, azadlıq olsun! Bunlar cəmiyyət üçün böyük nemətdir. Demokratiya ilə ayaqlaşmaq lazımdır. Bir arzum var: bu dövlət zoru aradan qaldırsın. Bir yaxşı seçkilər keçirilsin. Görüm mənim millətim səs verə bilirmi? Nə vaxtacan quşla şah seçəcəyik?.. Əllərini seçicilərin üstündən çəksinlər! Kıbrısda milli bayramda mən də ordaydım, hamının gözündən sevinc yaşı axırdı. İstəyirəm biz də seçki keçirəndə sevinək, bayramlarımızda deyək ki, bu mənim bayramımdır.

Bax (Proqramın videoyazısı)
XS
SM
MD
LG