Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:40

İlham Əliyev: «Bizim vətəndaşlara obyektiv informasiya lazımdır»


İlham Əliyev nəşriyyatda
İlham Əliyev nəşriyyatda
-

«Bu gün Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin sərbəst işləməsi üçün hər cür şərait, tam fəaliyyət, söz, fikir ifadə azadlığı, sərbəst internet mövcuddur».

Bu fikirləri ötən gün prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçıları ilə görüşündə səsləndirib.

Prezident Azərbaycan əhalisinin 70 faizdən çoxunun internet istifadəçisi olduğunu da deyib. O, dövlət tərəfindən maliyyələşdirilən «İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı haqqında» Dövlət Proqramından da danışıb. Və proqram nəticəsində yaxın bir neçə ildə Azərbaycanın hər bir şəhərinə genişzolaqlı internet çəkiləcəyini qeyd edib. İlham Əliyev gələcəkdə isə genişzolaqlı internetin hər bir yaşayış məntəqəsinə, hər bir kəndə çatdırılması üçün özəl qurumların iştirakına ümid etdiyini bildirib:

«Əlbəttə ki, hərtərəfli informasiya almaq hər bir vətəndaşın toxunulmaz hüququdur. Bu halda yəqin ki, kütləvi informasiya vasitələrinin informasiyanın mötəbərliyi və onun obyektivliyinə görə məsuliyyəti haqda məsələ daha kəskin dayanacaqdır».

Prezident İlham Əliyev KİV-lərdə bəzən siyasi prioritetlərə, siyasi məqsədlərə görə informasiyaların birtərəfli şəkildə verildiyini deyib.

«Düşünürəm ki, dünya ictimaiyyətinin diqqətini cəlb edən informasiyalar və onların bəzi kütləvi informasiya vasitələri tərəfindən çatdırılması üsulları dediklərimə əyani sübut ola bilər. Buna görə də bu gün bizim vətəndaşlara nəinki təkcə düzgün və mötəbər informasiya, həm də müxtəlif mənbələrdən obyektiv informasiya lazımdır. İnformasiya həqiqətə tam uyğun ola bilər, eyni zamanda da birtərəfli təqdim edilə bilər. O, müəyyən məqsədlərə xidmət edə bilər. Bəzən bir sıra ölkələrdə kütləvi informasiya vasitələri müəyyən baxışların fəal carçısı və təbliğatçısı kimi çıxış edir. Bu cür şəraitdə, əlbəttə ki, tam, ətraflı və mötəbər informasiyaya çıxış çox əhəmiyyətlidir. Ona görə ki, dünyada və cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolu daim artacaqdır. Bu, obyektiv prosesdir və əlbəttə ki, bu informasiyanı əhaliyə çatdıranların çiyinlərinə böyük məsuliyyət düşür». /AzərTac/
XS
SM
MD
LG