Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:40

“MKM-lə birdəfəlik sağollaşdım. Orda elə adlar gördüm ki, mənə tanış deyil”


Tehran Əlişanoğlu və Nigar Köçərli
Tehran Əlişanoğlu və Nigar Köçərli

Nigar Köçərli: "Burda ekspertlərə qarşı hörmətsizlik görünür". (Debat)

-

Əziz Rzazadə:

- Yazıçı üçün Yazıçılar Birliyinin vəsiqəsini cibində gəzdirməyə ehtiyac yoxdur. Ona görə də MKM-lə birdəfəlik sağollaşdım. İstədyimi görmədim. Mən orda elə adlar gördüm ki, mənə tanış deyil.

Tehran Əlişanoğlu:

- Tanış olarsız inşallah. Bu müsabiqəyə qədər mən də sizi tanımırdım...



Bu günlərdə Milli Kitab Mükafatının (MKM) onluğu açıqlandı. Onluqdan narazı qalanlar da var. Narazılarla - əsəri onluğa düşməyən yazar Əziz Rzazadə və romanı iyirmiliyə düşməyən yazıçı Tahir Paşazada müsabiqənin təşkilatçısı Nigar Köçərli, eksperti Tehran Əlişanoğlu ilə “Pen klub”da üz-üzə gəldilər.

“APELLYASİYA ŞURASI OLMAYACAQ”

Şahnaz Bəylərqızı:

- Nigar xanım, Milli Kitab Mükafatının iyirmiliyi açıqlananda müsabiqənin eksperti, yazıçı Yaşar dedi ki, bizi ən böyük faciə qısa siyahı açıqlananda gözləyir. Faciə baş verdimi?

Nigar Köçərli:

- Normal faciədir. Hər il olduğu kimi.

Şahnaz B:

- İyirmilik açıqlandıqdan sonra Apellyasiya Şurası işə başladı. Bu dəfə də belə Şura olacaqmı? Bu təcrübə özünü doğrultdumu?

Nigar K:

- Yox olmayacaq. Keçən dəfə bir neçə gənc müəllif əsərlərinin oxunmadığını dedi. Ona görə də söylədik ki, əsərlərə yenidən baxılacaq, ola bilsin, kimisə siyahıya əlavə edək. Ancaq ekspertlər Apellyasiya Şurasından sonra məsləhətləşdilər və siyahının ədalətli olması qərarına gəldilər. Təşkilatçı kimi mən də onlarla razılaşdım. Bu dəfəsə belə Apellyasiya Şurası olmayacaq.

Şahnaz B:

- Onluğa düşməyənlərdən sizə müraciət edən varmı?

Nigar K:

- Bu dəfə yoxdur. Adətən iyirmiliyə düşməyənlər irad bildirirlər.

Şahnaz B:

- İyirmiliyə düşməyənlərdən, apellyasiya şikayəti verənlərdən biri də yazıçı Tahir Paşazadə idi.

“YAŞAR ƏLİYEV QƏZƏBLƏ ÜSTÜMƏ GƏLDİ Kİ, TAHİR PAŞA, NƏ İSTƏYİRSƏN?”

Tahir Paşazadə:

- Əsərim iyirmiliyə düşmədiyinə görə, mən şikayət etməmişəm. Sadəcə, MKM-in qərargahına müraciət etdim ki, sizə verdiyim altı kitabı götürmək istəyirəm, bir də maraqlıdır, əsərlərimə nə qiymət veriblər. Yerini dedilər, getdim. Yaşar Əliyev qəzəblə üstümə gəldi ki, Tahir Paşa, nə istəyirsən, sənin kitabın 240 kitab içində 35-liyə düşüb filan. Sonra başqa ekspert Mahir Qarayev dedi ki, sənin əsərində Xocalı, Qarabağ məsələsi, günümüzün aktuallığı çox gözəl əks olunub. Ancaq cümlələrin uzun olduğunu söylədi. Cavab verdim ki, bu, mənim yaradıcılıq stilimdir. Sonra irad tutuldu ki, texniki qüsurlar var. Dedim ki, mən Qarabağ qazisi kimi 33 manat pensiya alıram, imkanım olmadı bir nəfərə 100 manat verim, redaktə etsin. Cavab verdilər ki, onun bizə dəxli yoxdu. Yenidən Yaşar əsəbi qalxdı yerindən: “Nə istəyirsən? Tolstoyla Dostoyevski müsabiqədə olsaydı, ikisindən biri seçilərdi”. Deyirəm ki, mən siyahıya baxıram, mənim kitabım bu gün Azərbaycan xalqı, dövləti üçün daha aktualdır, nəinki iyirmilikdəki əsərlər. Məsələn, Əfqanıstan məsələsi, “Afrikada Cümeyra”, nə bilim nə... Bir də orda təqdim olunan kitabların 6-da erotik və pornoqrafik epizodlar var. Mən qardaş kimi deyirəm bunları, şikayətçi deyiləm. Yaşar bağırdı ki, sən kimsən, sən bizə nəsə öyrədirsən, bir də səhərdən bizə “sən” deyirsən. Mənə bir gün əvvəldən demişdilər ki, Tahir, ora getmə, məlumat var, sənə orda təhqir kampaniyası quracaqlar. Bu zaman Nigar xanım gəldi, mənimlə diktator kimi danışdı... Apellyasiya Şurasında ən axırda məni qəbul etdilər, hamıya 10-15 dəqiqə vaxt ayırdılar, mənə dedilər: “5 dəqiqə vaxtın var”. Elnarə xanım dedi ki, bu bizi təhqir edib. Buna görə də bu ekspertlər mənə basqı göstərdilər. O kitablar ora Yazıçılar Birliyinin müsabiqəsindən çıxarılıb gətirilib, düşünülmüş şəkildə. Onlar mükafatlara qədər qaldırılacaqlar. Öz işləridir. Məni narahat edən odur ki, “Xoca” filminə, Tahir Paşanın “Beş gürzə”sinə qarşı xüsusi basqılar var, xüsusi şəbəkə qurulur.

NİGAR KÖÇƏRLİ: “HEÇ KİMİN EKSPERTLƏRİ TƏHQİR ETMƏYƏ HAQQI YOXDUR”

Şahnaz B:

Əziz Rzazadə. Şəbəkə
Əziz Rzazadə. Şəbəkə
- Nigar xanım, Tahir Paşazadənin dediyi kimi ekspertlər ona qarşı kobud davranıblarmı? Onu təhqir ediblərmi?

Nigar Köçərli:

- Ekspertlər dedilər ki, yazıçı bizi təhqir edib, həmin bax bu yazıçı. Mən yazıçılara böyük hörmətlə yanaşıram. Amma hesab edirəm ki, heç kimin ekspertləri təhqir etmək haqqı yoxdur.

Tahir P:

- Mən heç kimlə yox, bir Yaşarla danışmışam. O da deyib “sən” demə.

TEHRAN ƏLİŞANOĞLU: “TAHİR PAŞA BİZƏ BÖHTAN ATIR”

Tehran Əlişanoğlu:

- Mən indi necə, orda da susmuşam. Mən gələndə gördüm ki, oturub söhbət edirlər, Tahir Paşanın indi danışdığı söhbət də tədricən müsəlmansayağı emosional şəklə keçir. Tahir Paşa onda necə, indi də bizi ictimaiyyət, auditoriya qarşısında təhqir edir, hətta deyərdim böhtan atır bizə. Belə böyük bir müsabiqə keçirilir kitabın, ədəbiyyatın xeyrinə. Əvvəlcədən onun nəticələrini şübhəyə salır. Bilmirəm, kimdən aldığı informasiyalarla deyir ki, əvvəlcədən nəsə hazırlanıb filan. Mən ekspert kimi iş görürəm, amma mənə deyilir ki, sən sifarişlə işləyirsən, hansısa tapşırıqları yerinə yetirirsən, Yazıçılar Birliyindən guya hansısa əsərlər bura daxil olub, nəticələr də əvvəlcədən bəllidir. Bu, təhqir deyil nədir? Bu, təhqirdən də betərdir. Bu böhtandır. Bir ekspert kimi mənim zəhmətimi sən yerə vurursan. Biz ekspert kimi vicdanla iş görmüşük. Ona görə də Tahir Paşa apellyasiya mərhələsinə gəlib çatmadı. MKM olmasaydı mən indiyə qədər Tahir Paşa adlı müəllif də tanımırdım, romanından da xəbərim də yox idi.

Şahnaz B:

- Yeri gəlmişkən, Tahir Paşazadə romanı ilə bağlı da bir sıra fikirlər səsləndirdi...

Tehran Ə:

- Bəli, apellyasiya prosesi gəlib çatsaydı, mən onun əsəri haqda müsbət fikirlər söyləyəcəkdim. Maraqlı kitabdır, kəskin ideyalar qoymağa çalışır. Bir qədər kütləvi ədəbiyyat tipindədir. Mahir Qarayev də ona demədi ki, cümlələrin uzundur. Ona dedi ki, sən o ideyaları izah edərkən bir qədər uzunçuluğa yol vermisən. Yüksək ədəbiyyat kriteriyaları ilə götürəndə əsərin 35-liyə düşsə də, ekspertlər bu əsəri iyirmiliyə layiq bilmədilər. İyirmiliyə düşən əsərlər ədəbiyyat baxımından, qarşısına qoyduğu bədii-estetik ideyaların yerinə yetirilməsi baxımından bu əsərdən güclüdür.

ƏZİZ RZAZADƏ: “PUBLİSİSTİK ƏSƏRİN ONLUĞA DÜŞMƏSİ ÇOX TƏƏCCÜBLÜDÜR”

Əziz Rzazədə:

- Yadınızdadırsa, apellyasiya şikayəti verən Fərid Hüseyn və Cavid Zeynallı demişdilər ki, Vahid Qazinin “Çamayra. Kuba dəftəri” publisistik əsərdir. Bu fikirlə mən də razıyam və o kitaba ön söz yazan Rüstəm İbrahimbəyov da onun publisistik əsər olduğunu deyir. Əlbəttə mən Vahid Qazinin istedadına şübhə etmirəm. Onu gözəl qələm sahibi kimi tanıyıram. Ancaq publisistik əsərin onluğa düşməsi çox təəccüblüdür. Yaxud Azadlıq Radiosunun “Oxu zalı” səhifəsində dəfələrlə Elnarə Tofiqqızının yazılarını görmüşük. Bu yazılarda bir sıra əsərlər tənqid olunub və onlardan ikisi indi müsabiqənin onluğuna düşüb. Mənim əlbəttə nə yazarlara, nə də Elnarə xanıma qərəzim yoxdur. Ancaq ekspertlərin əsərlərə verdikləri ballar açıqlansaydı, yəni onlara qarşı belə şübhələr olmazdı.

Tehran Ə:

- Bu il bal söhbəti olmayıb. İyirmilik seçiləndə də, onluq seçiləndə də hər ekspert öz iyirmiliyini və onluğunu düzəltmişdi. Və fikirlər o qədər üst-üstə düşdü ki, bala ehtiyac qalmadı. Onluğa düşən yeddi əsər demək olar ki, hər ekspertin siyahısında var idi. Sadəcə, səkkizinci əsər hansı olmalıdır, bu müzakirə edilib. O ki qaldı, Vahid Qazinin
Əziz Rzazadə
Əziz Rzazadə
əsərinə, MKM keçiriləndən janrla bağlı həmişə mübahisə düşüb. Bu əsərin publisistik əsər olduğunu deyənlər iki şeyi qarışdırırlar. Bilmirəm publisistik janrdan danışırlar, yoxsa publisistik üslubdan? Nigar xanım janr kimi müsabiqədə məhdudiyyət qoymayıb. Publisistik üslub kimi deyirlərsə, yanılırlar, çox güclü ədəbiyyat nümunəsi sayıram. Əvvəldən axıradək ekspertlərin rəyini qazanaraq onluğa düşmüş əsərdir.

Əziz R:

- Tehran bəyin izahatı məni qane etmədi. Bədii publisistika başqa şeydi, bədii ədəbiyyat tamam başqadır. Janrlar baxımından bunlar eyni şey deyil. Onda gərək nağılları da bura qataq.

Tehran Ə:

- Qəzet publisistikası ayrı şeydir, ədəbiyyatda publisistika ayrı. Ədəbiyyatda publisistika ona görə var ki, başqa janrların deyə bilmədiyini o deyir. “Çamayra. Kuba dəftəri” də bu tip əsərlərdəndir. Biz onu publisistika kimi yox, bədii ədəbiyyat kimi onluğa salmışıq. Ekspertlərə görə, bu əsər “Şəbəkə” əsərini çox-çox üstələyir.

Şahnaz B:

- Əziz Rzazadə yazıb: “Müsabiqədəki publisistik kitabı mənim əsərimdən üstün tutmuş ekspertlərin ədalət meyarı bazarlardakı üstünə saxta halal sözü yazılmış çekə oxşayır”.

Əziz R:

- Mən bu fikrimdə yenə qalıram. Mən yenə deyirəm ki, ekspert balları açıqlanmalı idi. Məsələn, Elnarə Tofiqqızının həmin əsərə orda hansı bal verməsini bilmirəm. Mən olmayım, sıravi oxucu olsun, hansı təsəvvür yaranır?

Nigar K:

- Məncə, filan ekspert filan əsərə belə bir rəy yazdı, ona görə onluqdadır və ya filankəs filan yazıçının kitabına ön söz yazdı, ona görə onluqdadır kimi söhbətləri bitirsək yaxşıdır. Burda ekspertlərə qarşı hörmətsizlik görünür. Necə oldu ki, siz iyirmiliyə düşəndə bunlar yaxşı idi, indi pis oldular? Əziz Bəy, sizə hörmətlə yanaşıram, hər bir yazıçı iddialı olmalıdır, etiraz etməlidir. Sadəcə, ittihamlar olmamalıdır.

Əziz R:

- Nigar xanım, sizin siyahıda olmayan iki nəfərin adını çəkmək istəyirəm: Aslan Quliyev və Əlabbas Bağırov. Keçən dəfə onluqdaydılar. Bu dəfə onluğa düşməyiblər. Ötən dəfə onluğa düşənlər bu dəfə necə olur düşmürlər?

Tehran Ə:

- Deməli, bu dəfə ekspertləri qane etməyiblər. Ekspertlərin adı əvvəldən bəlli olur. Bura kitab verənlər ekspertlərə deməli, inanıb veriblər.

Əziz R:

- Tehran bəy, ekspertlərin öncədən elan edilməsi səhvdir. Andlılar Məhkəməsində andlıların qabaqcadan cinayətkara elan olunması kimi bir şeydir. Siz münsif olmasaz da, əsas işi görürsüz. Nigar xanıma sualım var. Ekspert Yaşar Əliyev demişdi ki, əsl faciə onluq açılanda olacaq. Sizcə, faciə var?

Nigar K:

- Məncə yoxdur.

Əziz R:

- Ekspert bunu əvvəldən niyə demişdi? Bəlkə bunu duymuşdu?

Tehran Ə:

- Ona görə faciə yoxdur ki, MKM təcrübə qazanır, tədricən insidentlər də azalır.

Əziz R:

- Yazıçı üçün Yazıçılar Birliyinin vəsiqəsini cibində gəzdirməyə ehtiyac yoxdur. Ona görə də MKM-lə birdəfəlik sağollaşdım. İstədyimi görmədim. Mən orda elə adlar gördüm ki, mənə tanış deyil.

Tehran Ə:

- Tanış olarsız inşallah. Bu müsabiqəyə qədər mən də sizi tanımırdım.

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG