Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:57

Qəbələdəki aksiyaya Əmək Müfəttişliyinin reaksiyası


Rəsmi statistikaya görə, 4 milyon 400 min işləyənin cəmi 1 milyon 400 minə yaxını ilə əmək müqaviləsi var
Rəsmi statistikaya görə, 4 milyon 400 min işləyənin cəmi 1 milyon 400 minə yaxını ilə əmək müqaviləsi var
-
«İşçilər 8 saatlıq iş rejimi ilə təmin olunsunlar. Burada heç kim 12 saatdan az işləmir. Biz quluq, yoxsa nəyik? Hamı 12 saat işləyir. Bu qanun hansı dövlətdə qəbul olunub? Əmək müqaviləsi bağlansın, əmək haqları dəqiqləşdirilsin və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial müavinətlər verilsin. Heç kimdə əmək müqaviləsi yoxdur. Haqqını tələb edən də işdən qovulur».

Martın 25-də Qəbələdə etiraz edən «Azəri Trans» tikinti şirkətinin fəhlələri deyirdilər ki, 2 ay əvvəl əmək müqaviləsi tələb etdikləri üçün 46 nəfər işdən qovulub. Aksiyaçılar bununla bağlı prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məktubla üz tutublar. «Azəri Trans» tikinti şirkəti Qəbələdə hasarların tikilməsi, eləcə də rayon mərkəzində sökülən bəzi ev və hasarların bərpası ilə məşğuldur.

46 NƏFƏRİN ŞİKAYƏTİ MAAŞDAN OLUB

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov AzadlıqRadiosuna deyir ki, yanvarda «Azəri Trans» şirkətindən 46 nəfər maaşının ödənməməsindən şikayət edib. Fevralın 14-də isə həmin şəxslər izahat yazıb ki, pullarını alıblar. Cənab Məhərovun bildirməsinə görə, yolkənarı hasarın tikintisində çalışan həmin fəhlələrin əmək müqaviləsi sarıdan şikayətləri olmayıb. O, Bakıda istənilən şirkətin rayonlarda fəhlələrlə podrat, mülki, yaxud əmək müqaviləsi bağladığını deyir:

– Buradan oraya işçi aparsa, ezamiyyət pulu, yataq yeri verilməlidir. Haradadır belə şirkət ki, fəhləsini Bakıdan rayona apara?

- Son aksiyada tələblərdən biri yenə də əmək müqaviləsinin olmaması idi. Əmək Müfəttişliyinin orada reyd aparması gözlənilirmi?

- Əmək müqaviləsi bağlamır, işləməsin də. Tələb odur ki, əmək müqaviləsi yoxdursa, işləmə. Hələlik, reyd aparmaq fikrimiz
Məhərrəm Məhərov (sağda)
Məhərrəm Məhərov (sağda)
​yoxdur.

Məhərrəm Məhərov deyir ki, ölkə üzrə 400 minə yaxın işəgötürən, 210 əmək müfəttişi var. Yəni, bütün işəgötürənlərin daim nəzarətdə saxlanması mümkünsüzdür. Ancaq o, «Qaynar Xətt»ə gələn şikayətlərin dərhal araşdırıldığını, ilk növbədə pozuntu ehtimalı böyük olan yerlərdə – maşın təmiri stansiyalarında, ticarət obyektlərində, şadlıq evlərində, tikinti idarələrində yoxlama aparıldığını vurğulayır.

ANCAQ 30 FAİZİN ƏMƏK MÜQAVİLƏSİ VAR

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, ölkənin əmək sektorunda çalışanların təxminən 30 faizi ilə əmək müqaviləsi bağlanıb. Rəsmi statistikaya görə, 4 milyon 400 min işləyənin cəmi 1 milyon 400 minə yaxını ilə əmək müqaviləsi var – qalanları ya torpaq payı olanlardır (torpaq sahibləri də məşğul sayılırlar - A.K.), ya mülki müqavilə ilə işləyənlər, ya da heç bir müqaviləsi olmayanlar:

«Azərbaycanın tən ortasında, hamının gözü qarşısında gizli əmək bazarı fəaliyyət göstərir. Özü də Dövlət Əmək Müfəttişliyi planlı şəkildə yoxlamaya gələndə, işəgötürən əvvəlcədən bilir, 100 işçisindən beşi ilə müqaviləsi varsa, həmin beş nəfəri saxlayır, qalanlara həmin gün gəlməməyi tapşırır. Yoxlama bitəndən sonra qayıdırlar».

​Sahib Məmmədov
​Sahib Məmmədov
​Sahib Məmmədov bu tip məsələlərə dövlətin müdaxiləsini vacib sayır, ancaq bir şərtlə ki, bu müdaxilə azad sahibkarlığa, biznesə ziyan vurmasın. Amma işçi hüquqlarının total şəkildə pozulması bütün hallarda yolverilməzdir.

İLDƏ BİR DƏFƏ YOXLAMA

Bəs bəzi iri şirkətlərin arxasında məmur-oliqarxların durması əmək müfəttişlərinin işini çətinləşdirmir ki? Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov hər hansı müqavimətlə üzləşmədiklərini bildirir. Ancaq bir məsələ də var ki, qanunvericiliklə ildə bir dəfədən artıq yoxlama apara bilmirlər. Üstəlik, Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən, qeydiyyat vərəqəsi alandan sonra əmək müfəttişləri hansısa müəssisəyə gedə bilir.

Cənab Məhərov müəssisələrdə yoxlamaların ardıcıllığına dair qanun layihəsinə diqqət çəkir. Söhbət indi parlamentdə hazırlanan «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsindən gedir:

- Hər gün yoxlamaya gedəndə deyirlər ki, sahibkarın işinə qarışırsan.
«İndilik ildə azı bir dəfə yoxlama apara bilirik»
«İndilik ildə azı bir dəfə yoxlama apara bilirik»
Guya biz sahibkara mane oluruq. Bizdə qanunsuz maneə yoxdur. Biz vətəndaşın hüququnun təmin olunmasını istəyirik. Bunu sübut edənədək deyirlər ki, «bizi qoymurlar işləməyə», Korrupsiya İdarəsinə şikayət edirlər.

- Belə çıxır həmin qanun qəbul olunandan sonra işiniz bir az da çətinləşəcək?

- Qanunda müəssisələrdə yoxlamalar risk dərəcəsindən asılı olaraq müəyyənləşdirilir. İki ildən, ya beş aydan bir aparılıb-aparılmamasını risk dərəcəsi təyin edir. İndilik ildə azı bir dəfə yoxlama apara bilirik.

Dövlət Əmək Müfəttişliyi Xidməti 2012-ci ildə əmək müqaviləsiz çalışan təxminən 44 min şəxs aşkarlayıb. Aşkarlanan hallardan 10500-ü (22.5 %) pərakəndə ticarət və avtomobillərin təmiri sexlərində olub. On min nəfərə yaxın (21.1 %) tikinti sahəsində işləyib. İşəgötürənlər cərimə olunub. Bu ilin 2 ayında 2603 nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib.

Əmək müqaviləsini bağlamamağa görə hüquqi şəxslər 25 min, vəzifəli şəxslər isə 3 mindən 5 min manatadək cərimə olunmalıdır.
XS
SM
MD
LG