Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:19

Günel Mövlud. Rejissorun "kağız"ı


Günel Mövlud
Günel Mövlud
-

Film çəkməyə imkan yaradılanlar isə kinonu psevdomillətçiliklərini, psevdovətənpərvərliklərini, ən yaxşı halda isə psevdodahiliklərini nümayiş etdirmək üçün vasitəyə çeviriblər.


Günel Mövlud


REJİSSORUN «KAĞIZ»I

Müasir Azərbaycan kinosuna köksötürmə...



Yeni il ərəfəsində bütün keçmiş SSRİ vətəndaşlarının həvəs və nostalji ilə baxdıqları «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filmindən xəbəri olmayan yəqin ki, yoxdur.

Baxanların yadında olar, film musiqi sarıdan çox zəngindi. Bu ekran əsərinin həm qadın, həm də kişi qəhrəmanları dəfələrlə gitarada müxtəlif mahnılar ifa edirlər. Əlbəttə, aktyorlar özləri yox, o dövrün məşhur müğənniləri ifa edir əslində.

Barbara Brılskanın qəhrəmanı növbəti dəfə gitarada mahnı ifa edəndən sonra:

- Sözləri Bella Axmadulinanındı – deyir.

Vəssalam. Dünyanın altıda birini tutan ölkədə balacadan böyüyə hamının baxdığı filmdə o illər gənc bir şairənin adı çəkilir. Sovetlərdə başı incəsənətdən bir az çıxan hansısa vətəndaşın o şairəni tanımama imkanı varmı?

Kinonun qüdrətinə özümüzə daha çox aidiyyatı olan başqa bir misal.

Gənc nəsil yazarlar yaşlıları – Anarı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu ədəbiyyat tarixindən silməyə çalışsalar da, bu məqsədi heç vaxt tam şəkildə həyata keçirmək mümkün deyil. Çünki Anarı ədəbiyyat tarixindən silsən də, o, ssenari müəllifi olduğu kinolarda qalacaq. Vaqif Səmədoğlunun sözlərinə yazılmış az qala yüz mahnı sadalamaq olar ki, onlardan az qala yarısı filmlərdə istifadə olunub. Həmçinin, Ramiz Rövşən, Baba Vəziroğlu, Fikrət Qoca...

Bəli, kino çox güclü silahdır. Ədəbiyyatın deməyə çalışdığı, bəzən deyə bilmədiyi fikri, ötürməyə çalışdığı, amma ötürə bilmədiyi mesajı bəzən kino çox asanlıqla deyə və ötürə bilir.

Vizual sənətlər arasında ən kütləvi olması onun gücünü əvəzsiz edib.

Kino həm də böyük və güclü təbliğat maşınıdır. Bir rejissor istəsə və bacarsa milyonlarla tamaşaçının ürəyini, hisslərini əlində oyuncaq kim oynada bilər. Kino məqsədindən asılı olaraq, lazım olanda rəhm, lazım olanda qəzəb, lazım olanda etiraza səbəb ola bilər. Heç kimin tanımadığı bir yazıçını, şairi, rəssamı, fotoqrafı, lap heç yaradıcı adam olmasın, ən sadə insanı bir günün, bir neçə saatın içində məşhur edə, dünyaya tanıda bilər.

Azərbaycanlılar bir xalq olaraq, biz də bir yaradıcı çevrə olaraq, bu silahdan məhrumuq.

Ölkədə müstəqil düşünə bilən, məlumatlı və istedadlı rejissorlara film çəkməyə imkan vermirlər. Film çəkməyə imkan yaradılanlar isə kinonu psevdomillətçiliklərini, psevdovətənpərvərliklərini, ən yaxşı halda isə psevdodahiliklərini nümayiş etdirmək üçün vasitəyə çeviriblər.

Bəşəri problemləri hədəf götürüb, nəticədə heç mətbəx problemini də həll edə bilmirlər öz filmlərində.

On beş dəqiqəlik film çəkən gənc rejissor həmin on beş dəqiqəyə bütün bəşəriyyət tarixinin problemini nəinki əks etdirməyə, hətta o problemi həll etməyə də iddia edir. Nəticədə də gülməli, əttökən, süni bir şey alınır. Axı ədəbiyyatda olduğu kimi, kinoda da öz gücünü gərək dəqiq hesablayasan. Götürə bilməyəcəyin yükün altına girib rüsvay olmayasan. Amma bir canıyanan çıxıb bunu bizim rejissorlara demir.

Günün nəbzini tutan, günün problemini bilən, günün kinosunu çəkən, ümumiyyətlə çəkmək istəyən, müasirləri olan yazarlarla ünsiyyətdə olan rejissor ölkədə demək olar ki, yoxdur. Olanlara isə yenə deyirəm ki, yollar bağlıdı. İlk baxışdan adama elə gəlir ki, onları qınamaq olmaz. Ayaz Salayev demişkən: yazıçıya yazmaq üçün qələm-kağız bəs eləyər. Rejissorun «kağız»ının qiyməti isə bir milyon dollardı))))

Amma ən qədim dostum, kino barədə bilgilərinə, məlumatına həmişə həsəd apardığım kinoşünas Aygün Aslanlı deyir ki, hazırda hansısa rejissorun maliyyə yoxluğundan, imkanların azlığından şikayətlənməsi sadəcə bəhanədir. O düşünür ki, rejissorun kamera almağa pulu yoxdursa, filmi telefona da çəkə bilər. Aktyorlara qonorar vermək imkanı yoxdursa, qeyri-peşəkar aktyorlardan, bəzən lap sadə insanlardan istifadə edə bilər. Aygün xanım sıfır maliyyə ilə çəkilib, sonradan uğur qazanmış, festivallarda səs-küy qoparmış, mükafatlar almış, rejissorunu məşhurlaşdırmış onlarla film adı çəkir.

Amma Aygün xanımın mənə danışdıqlarını yazmağa, müasiri olan rejissorları «danlamağa» həvəsi olmadığı kimi, bizim rejissorların da eksperimentlər eləməyə, tarana getməyə, qarantiyaları olmadan, heç kimə arxalanmadan film çəkməyə həvəsləri yoxdur.

Nəticədə də, belə olur. Beynəlxalq tədbirlərdə gənc erməni, gürcü rejissorları uğurlu qısa və tammetrajlı filmlərini təqdim edəndə, biz boynumuzu büküb qalırıq.
Deyirik ki, neft və milyonlar ölkəsində kinoya pul ayrılmır.


İranlı rejissor Cəfər Pənahinin qısametrajlı "Akkordeon" filmi (Bax)
XS
SM
MD
LG