Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:22

Rasim İldırımzadə: «Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb»


Elşad Abdullayev və Rasim İldırımzadə
Elşad Abdullayev və Rasim İldırımzadə
-

Daxili İşlər Nazirliyinin polkovniki, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini Rasim İldırımzadə fevralın 21-də «Media forum» saytının suallarını cavablandırıb.

- Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev sizinlə söhbətini əks etdirən video yayıb. Doğrudanmı Elşad Abdullayevlə görüşmüsünüz? Elşad Abdullayevin qardaşı Mahir Abdullyevin itkin düşməsi və geri qaytarılması barədə hansısa müzakirələriniz olubmu?

- Elşad Abdullayevlə görüşmüşəm. Mənim övladım ABU-da oxuyurdu, görüşümüz də bu kontekstdə olub. Amma video və orada deyilənlər yalan və böhtandır. Bizim belə bir söhbətimiz olmayıb. Elşad Abdullayev hamını şantaj edir, bu əməlini davam etdirir.

- Siz Elşad Abdullayevi nə vaxtdan tanıyırısınız?

- Mən Bakı Dövlət Universitetində tələbə olanda o, adi laborant işləyirdi. Həmin dövrdən tanış idik.

Mənim qızım onun universitetində oxuyurdu. Azərbaycan Tibb Universitetinə imtahan vermişdi, amma ABU-ya düşmüşdü. Əlaqə yaratdı, dedi ki, görüşək. Sonra iş yerimə gəldi. Dedi ki, başıma belə bir iş gəlib, mənə kömək elə, gör nə məlumat öyrənə bilirsən. Mən də hüquq mühafizə orqanı əməkdaşı kimi maraqlandım. Sonralar isə məni iş yerinə çağırırdı, soruşurdu nə məlumat var. Özü mənə deyirdi, sonra məndən təsdiqini istəyirdi. Mən nə desəm onu təkrarlayırdı. Deyirdi ki, eşitmişəm Mahir Dağıstandadır, filan yerdədir və sair.

Mən bir idarədə rəis müaviniyəm. Mənim nə səlahiyyətim var ki, Elşad Abdullayevin qardaşını ona verim? Özü də 2004-cü ildə. Bu hansı məntiqə sığır? Biz də hüquqşünasıq. Yaxşı bilirik ki, bunun heç bir hüquqi əsası yoxdur. Özü cinayətkardır, ölkəyə qayıdıb istintaqa ifadə versin. Minlərlə insandan pul yığıb qaçıb. Qayıdıb gəlib cavab versin. Gəlib dediklərini öz ifadələri ilə təsdiqləsin. Sonra biz də ifadə verərik.

- Görüşünüz nə zaman olmuşdu? Tez-tez görüşürdünüz? Müzakirələrinizin detallarını xatırlayırsınızmı?

- Xeyr, xatırlamıram. Sizinlə əlaqə yaradıb geniş danışarıq.

- Elşad Abdullayevdən bir milyon dollar istəməyiniz doğrudurmu?

- Xeyr, belə bir söhbət olmayıb. Bunlar hamısı yalandır.

- Video yayılandan sonra Daxili İşlər Nazirliyinə çağırılmısınızmı? Sizə bununla bağlı nəsə deyiblərmi?

- Əslində bu, yeni video deyil. Həmin videoların disklərini, kasetlərini 2008-ci ildə göndərib. Eyni zamanda bunları mətbuatda da yaymışdı. Biz də o zaman münasibətimizi bildirmişik. Bu, yeni məsələ deyil. Həmin dövrdən insanları şantaj edir.

- Videolar Daxili İşlər Nazirliyinə göndərilmişdi?

- Xeyr, Milli Təhlükəsizlik Nazirliyinə.

- Həmin dövrdə siz Milli Təhlükəsizlik Nazirliyinə çağırmışdılarmı? Orada ifadə vermisinizmi?

- Xeyr. Hazırda bu işin istintaqını Müstəqil İstintaq Komissiyası aparır.

- Müstəqil İstintaq Komissiyasına ifadə vermisinizmi?
- Xeyr. Orada çox adamın adı çəkilir. Kim bu qədər istədi, kimə nə qədər verdim və sair. Çəkdiklərinin də əksəriyyətini yayımlayıb. İstintaq gedir. İndi hamını eyniləşdirmək olmaz.

- Videoda deyirsiniz ki, Mahir Abdullayevi görmüşəm, gətirəcəm...

- Mən «görmüşəm» deməmişəm. Demişəm ki, deyirlər görüblər, belə bir şey eşitmişəm. Mən Mahir Abdullayevi harada görə bilərdim? Hara getdim ki, onu da görüm? Mən ona demişəm ki, deyirlər qardaşını görüblər, hesab elə sağ-salamatdır. Yəni eşitdiklərimi demişəm.

Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb. Özü işin içindədir, qardaşının harada olduğunu bilir. Qardaşının başına gələnlər Elşad Abdullayevin öz əməlləridir.
Mənə deyirdi ki, çox ağır vəziyyətdir, ailəmdə məni incidirlər, dincliyim yoxdur. Xahiş edirdi ki, mənə ümidverici bir söz de. Mən də cavab verdim ki, sənə yalandan nə deyim, özün də professor adamsan. Mənim nə səlahiyyətim var? Sadəcə olaraq eşidirdim ki, filan yerdədir. Özü də deyirdi ki, filan yerdədir. Cavab verirdim ki, mən də eşitmişəm. Sırf fikir mübadiləsi olurdu.

Daxili İşlər Nazirliyində savadlı hüquqşünaslar var və onlar məsələyə qiymət verirlər. Onlar da görürlər ki, bu söhbətin əsası yoxdur, mənasız məsələdir. Ümumiyyətlə onun insanları gizli formada videoya çəkməyə səlahiyyəti çatırmı? Bizim bir qohum ABU-da müəllim işləyirdi. Onun vasitəsilə Elşad Abdullayevə zəng etdim, dedim ki, qardaşın iş görüb, camaatın pulunu götürüb yoxa çıxıb. Bu nə məsələdir? O da dedi ki, yox, belə bir şey olmayıb. Sadəcə olaraq Elşad Abdullayev qardaşının işindən məlumatlı olan insanları çağırırdı, onlarla söhbət edirdi. İndi isə həmin insanları şantaj edir.

- Rasim müəllim, bəlkə sizi bu işə üçüncü tərəf qoşub? Ya xahiş, ya da ki, vadar etmə formasında...

- Xeyr, belə bir hal olmayıb. O, buna çox cəhd edirdi. Amma mən gördüm ki, prosesi onun özü idarə edir, işin içindədir, məlumatlıdır. Hadisə özünün razılığı ilə baş vermişdi. İş haqda az-çox məlumatı olan insanları şantaj edirdi.

- Daxili işlər naziri Ramil Usubovla sizin ailənin qohumluq münasibətləri var. Eyni zamanda siz nazirin tabeçiliyində işləyən şəxssiniz. Mahir Abdullayevin itməsi, Elşad Abdullayevin sizdən etdiyi xahişləri nazir Ramil Usubovla müzakirə etmisinizmi?

- Xeyr, belə bir müzakirə olmayıb. Onunla müzakirə etməyə ehtiyac da yoxdur.
XS
SM
MD
LG