Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

Prezidentin «özünüzü yığışdırın» mesajı


-


Bakıda yol polisi maşınlardan plyonkaları sökməyə başlayıb. «Niyə fevralın 13-dən?» sualına ehtiyac qalmır, çünki Prezident İlham Əliyev məmurları tənqid edən 12 fevral çıxışında plyonka məsələsinə də toxunmuşdu:

«Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar?!».

Prezidentin 6 il öncə də bənzər çıxışı olmuşdu, amma dünənki çıxışında önəmli bir yenilik var:

«Bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir».

«BƏZİ MƏMURLAR, VƏZİFƏLİ ŞƏXSLƏRİN UŞAQLARI QUDURĞANLIQ EDİR»

İzahat

«Qudurğan» sözünün anlamı

Qudurğan – azğın, həddini aşmış, qudurmuş, harın.
Qudurğanlıq – qudurma, həddini aşma, cızığından çıxma, azğınlıq, həddindən artıq lovğalıq, həyasızlıq, harınlıq, qudurğancasına hərəkət.
Qudurmaq – quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.

«Harın» sözünün anlamı
Harın - yaxşı bəslənməkdən, yaxşı baxılmaqdan kökəlmiş, azğınlaşmış,
Harınlıq - harınlaşmış heyvanın halı.

Qaynaq: Azərbaycan dilinin izahlı lüğəti

Prezidentin çıxışında yadda qalan və aydın sezilən bir söz də vardı. O, qanunları pozan, vətəndaşları saymayan icra başçılarını, dövlət məmurlarını, onların uşaqlarını bir neçə dəfə «qudurğan» və «harın» adlandırmış, ​ancaq heç kimin adını çəkməmişdi:

«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər».

«ÖZÜ ATASININ AD GÜNÜ ÜÇÜN BÜDCƏDƏN ON MİLYONLAR XƏRCLƏYİR»

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, prezident çıxışı ilə xalqa onunla bir olduğunu, təvazökar həyat tərzi keçirdiyini göstərmək istəyirdi. Ancaq bu çıxış daha çox istehza
Əli Kərimli
Əli Kərimli
yaradır:

«Dövlət başçısının təvazökar həyat tərzinə çağırışı necə onun tabeliyində olanlar tərəfindən səmimi qəbul oluna bilər ki, ölkənin ən zəngin adamı İlham Əliyev və onun ailəsidir. Başqalarını toy, təmtəraqlı ad günləri, yubileylər keçirməkdən çəkindirmək istəyən adamın hər il atasının yubileyinə dövlət büdcəsindən on milyonlarla manat pul xərclənir. Öz yubileyləri ilə bağlı hər il o, icra başçısından niyə soruşmur ki, onda pul haradandır ki, 50 metrlik tort bişirtdirir. Ətrafında da on minə qədər ac insan toplaşır, o qırıntıları bölüşdürmək uğrunda eybəcər bir səhnə yaranır. Yəni, doğrudanmı onlar bu səhnələrdən utanmırlar, ondan zövq alırlar?» .

Prezident çıxışında konkret ad çəkmədi. Mediada gedən məlumatlara görə, yanvarın 28-də İsmayıllı rayonunda iğtişaşların baş verməsinə səbəb olan yol-nəqliyyat qəzasında və yerli sakinlərin aşağılanmasında nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov iştirak edib.
Yalçın İmanov
Yalçın İmanov
​İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşıdır.

«BU, HÜQUQİ YOX, SİYASİ ÇIXIŞ İDİ»

Hüquqşünas Yalçın İmanovun fikrincə, prezidentin çıxışının hüquqi dövlətlə hər hansı bağlılığı yox idi. Bu çıxış Azərbaycanda prezidentin siyasi iradəsinin qanunlardan daha üstün olduğunu göstərdi:

«Bu, «qanunu pozacağınız halda məsuliyyət daşıyacaqsınız» mesajından daha çox «özünüzü yığışdırın» mesajına oxşayırdı. Çıxışdan o da görünürdü ki, prezident məmurların qanunsuzluqlarından xəbərdardır, onların qanunları müntəzəm pozduqlarını bilir. Buna baxmayaraq, hansısa güzəştlər mövcuddur və onlar müəmmalı şəkildə qanuni məsuliyyətdən kənarda qalırlar. Yəqin, prezident bilir ki, bahalı həyat tərzi aylıq maaşa baxan icra başçısının maddi imkanları çərçivəsini aşır. Bu, siyasi, azərbaycansayağı çıxış idi».

SONUNCU XƏBƏRDARLIQ?
Zahid Oruc
Zahid Oruc

Hakimiyyətyönlü Ana Vətən Partiyası sədrinin müavini Zahid Orucun fikrincə, prezident mesajını hakimiyyətin digər qollarına da ünvanlayıb:

«Elə parlament hakimiyyətinə də, məhkəmə qurumlarına da aid idi. Çox təəssüf ki, adamlar kresloları az qala öz bədənlərinə tikirlər və cənab prezidentin dünən dediyi bəlalara qədər gəlib çıxırlar. Hesab edirəm ki, cənab prezident sonuncu xəbərdarlıq etdi. Bundan sonra onların yalnız cəzalandırılmalarını görəcəyik».

Prezidentin çıxışı sosial şəbəkələrdə də müzakirə olunur. Bu çıxışına görə İlham Əliyevi alqışlayanlar da var, onun səmimi olmadığın deyənlər də.

Kamil imzalı istifadəçi yazır ki, «çox sağ olun. cənab prezident, sizə dəstək olmaq lazımdır».

Nail adlı istifadəçi isə düşünür ki, «bu çıxış acizliyin bariz nümunəsi idi. Mən buna gözdən asılan pərdə deyərdim ki, onların sayı hələ çox olacaq».

Godfather adlı istifadəçi prezidentə bir sualla üz tutur: «Onlar sizin yanınızda olduğu halda onlara etiraz edən sadə insanlar niyə içəridədirlər?».
XS
SM
MD
LG