Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:30

Aranlılar «zibilə» düşüblər...


İmişlinin Aranlı kəndi
İmişlinin Aranlı kəndi
-

İmişlinin Aranlı kəndini rayon mərkəzi ilə 30 km məsafə ayırır. Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu bərbad hala düşəndən bəri, bu kənddə yaşayanların başqa yerlərə gedib-gəlməyi çətinləşib.

«QARIŞQA YERİŞİ»

Kənd sakini Kərim Kərimov deyir ki, «Azərsun Holding» yaxınlıqdakı ərazidə şirkət açandan sonra ağır tonnajlı maşınlar yolu xeyli korlayıb:

«Şirkət tikinti işlərini başa çatdırandan sonra hökumət yolun bərpasına başlayıb. Amma bu iş «qarışqa yerişi» ilə aparılır, gör nə qədər vaxtdır ki, Biləsuvar tərəfdə ilişib qalıblar. Bu gedişlə 50 kilometrlik məsafəni 10 ilə asfaltlayarlar. Başa çıxanadək əvvəl düzəldilən yerlər dağılacaq...».

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu
Bu yol, eləcə də mənbəyini Araz çayından götürən Əzizbəyov kanalı bir növ İmişli və Biləsuvar rayonlarının ərazi hüdudlarını müəyyənləşdirir. Bundan əlavə, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələr də yolun üstündə yerləşir. 2006-cı ildə Biləsuvar rayonu ərazisindən «Azərsun»a 3400 hektar torpaq sahəsi ayrılıb, burada müxtəlif kənd təsərrüfatı məhsullarını istehsal və emal edən müəssisə - «Natural Green Land» açılıb.

Aranlıda yaşayan Şahin Əhmədov deyir ki, tərəvəz plantasiyasının, bağların salınması və konserv zavodunun açılması yüzlərlə kənd sakininə iş yeri qazandırıb. Amma müəssisənin tullantılarını yaşayış məntəqəsinin qarşısından keçən yolun kənarına tökməsi dözülməz vəziyyət yaradır:

«ƏVVƏLLƏR HEÇ OLMASA YERİ QAZIB ZİBİLİN ÜSTÜNÜ BASDIRIRDILAR»

«Bura həm zavodun zir-zibili daşınır, həm də Cəbrayıl köçkünlərinin yaşadığı qəsəbələrin kanalizasiya yığınları. Əvvəllər heç olmasa yeri qazıb zibilin üstünü basdırırdılar. İndi şor kanalına axıdılan sidik və nəcis də üstüaçıq vəziyyətdə qalır. Əraziyə sahibsiz itlər, çaqqallar, qarğalar daraşıb, yay günlərində heyvan cəsədlərinin iyindən, ağcaqanadların əlindən təngə gəlirik. Bu zibillik əsil infeksiya mənbəyidir. Ötən il uşaqlarımız malyariyaya yoluxub».

PAY TORPAĞINDA ZİBİLLİK

Şahin Əhmədov
Şahin Əhmədov
Əslində zibilliyə çevrilən ərazi əslən Cəbrayıl rayonundan olan, hazırda Biləsuvardakı 5 saylı köçkün qəsəbəsində məskunlaşan Vəli Həsənova dövlət pay torpağı kimi verilib:

«Su çıxmadığından əkin əkə bilmirik, sahədən ancaq otlaq kimi istifadə edirdik. Sənədlə bu zibillik mənə və yaxınlarıma - 5 nəfərə verilib. Amma yerimi zavoda veriblər, məcbur olub qoyunlarımı başqa şəxslərin sahəsində otarıram».

Aranlı bələdiyyəsinin sədri Nadir Vəliyev neçə illərdir bu zibilliyin ləğvi üçün çalışdığını, amma məqsədinə nail ola bilmədiyini deyir:

«Dəfələrlə aidiyyatı orqanlara rəsmi qaydada müraciət etmişəm. Bir dəfə İmişli Rayon İcra Hakimiyyətindən nümayəndələr gəldi, konserv zavodunun rəhbərini də dəvət edib, ona iradımızı bildirdik, amma nəticəsi olmadı».

«SABAH İŞÇİLƏRİMİ GÖNDƏRƏRƏM, GEDİB HƏMİN YERƏ BAXARLAR»

AzadlıqRadiosunun sorğusunu cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı ərazi idarəsinin rəisi Səxavət Əliyev bu problem barədə məlumatsız olduğunu dedi: «Bizə bu barədə rəsmi müraciət daxil olmayıb. Sabah işçilərimi göndərərəm, gedib həmin yerə baxarlar».

«DİGƏR YERLƏRDƏN DƏ ORA ZİBİL GƏTİRİB BOŞALDIRLAR»

«Natural Green Land»
«Natural Green Land»
«Azərsun Holding» ətraf mühitin, insan sağlamlığının qorunmasını özünün əsas missiyalarından olduğunu elan edib. Holding şirkəti olan «Natural Green Land»in icraçı direktorunun köməkçisi Sedak Yaman zibil boşaltdıqları ərazidən istifadənin Cəbrayıl rayonunun icra hakimiyyəti orqanları ilə razılaşdırıldığını bildirdi:

«Baxmayaraq ki, o sahəni biz icarəyə götürmüşük, digər yerlərdən də ora zibil gətirib boşaldırlar. Son 2-3 ayda biz həmin yerə tullantı göndərməmişik».

«OTURDUĞUN YERDƏ ZİBİLƏ DÜŞMƏK BUNA DEYİRLƏR»

... Aranlıda olarkən güclü külək qopmuşdu. Açıq sahədə sellofan torbalar hava şarları kimi göyə qalxır, ağacların yaxasına, yaşıllaşmaqda olan otlaq sahələrinə min bir xırdavat səpilirdi. Kənd sakini İlqar Məmmədov yada salır ki, vaxtilə kəndlərində Leninin adını daşıyan qabaqcıl kolxoz olub:

«Səhər açılandan ta şəfəq qaralanadək burada həyat qaynayırdı. Yol kənarında nəinki zibillik, heç alaq otu da gözə dəymirdi. İndi başımıza qum ələnir, üfunət çəkirik ciyərimizə. Oturduğun yerdə zibilə düşmək buna deyirlər».
XS
SM
MD
LG