Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:29

Tibbi sığorta xəyalı


Foto: Arxiv
Foto: Arxiv
-
Tibbi sığortadan söhbət düşəndə, Sabirin bu misralarını azacıq dəyişib cavab kimi səsləndirmək olar: «Çığırma, yat, ay ac xəstə, yuxunda çoxca dərman gör». Səbəb də odur ki, 2 dövlət qurumu arasında maraqlar konflikti tibbi sığortanın Azərbaycanda da gerçəkləşməsinə imkan vermir.

Yaşı 50-ni ötmüş Arif Məmmədli son bir neçə aydır ürək döyüntülərindən gileylənir. Amma hələ də həkim müayinəsindən keçməyib. Bir az fikrə gedəndən sonra deyir ki, nə gizlətməli, səbəb maddi sıxıntılardır.

Halbuki «Tibbi sığorta haqqında» qanuna əsasən, Arif Məmmədli istədiyi vaxt istədiyi tibb müəssisəsində müayinə və müalicə oluna bilər.

O, 10 saylı Laçın orta məktəbində fiziki tərbiyə müəllimdir. Ayda 180 manat əməkhaqqı alır. Deyir, aldığı əməkhaqqı elə 2 dəfə müayinəyə, bir də dava-dərmana çatar:

«Adicə utrasəs müayinəsi, qan analizi, azı, 30-40 manata başa gəlir. Tibbi sığorta olsa, arxayınca xəstəxanaya gedərəm. Məsələn, neçə aydır gedib ürəyimin kardioqramını çıxarmaq istəyirəm, amma gedə bilmirəm. Tibbi sığortam olsa, gedərəm, həkimdən də çəkinmərəm. Narahat da olmaram ki, birdən xərci çox olar, cibimdə də pul qalmaz. İndi bir dəfə həkimə getsək, gərək gündəlik xərclərimizi ödəməyə borc-xərc tapaq».

Nazirlər Kabineti
Nazirlər Kabineti
PREZİDENTİN SƏRƏNCAMI NİYƏ İCRA OLUNMUR?

Azərbaycanda tibbi sığortanın tətbiqini sürətləndirmək üçün Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqda sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimlənməsini bu agentlik həyata keçirməli idi. İlkin mərhələdə tibbi sığorta üzrə ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulurdu. 2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına milyonlarca manat vəsait ayrılır və istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılır. Niyəsi də odur ki, tibbi sığorta hələ də tətbiq olunmayıb.

Prezidentin Dövlət Tibbi Sığorta Agentliyinin yaranmasına dair 2008-ci ildəki sərəncamı niyə hələ də icra olunmayıb?

İCRANI HANSI DÖVLƏT QURUMU YUBADIR?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, bu agentliyin onlara aidiyyəti yoxdur. Anar Qədirli sualları Nazirlər Kabinetinə ünvanlamağı tövsiyə edir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirir ki, bu agentliyin niyə hələ yaradılmaması, tibbi sığortanın tətbiqi ilə bağlı məlumatı yoxdur.

AzadlıqRadiosunun Nazirlər Kabinetinə göndərdiyi informasiya sorğusu 5 aydan çoxdur cavablandırılmayıb
Musa Quliyev
Musa Quliyev
.

«NAZİRLƏR KABİNETİ TƏLƏSMİR»

Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev mediaya açıqlamasında bildirib ki, problem «Tibbi sığorta haqqında» Qanunda deyil, görünür, Nazirlər Kabineti bu qanunu həyata keçirməyə hələ tələsmir.

Musa Quliyevə görə, bu qanunun icrası səhiyyə xidmətinin keyfiyyətini yüksəldəcək, əlavə dərman xərclərinə ehtiyac qalmayacaq, eləcə də bu sahəyə ictimai nəzarət güclənəcək və tibb işçilərinin əməkhaqqı artacaq.

Tibbi sığorta haqda qanunun icrasının ən müsbət nəticəsi dövlət və özəl klinikalar arasında rəqabətin genişlənməsidir. Musa Quliyevin fikrincə, qanunun icrası zamanı hər bir tibb müəssisəsi çalışacaq ki, tibbi sığorta şirkətləri onlarla müqavilə bağlasın.

Bu deyilənlərin nə vaxt reallaşacağı isə hələ sual altındadır.

«SƏBƏB TƏŞKİLATLARARASI KONFLİKTDİR»

Azərbaycanda tibbi sığortanın tətbiqi ilə bağlı araşdırma aparan iqtisadçı-ekspert Azər Mehdiyev qanunun icra olunmamasının, eləcə də Dövlət Tibbi Sığorta Agentliyinin yaradılmamasının səbəblərindən danışır:
Azər Mehdiyev
Azər Mehdiyev

«İlk səbəb hökumətin təşkilatlararası maraqlar konflikti ilə bağlıdır. Səhiyyə Nazirliyi Dövlət Tibbi Sığorta Agentliyinin onun nəzdində yaradılmasını istəyir. Nazirlər Kabineti müstəqil agentliyin tərəfdarıdır. Nəticədə bu konflikt illərdir agentliyin yaradılmasını yubadır. Üstəlik, prezident tibbi sığorta konsepsiyasını təsdiqləsə də, Azərbaycan hökuməti tibbi sığorta modelinə keçidin bir sıra məsələlərini həll edə bilməyib. Tibbi sığortaya keçiddən sonra əhalinin hansı təbəqəsinin dövlət hesabına sığortalanması, işçilərlə işəgötürənlər arasındakı münasibətlər və s. bənzər məsələlər hələ çözülməyib».

Azərbaycanda «Tibbi sığorta haqqında» Qanun 1999-cu ildə qəbul olunub. 2008-ci ildə qanuna əlavə və dəyişikliklər edilib. Tibbi sığorta icbari və könüllü şəkildə həyata keçirilir. İcbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta islahatlarının həyata keçirilməsi üçün dövlət büdcəsindən 2009-cu ildə 50 milyon manat, 2010-2011-ci illərdə 30 milyon manat ayrılsa da, islahatlar gerçəkləşdirilməyib.

Ayda 180 manat əməkhaqqı alan Arif Məmmədli kimi yüzlərlə işçi nə vaxtsa tibbi sığortasının olacağı günü gözləyir.
XS
SM
MD
LG