Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:57

5 il əvvəl tikilən məktəbdə nə istilik var, nə tualet, nə də yararlı idman zalı...[VİDEO]


5 il əvvəl istifadəyə verilən məktəbin indiki vəziyyəti
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

5 il əvvəl istifadəyə verilən məktəbin indiki vəziyyəti

-

Bir müddət öncə Azadlıq Radiosunun veb saytındakı Simsiz Teleqraf rubrikasında Astara rayonunun Şiyəkəran orta məktəbinin bir fotosu getmişdi. Müəllim Yunus Qulamovun göndərdiyi şəkildə bir neçə il əvvəl istifadəyə verilən Oqtay Yəhyayev adına 2 saylı Şiyəkəran kənd məktəbinin bərbad görüntüsü əks edilmişdi. Həmin şəkil bu rubrikanın qalibi də seçilmişdi. Əməkdaşımız Müstəcəb Məmmədov bu məktəbi yerindəcə görmək üçün Şiyəkəran kəndində olub....

2 SAYLI MƏKTƏBLƏ TANIŞLIQ...

Şiyəkəran Astara rayonunun 92 kəndindən biridir, 6 mindən çox əhalisi var. Kəndin təbii qaz, işıq problemi yoxdur. Əvəzində yolları bərbad vəziyyətdədir. Şiyəkəranda iki orta məktəb var. 2 saylı kənd orta məktəbinin binası 2008-ci ildə istifadəyə verilib. Bina yeni tikilsə də, onun yararsız olması barədə KİV-lərdə bəzi məlumatlar yayılıb.
Yazılanların həqiqət olub-olmadığını öyrənmək məqsədilə həmin məktəbə yollandıq.

Öyrəndik ki, məktəbdə 500-ə yaxın şagird təhsil alır, 50-dən çox müəllim işləyir. Müəllimlərin ilk sözləri də məktəbin çökməsi ilə bağlı oldu. Müəllimlər şikayətlənirlər ki, binanın özülü yaxşı qurulmayıb. Buna görə də bina tədricən çökür. Binanın suvağı tökülür. Məktəbin qış idman zalındayıq. İdman müəllimi Əlövsət Həsənov da deyir ki, tikintini keyfiyyətsiz aparıblar:

QIŞDA İDMAN DƏRSLƏRİ ÇÖLDƏ KEÇİRİLİR...

Əlövsət Həsənov
Əlövsət Həsənov
«Pəncərələrə gərək «setka» vurulaydı, vurmadılar. Yağış damırdı bura. Bir müddətdən sonra döşəmə çökdü. Ondan sonra burda idman dərsi keçirmək imkanı olmadı. Xətalı yerdir. Uşağı ora salmaq olmaz. Uşağın ayağı ora düşər, uşaq şikəst olar. Uşağın əvəzinə onun valideynlərinə cavab verən deyiləm. Bizdə dərs belə keçirilir. Ancaq çöldə. Yağışdır, məcburam uşaqları sinifdə saxlayım».

Əlövsət Həsənov deyir ki, məktəbin idman meydançasını da satmışdılar. Müəllimlərin şikayətlərindən sonra idman meydançasını qaytarıblar:

«MEYDANÇANI SATMIŞDILAR, ONU GÜCLƏ ALDIQ»

«O meydançanı satmışdılar, onu güclə aldıq. Onun qurğularının hamısını apardılar. İndi yarışları keçirtmək üçün cibimizin puluyla qurğuları düzəldirik. İdman zalı da bu cürədir».

İdman zalının döşəməsinə bir neçə yerdə yamaq qoyulub. Buna baxmayaraq döşəmədə dəliklər görünür. Divarın suvağı tökülür. Müəllimlərin istəyi ilə sinif otaqlarını gəzirik. Sinif otaqlarının döşəmələrinə də yamaqlar qoyulub. Məktəbin müəllimi Yunus Quliyevin bildirdiyinə görə, bina istifadəyə verildiyi gündən yararsız halda olub:

«DÖŞƏMƏ SINDI, BAŞÇININ AYAĞI DƏLİYƏ DÜŞDÜ»

«Məktəbin tikintisindən bir il keçəndən sonra - 2009-cu ildə məktəbdə olan problemlərlə əlaqədar keçmiş icra hakimiyyətinin başçısı Mahir Quliyeva müraciət etdik. Mahir müəllim bizim təklifimizi qəbul edib məktəbə gəldi. Direktorun otağında istədi yığıncaq keçirtsin. Döşəmə sındı, başçının ayağı dəliyə düşdü, özü də bunun şahidi oldu. Söz verdi ki, tədbir görüləcək. Ancaq heç bir tədbir görülmədi».

Binanın birinci mərtəbəsi qızdırılsa da ikinci mərtəbəsində olan sinif otaqlarına istilik qalxmır. İstilik qazanxanasında işləyən fəhlə deyir ki, burdakı nasosu dəyişiblər:

İdman zalı
İdman zalı
«Peç işləyir, ancaq xətt su buraxır. Mən suyu vururam, isti su çatmır. Təzyiq getmir. Yüksək gücə malik olan motor olmalıdır, motor da yoxdur. Burada damır. Əvvəlcə belə olub».

MÜƏLLİMLƏR AYAQYOLU ÜÇÜN EVLƏRİNƏ GEDİRLƏR

Tədris korpusunun içərisində ayaqyolu olsa da işləmirdi, qapıları bağlı idi. Həyətə heç bir tələbata uyğun gəlməyən ayaqyolu tikilib. Əlövsət Həsənovun dediyinə görə, əlləri yumaq üçün su da yoxdur. Buna görə də ayaqyoluna görə evlərinə gedirlər:

«Bu məktəbə qədər Şiyəkəranda heç bir iş görülməyib. Nə küçələri, nə də yolları düzəltməyiblər. 4 körpüsü var təmir olunmur, dağılmaq üzrədir. Qışda uşaqlar məktəbə biabırçı vəziyyətdə gəlir. Guya bizə yeni tipli məktəb tikiblər. Bu, yeni tipli məktəbə oxşayır? Oxşamır axı».

Şiyəkəran kənd 2 saylı orta məktəb Qarabağ savaşında həlak olan Oktay Yəhyayevin adını daşıyır. Məktəbin dəhlizində ona büst qoyulub. Müəllimlərin dediklərinə görə, bu büstün altında Oktay Yəhyayevin adı yazılsa da büst onun deyil. Müəllimlər deyir ki, məktəbin açılış lentini kəsmək üçün büstü haradansa gətirib burda qoydular və bu günə kimi dəyişmirlər.

Həbib Həbibov
Həbib Həbibov
Məktəbin müəllimi Həbib Həbibov bütün bu nöqsanlar barədə dəfələrlə yuxarı instansiyalara müraciət etdiklərini deyir. Onun bildirməsinə görə, müraciətlərə əsasən məktəbdə azacıq təmir işləri aparıblar. Lakin əsas işlər yenə də qalır.

«Lakin bizi təqib edirlər, bizə təzyiqlər olunur, bizi müxalifət adlandırılar. Mən özüm YAP üzvüyəm. Mən partiyanın özəyini məktəbdə təşkil edəndə çoxları YAP-a daxil olmadılar. İndi YAP-ın sıralarına girib, mənfur və hiyləgər əməllərini həyata keçirən məmurlar bizi susdurmağa çalışırlar».

Həbib Həbibovun dediyinə görə, məktəbin tikintisinə milyon manata yaxın pul xərclənib. Lakin tikinti qaydalarına əməl olunmayıb:

«Yüksək tezlikli mühərriki oğurlayıblar. Bir «malış» qoyublar orda. O yuxarı vura bilmir. Bir tərəf isinir, bir tərəf isinmir. Özü də davamiyyət bizdə çox pisdir. 10-11 siniflərdə davamiyyət sıfır dərəcəsindədir».

DİREKTOR NƏ DEYİR?

Şiyəkəran məktəbində sinif otağı
Şiyəkəran məktəbində sinif otağı
Direktor Xalidə Dadaşova isə məktəbdə təmir işlərinin davam edəcəyini deyir:

«Gəldilər təmir elədilər. Yenə gələcəklər, arxa tərəfi təmir edəcəklər. Bir az havalar yaxşılaşsın gələcəklər».

Direktor məktəbin hansı təşkilat tərəfdən inşa və təmir edildiyi barədə məlumatı olmadığını söylədi:

«Təşkilatın adını bilmirəm».

Şiyəkəran kənd ərazi nümayəndəsi Tofiq Əliyev də məktəbi hansı tikinti təşkilatının inşa etdiyini söyləyə bilmədi. O, kənd yolları və körpülərin təmir olunacağını bildirdi.

Astara rayon təhsil şöbəsində isə bu barədə məktəb rəhbərliyindən məlumat almağı məsləhət gördülər.

MƏKTƏBİ TİKİB, TƏMİR EDƏN ŞİRKƏT LƏĞV EDİLİB?

Bu məktəbdə təmir-tikinti işlərini aparan təşkilat haqda icra hakimiyyətində də açıqlama vermək istəmirlər. Hər halda Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov məktəb binasını inşa edən təşkilat barədə məlumatı olmadığını söylədi. Onun sözlərinə görə, həmin məktəbdə və kəndin özündə bəzi işlərin görülməsi nəzərdə tutulub.

Şiyəkəran məktəbinin tualeti
Şiyəkəran məktəbinin tualeti
«Məktəb dövlət təşkilatları tərəfindən tikilib. Orda təmir işləri gedəcək, bir az təmir işləri gedib, köməklik olundu. Həmin təşkilat eləməlidir. Dəqiq məlumatım yoxdur. O təşkilata tapşırıq verdik ki, müəyyən köməklik göstərsin. Biri var vəsaiti birbaşa icra hakimiyyətinə köçürsünlər, biri də var ki, Maliyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinə köçürsünlər. Bu məktəb Təhsil Nazirliyinin xətti ilə tikilən binadır».

Astara rayon icra aparatının tikinti şöbəsindən isə bizə bildirdilər ki, məktəbi inşa edən şirkət ləğv olunub.
XS
SM
MD
LG