Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:02

Azərbaycanda bu xəbərdən heç kim razı deyil


Namiq Abdullayev - 2006
Namiq Abdullayev - 2006
-
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 10 medalın 7-si məhz güləşçilərin payına düşürdü. İndi güləşi Yay Olimpiya Oyunları siyahısından çıxarmaq istəyirlər. Təklifi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib. Bu, hələ yekun qərar deyil, tövsiyədir. Ancaq təsdiq olunsa, 2020-ci ildən güləş Olimpiya oyunlarına daxil olan əsas idman növlərinin siyahısından çıxacaq.

OLİMPİYA ÇEMPİONU OLMAQ DAHA HEÇ BİR GÜLƏŞÇİYƏ QİSMƏT OLMAYACAQ?

Güləş üzrə Azərbaycan çempionu Əjdər Mehdiyevin arzusu ölkəsini bu idman növü üzrə olimpiyada təmsil etməkdir:

«Mən güləş idman növü ilə çoxdan məşğul oluram. Eşitdim ki, güləşi Olimpiya Oyunları sırasından çıxarmaq istəyirlər, çox pis oldum. Ölkədaxili çempionatlarda, turnirlərdə iştirak edib, qələbə qazanmışam. Hazırlaşırdım mən də olimpiyaya gedəm və ölkəmizin bayrağını qaldıram. Ancaq görürəm mənim bu arzum elə arzu olaraq qalacaq. Ümid edirəm ki, bu, elə təklif olaraq qalacaq. Güləş olimpiya oyunları sırasında saxlanacaq. Mən də arzuma çatacağam».

güləş

Güləşmə

idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşmə ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər…

Klassik güləşməni qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna «təmiz qələbə» deyirlər. «Təmiz qələbə» mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar. Xallar hər bir uğurlu fənd üçün verilir.

1896-cı ildə Afinada keçirilmiş birinci müasir Olimpiya Oyunlarından başlayaraq güləş olimpiya idman növləri sırasına daxil olub.
TƏKLİF DƏYƏRLƏNDİRİLSƏ, AZƏRBAYCANIN MEDALLARININ SAYI AZALACAQMI?

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Musayev AzadlıqRadiosuna deyir:

«London Yay Olimpiya Oyunlarında Azərbaycan ümumi olaraq 10 medal qazanmışdı. Həmin medallardan 7-si güləş idman növünün payına düşür. İki qızıl, iki gümüş və üç bürünc medal. Bu təklif dəyərləndirilsə belə, düşünmürəm ki, bu, Azərbaycanın medallarının sayına təsir edəcək. Açıqcası, idman sahəsində görülən işlər, irəliləyiş göstərir ki, 2020-ci ilə kimi bizdə digər idman növləri üzrə də medal qazanmaq şansını artıracaq. Ancaq güləş Azərbaycanın ənənəvi, tarixi idman növü olduğu üçün bu sahədə həmişə medalımız olub, bundan sonra da olacaq. Bəlkə də medalların sayında azalma olar. Amma digər idman növlərində də medallarımızın olacağına şübhəm yoxdur. Biz Güləş Federasiyası olaraq ümid edirik ki, bu, elə təklif olaraq da qalacaq. Son qərar güləşin xeyrinə olacaq. Belə bir təklif 2005-ci ildə də irəli sürülmüşdü. O vaxt da təklif olunurdu ki, güləşi əsas idman növləri siyahısından çıxartsınlar. Ancaq sonda qərar güləşin lehinə oldu».

Beynəlxalq Olimpiya Komitəsinin bu təklifi idman yazarlarını da narahat edib. Müstəqil idman yazarı Rəsul Şükürsoyun fikrincə, təklif dəyərləndirilsə, Azərbaycan gələn Olimpiya oyunlarında çoxlu medallar itirəcək:

Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri 7 medal qazanıb, o cümlədən 2 qızıl medal
Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri 7 medal qazanıb, o cümlədən 2 qızıl medal
«Digər idman növlərində əldə olunan qələbələrin əksəriyyəti legionerlərin hesabınadır. Amma güləş elə bir idman növüdür ki, burada Azərbaycanın ənənəsi var. Bu qərarın digər ölkələrə də mənfi təsiri olacaq. Məsələn, Rusiyaya. Ancaq Rusiya digər idman növlərində də güclüdür. Buradan nəticə çıxarmaq olar ki, belə qərarın qəbul edilməsi hamıdan çox Azərbaycana təsir edəcək».

BU TƏKLİF BAŞQA HANSI ÖLKƏLƏRƏ TƏSİR EDƏCƏK?

Qazaxıstan son olimpiadalarda güləşdən 14 medal qazanıb. Özbəkistanın qazandığı 21 medaldan 7-si güləşçilərin payına düşür. Gürcüstanda güləş yarışına baxmağa gələnlər 10 min nəfərlik idman zalını doldura bilir. Gürcüstan son Olimpiya oyunlarında 7 medal qazanıb, bunlardan 6-sı güləşçilərindir. Azərbaycan Olimpiya Oyunlarında müstəqillik dövründə 26 medal alıb. Bunlardan 14-ü güləşçilərin nailiyyətidir. 2012-ci ilin London Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri 7 medal qazanıb, o cümlədən 2 qızıl medal.

Rusiya son London olimpiadasında 82 medal qazanıb, bunlardan 11-i güləşçilərin payına düşür. Rusiya Güləş Federasiyasının prezidenti Mikhail Mamiashvili deyir ki, o, BOK-un qərarından məyus olub. O, Beynəlxalq Güləş Federasiyasından tələb edib ki, bu deyilənlərin baş verməsinin qabağını alsınlar.

SAKİNLƏR DƏ QƏRARDAN NARAZIDIR

Güləşin olimpiya oyunlarından çıxarılmasına Bakı sakinləri də biganə qalmadı. AzadlıqRadiosunun sakinlər arasında keçirdiyi sorğudan da bəlli olur ki, Azərbaycanın Olimpiya oyunlarındakı əsas şansı güləşdir.

- Olimpiya oyunlarında güləş diqqətinizi çəkirmi?

- Bəli, bəli, diqqətimi çox çəkir.

- Güləş? O qədər də diqqətimi çəkmir.

- Demək olar diqqətimi çəkən idman növlərindən biridir. İndi baxır, kiməsə pərəstiş edirəm.
Toğrul Əsgərov London Olimpiadasında, 11 avqust 2012
Toğrul Əsgərov London Olimpiadasında, 11 avqust 2012
​Öz ölkəmiz çıxanda, marağım daha da artır. Həmişə istəyirəm qələbə bizim olsun.

- Mən bilən bizim ölkəmizdə güləş güclü inkişaf edib. Ən yaxşı bacaran bizik. Nəticələrdən də görünür ki, bu sahədə ən güclü ölkələr Azərbaycandır, İrandır, Türkiyədir.

- Mən belə fikirləşirəm ki, güləş daha çox müsəlman ölkələrində inkişaf edib. Odur ki, diqqətimizi çəkən idman növüdür.

- İstəməzdim bu idman növünü olimpiya oyunlarından yığışdırsınlar.

- Bizim ən birinci idman növümüz elə güləşdir. Bizi güləşsiz təsəvvür eləmək çətindir.

- Güləş olmasa daha niyə baxırıq Olimpiya Oyunlarına?

- Mənim diqqətimi çəkmir axı...

- Bəli, mənim diqqətimi çəkir. Şəxsən Rövşən Bayramovu dəstəkləyirdim. Əslində, birinci yerə layiq idi. Ancaq ikinci yerə çıxdı. Yenə də düşünürəm ki, pis nəticə deyil.

- Ümumiyyətlə, mən idmanla maraqlanan deyiləm. Amma Azərbaycanın güləş sahəsindəki inkişafı bir vətəndaş kimi məni də maraqlandırır. Odur ki, olimpiya oyunlarında da bu idman növü diqqətimi çəkir. İzləyirəm.

- Evdəkilər baxanda baxıram hərdəm.

- Güləşin olimpiya oyunlarından çıxarılması təklifinin əleyhinəyəm.
XS
SM
MD
LG