Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:52

İmişli fəhləsi: Prezident də gəldi... pullarımız verilmədi


Foto: Arxiv
Foto: Arxiv
-
İmişlidə abadlıq işləri dayanıb. Səbəb – rayon mərkəzində abadlıq işləri aparan fəhlələrin 4-5 aydan bəri maaşlarının verilməməsidir. Bir neçə gündür ki, pullarını ala bilməyən fəhlələr işi dayandırıb iş icraçısından, icra hakimiyyətindən pullarını tələb edirlər. Etirazçılardan birinin – Fərahim Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, hələ ki, onların müraciətlərinə müsbət cavab verən yoxdur. İş icraçısı icra hakimiyyətindən pul ala bilmədiyi üçün fəhlələrin də pulunu verə bilmədiyini deyir, icra hakimiyyəti də bildirir ki, pul ödənilib:

«Bir kilometr uzunluğunda hasar çəkmişəm, muzeyin pilləkənlərini hörmüşəm, digər işlər də görmüşəm. İcra başçısı da gəlib, müavinləri də gəlib. Hamısı işlə tanış olublar. 3 230 manat alacağım var. 8 fəhləyik. Hamımıza veriləcək məbləğ ümumilikdə 28 min manata yaxındır. Hər gün gedirik icra başçısının qəbuluna. Sonuncu dəfə bizə demişdi ki, 3 gün möhlət verin. O 3 gün 1 həftə olub, hələ də bizim pulumuzu vermirlər. Uşağım Bakıda xəstəxanada müalicə olunur. Bir manat tapa bilmirəm gedim yanına, belə iş olar? Bu nə zülmdür bizə verirlər? Heç kimdən 1 manat da əlavə pul istəmirəm, halal qazancımı versinlər».

«PREZİDENTİN RAYONA GƏLİŞİNƏ GÖRƏ GECƏ SAAT 3-DƏK İŞLƏMİŞİK»

Fərəhim Məmmədov deyir ki, prezident rayona gələn ərəfədə gecə-gündüz işləyiblər və onlara söz verilib ki, dövlət başçısı gedən kimi maaşları tam ödəniləcək. Prezidentin İmişli səfərindən 4 ay vaxt ötsə də, fəhlələrə verilən vədə əməl olunmayıb:

«Prezidentimiz rayona gələndə, gecə saat 3-də mən beton tökmüşəm, hörgü hörmüşəm, suvaq vurmuşam. Deyiblər prezident gəlib-getsin, pullar veriləcək. Bayraq meydanı hazır olsun, bayraq qoyulsun, pullar ödəniləcək. Prezident də gəldi getdi, bayraq da qoyuldu, yenə pullarımız verilmədi».

Fəhlələr əvvəlcə pullarını iş icraçısından tələb ediblər. Məlum olub ki, iş icraçısı icra hakimiyyətindən pul ala bilmədiyi üçün fəhlələrə pul ödəyə bilmir:

Fərəhim Məmmədov:

«İş icraçısı Müqayis müəllim icra hakimiyyətindən pulunu ala bilmir. Onun İmişlidə 1 milyon manatdan çox alacağı var. Biz ona da bir söz deyə bilmirik. O, pulu alsa, bizim maaşımızı verəcək. Əvvəllər həmişə pulumuzu vaxtlı-vaxtında ödəyib».

Foto: Arxiv
Foto: Arxiv
Belə bir durumda 20-dək fəhlə icra hakimiyyətinə üz tutaraq aparılan abadlıq işlərinə görə pullarını tələb edib.

İmişli rayonunun abadlaşmasında iştirak edən Kənan Mirzəzadə deyir ki, pullarının verilməsi tələbilə tez-tez rayon icra hakimiyyətinə getdiklərindən sonuncu dəfə onları polislə hədələyiblər:

- Bu gün banka 155 manat kredit ödəməliyəm, pul yoxdur deyə, qalmışam belə. Pul istəməyə gələndə, bizi polislə qorxudurlar, deyirlər sizi həbs etdirərik. Qalmışıq belə, bilmirik nə edək.

- Sizi kim polislə hədələyir?

- Ötən dəfə icra başçısının iclası vardı, biz də girdik içəri pulumuzu istəməyə. Polis rəisi, prokuror – hamısı icra başçısının yanında idi. Onlar bizə vəziyyəti açıqladılar. Ağlınıza başqa bir şey gəlməsin. Bir-iki gün də gözləyəcəyik, pullarımızı verməsələr, Bakıya, prezident aparatına gedəcəyik.

İCRA HAKİMİYYƏTİ MƏSƏLƏDƏN XƏBƏRSİZDİR

İmişli rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səfa Ağayev AzadlıqRadiosuna məsələdən xəbərsiz olduğunu deyib:

«Fəhləni işlədən, yəqin ki, iş icraçısıdır. İndi mən deyə bilmərəm ki, hansı fəhləni, hansı iş icraçısı işlədib və ya əməkhaqqını verib-verməyib. O fəhlələri görsəm, araşdıraram və onda konkret cavab verə bilərəm».

Müqayis adlı iş icraçısının mobil telefonuna günboyu dəfələrlə zəng etsək də, o, AzadlıqRadiosunun zənglərinə cavab vermədi.
Sahib Məmmədov
Sahib Məmmədov

Rayonu hansı şirkətin abadlaşdırdığını dəqiqləşdirmək mümkün olmadı. Bu işləri həyata keçirən şirkətin tender qalibi olub-olmadığı da bilinmir.

«FƏHLƏLƏR ÜNVANI SƏHV SALIBLAR»

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov pullarını tələb edən fəhlələrin düzgün ünvana üz tutmadıqlarını deyir. Onun fikrincə, bütün hallarda fəhlələr pullarını iş icrasından, onları işlədən şirkətdən istəməlidirlər:

«İcra hakimiyyətinin şirkətə borcu var, ya yoxdur, bu, həmin şirkətlə icra hakimiyyəti arasında olan məsələdir. Bunun fəhlə maaşlarının verilməməsinə heç bir aidiyyəti yoxdur. Fəhlələr yığışıb iş icraçısını məhkəməyə verməli və pullarını tələb etməlidirlər».

«ƏMLAKIN SATILMASI HESABINA FƏHLƏLƏRİN PULU ÖDƏNİLMƏLİDİR»

Sahib Məmmədova görə, əslində fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb edən şirkət və ya iş icraçısı bir neçə baxımdan məsuliyyət daşıyır:

«Birincisi, əmək qanunvericiliyini pozub, əmək müqaviləsi bağlamadan adamları işə cəlb edib. Buna görə 25 min manat cərimə nəzərdə tutulur. İkincisi, o, işçiləri məcburi əməyə cəlb edib, əməkhaqqı verməyib, bu da başqa məsuliyyətdir».

Sahib Məmmədov hesab edir ki, şirkətin icra hakimiyyətindən pul ala bilməməsi fəhlələrin maaşlarının kəsilməsinə əsas sayılmaz. Liqa rəhbərinə görə, şirkət avadanlığının və ya müəssisənin satılması hesabına olsa da, fəhlələrin pulu ödənilməlidir.
XS
SM
MD
LG