Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Bolşeviklərin güllələdiyi 48 yaşlı Azərbaycan generalı


Azərbaycan ordusu - 1918
Azərbaycan ordusu - 1918

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyi qərara aldıq. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

-

...Mayın 30-da baş verən qanlı döyüşdə--qeyri-bərabər qüvvələrin savaşında Gəncə dağıdılır, mühasirəyə alınmış üsyançılar və dinc əhali kütləvi güllələnir...


QACARLAR NƏSLİNDƏN ÜÇÜNCÜ ŞƏHİD GENERAL

Bəri başdan diqqətinizə çatdıraq ki, yazımızın bugünkü qəhrəmanı barədə geniş bilgi yoxdur. O, Fətəli şahın nəvəsi şahzadə Bəhmən Mirzənin 31 oğlundan biridir. Bəhmən Mirzənin beşinci arvadı Çiçək xanımdan olan dördüncü oğludur. Məhəmməd Mirzə general Əmir Kazım Mirzə Qovanlı Qacarın (1853-1920) və general Əmənulla xan Mirzənin (1962-1937) kiçik qardaşıdır.

HƏYATI, DÖYÜŞ YOLU

Şahzadə Məhəmməd Mirzə 1872-ci ildə Şuşada doğulub.

Harada hərbi təhsil alması barədə dəqiq məlumata rast gəlmədik. Çox güman ki, qardaşları kimi Sankt-Peterburqda hərbi təhsil alıb.

1910-cu ildən böyük knyaz, general-feldmarşal Mixail Nikolayeviç adına birinci Kuban-kazak batareyasının komandiri olub.

I Dünya müharibəsinə qədər nümunəvi xidmətinə görə ikinci dərəcəli «Müqəddəs Anna» ordeni ilə (qılıncla birgə) və həmin ordenin dördüncü dərəcəsi ilə (igidliyə görə) təltif olunub.

I Dünya müharibəsində də Kazak süvari qoşunlarında döyüşüb. İkinci və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeninə (qılınc və bantla birgə) layiq görülüb.

CÜMHURİYYƏT ORDUSUNDAKI FƏALİYYƏTİ

Polkovnik Məhəmməd Mirzə 1918-ci ildə Cümhuriyyət ordusunda Baş Artilleriya İdarəsinin rəisi olub.

1919-cu ildə əla xidmətə görə ona 320 saylı əmrlə general-mayor rütbəsi verilib.
Şahzadə Məhəmməd Mirzə bir müddət Birinci Piyada Diviziyasına rəhbərlik edib, daha sonra Gəncə Qarnizonunun rəisi təyin edilib.

Arxivlərdə Məhəmməd Mirzənin 1920-ci ildə Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçə Qarabağdan vurduğu bir teleqram qorunur:

«Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə lazımdır. Xankəndi qarnizonunun dəstə rəisinə dəymək olmaz, əks halda yerli ermənilər Əsgəran və Şuşanı tuta bilərlər...».

MİNNƏTDARLIQ

Şəmistan bəyin yazdığına görə, arxivdə general barədə daha bir nadir sənəd qalıb. Bu, hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Həbib bəy Səlimovun imzaladıqları minnətdarlıq əmridir:

«...general-mayor şahzadə Məhəmməd Mirzə Qacar birinci piyada diviziyasına müvəqqəti komandanlıq etdiyi müddətdə Gəncə qarnizonunun rəisi vəzifəsini icra edərkən batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin isti əsgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir».

GƏNCƏ ÜSYANI...

Cümhuriyyətin süqutundan təxminən 1 ay sonra tarixə «Gəncə üsyanı» kimi düşmüş üsyan baş verir. Üsyanın təşkilatçıları və istiqamətləndiriciləri Cümhuriyyət ordusunun zabitləri idi (Vikipediya). Mayın 23-də üsyan başçılarının iclası keçirilir.
Adıçəkilən qaynağın yazdığına görə, həmin müşavirədə Azərbaycan ordusunun təchizat rəisi, general Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, üçüncü Şəki süvari alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları iştirak edir.

QIRĞIN

Qırmızı ordunun bəzi hissələri üsyandan əvvəl Gəncəyə gətirilibmiş.

Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başlayır.

Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürülür.

Hərbi anbar, mərkəzi həbsxana, dəmiryol stansiyası, fövqəladə komissarlığın binası ələ keçirilir.

Üsyançıların uğurlarını görən bolşeviklər Gəncəyə təkrar-təkrar əlavə qoşun hissələri yeridirlər.

Mayın 30-da baş verən qanlı döyüşdə--qeyri-bərabər qüvvələrin savaşında şəhər dağıdılır, mühasirəyə alınmış üsyançılar və dinc əhali kütləvi güllələnir...

ÜSYAN YATIRILIR

Bir neçə gündən sonra üsyan yatırılır.

Bolşeviklər Azərbaycan ordusunun 12 generalını, 27 polkovnik və podpolkovnikini, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusunu bu üsyanda güllələyirlər (Vikipediya).

Onların sırasında üsyanın əsas təşkilatçılarından Məhəmməd Mirzə Qacar Qovanlı da var idi.

General 48 yaşındaydı.

P.S. Həmin döyüşdə generalın iki qardaşı general Əmir Kazım Mirzə Qovanlı Qacar və general Feyzulla Mirzə Qacar Qovanlı da həlak oldu...
XS
SM
MD
LG